Qəza törədən 26 yaşlı oğlanın cəzası artırıldı
Sumqayıt Apelyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Mehman Məmmədovun cinayət işinə baxılıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Mehman Məmmədov özünə məxsus “Opel Astra” markalı avtomobillə 22 fevral 2014-cü il tarixdə gecə saat 23.45 radələrində Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən Ramiz Həmidovu vurub. Piyada aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Mehman Məmmədov Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Mehman Məmmədov 1 il 3 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib.
Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən apelyasiya prosesində prokuror Zəfər Ramazanov bildirib ki, Mehman Məmmədov barəsində təyin edilmiş hökm dəyişdirilməlidir: “Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd göstərməsini, dəymiş zərərin azadılmasına yönəldilmiş hərəkətlər etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə görə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükəsi olmayan və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi təsbit olunub. Qanunun mənasına görə, hadisələrin təsadüfü axarı - törədilmiş əməlin təhlükəlik dərəcəsində yanılmada, cinayətkar əməllər törədən və konkret şəxsi həmin əməllərə cəlb edən şəxslərin kompaniyasında təsadüfən bir dəfə olmada və təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsində ifadə oluna bilər. Mehman Məmmədovun əməllərində bu halların heç biri mövcud olmayıb. Buna görə də məhkəmə onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb".
Prokuror qeyd edib ki, zərərçəkmiş hadisə zamanı xəsarət alması ilə bağlı dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsdən 40 min manat tutulması üçün mülki iddia qaldırıb: “Bu halda məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirilən hal kimi nəzərə almaqda haqlı olmayıb”.
Prokurorun çıxışından sonra hakimlər müşavirə keçirərək qərar qəbul ediblər. Qərara görə, Mehman Məmmədovun cəzası 2 ilə qədər artırılıb.