Banner

Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF

Gündəm 15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
WhatsApp kanalımıza abunə olun

Bakıda tıxacların azaldılması istiqamətində müzakirə olunan məsələlərdən biri də dövlət qurumlarında dəyişkən iş qrafikinin tətbiqidir. İş saatlarının fərqli vaxtlarda müəyyənləşdirilməsi səhər və axşam saatlarında yollarda yaranan sıxlığın azalmasına kömək edə bilər.

Avtosfer.az xəbər verir ki, dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına təsiri, bu təcrübənin effektivliyinin hansı göstəricilər əsasında qiymətləndirilməsi və özəl sektorda da tətbiqi imkanları müzakirə olunur. Bəs dəyişkən iş qrafiki Bakıda tıxac probleminin həllinə nə dərəcədə töhfə verə bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda səhər və axşam saatlarında yaranan tıxacların əsas səbəblərindən biri insanların eyni vaxtda işə gedib-gəlməsidir:


''Dövlət qurumlarında dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat axınının gün ərzində daha bərabər bölüşdürülməsinə və pik saatlarda yollara düşən yükün azalmasına kömək edə bilər. Müxtəlif qurumlarda işə başlama və işdən çıxma saatlarının fərqləndirilməsi bu baxımdan məqsədəuyğun addım ola bilər. Bu təcrübənin effektivliyini qiymətləndirmək üçün dəyişiklikdən əvvəlki və sonrakı dövrlərdə yollarda orta hərəkət sürəti, tıxaclarda itirilən vaxt, ictimai nəqliyyatda sərnişin sıxlığı və insanların işə gedərkən yolda keçirdiyi müddət müqayisə edilməlidir. 
Dəyişkən iş qrafikinin əvvəlcə pilot layihə şəklində tətbiqi, nəticələrin təhlilindən sonra isə daha geniş şəkildə həyata keçirilməsi düzgün yanaşma olardı. Özəl sektorda da dəyişkən iş qrafikinin tətbiqini məqsədəuyğun hesab edirəm. Çünki banklar, ofislər, şirkətlər və digər müəssisələrdə çalışan insanların da eyni saatlarda hərəkətə qoşulması nəqliyyat sıxlığını artırır. İşəgötürənlər fəaliyyət sahələrinin xüsusiyyətlərini nəzərə alaraq çevik iş saatları, hibrid iş rejimi və mümkün olduqda məsafədən işləmək imkanları yarada bilərlər. Bu zaman işçilərin hüquqları və əmək qanunvericiliyinin tələbləri qorunmalıdır. Bununla belə, dəyişkən iş qrafiki tıxac probleminin yeganə həlli deyil. Bu tədbir ictimai nəqliyyatın inkişafı, avtobus zolaqlarının səmərəli təşkili, metro və şəhərətrafı dəmir yolu imkanlarının genişləndirilməsi, eləcə də parklanma sisteminin təkmilləşdirilməsi ilə paralel həyata keçirilməlidir. Əsas məqsəd insanların yollarda itirdiyi vaxtı azaltmaq və paytaxtda nəqliyyat hərəkətini daha səmərəli təşkil etmək olmalıdır''.

Fatimə

Oxunub : 230
ŞƏRH YAZ
Ad

E-mail

Şərh