Reklam

Tıxaclar əslində qəzaların qarşısını alır - EKSPERT

Gündəm 22 Aprel 2015 18:30 Oxunub 1556
Tıxaclar əslində qəzaların qarşısını alır - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Daim tıxac olan küçələrdə ağır yol nəqliyyat qəzaları nadir hallarda baş verir”

“Daim tıxac olan küçələrdə ağır yol nəqliyyat qəzaları nadir hallarda baş verir”. Avtosfer.az xəbər verir ki, bu fikirləri apatv-də efirə gedən “Sosium” proqramının qonağı, yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

 Qonağın fikrincə, Azərbaycanda yalnız cinayət xarakterli yol qəzalarının statistikası aparılır: “Dünya təcrübəsində istənilən yol-nəqliyyat hadisəsi hesaba alınır. Bizim qanunvericiliyə əsasən inzibati xarakterli yol nəqliyyat hadisələrinin ümumi qeydiyyatı aparılmır. Əslində, Bakı şəhərində gün ərzində 100 yol nəqliyyat hadisəsi baş verir, amma bunlardan yalnız cinayət xarakterli olanlar, yəni sağlamlığa ağır zədə vuran və ölümlə nəticələnəndə statistikaya düşür. Bu baxımdan yanaşdıqda, yol qəzaları ilə ölüm faizi arasındakı nisbət dünyada qəbul olunan səviyyədədir. Avropa ölkələrində yol qəzalarında ölüm faizi hər yüz min nəfərə il ərzində 3-4 nəfərdir, Azərbaycanda isə bu rəqəm 10-12 nəfərdir. Lakin inkişaf etməkdə olan ölkələrdə bu göstərici bəzən 40-a çatır”.

 

Qonaq Azərbaycanda avtomobil çoxluğunun qəzalara səbəb olması fikri ilə razılaşmadığını bildirib: “Azərbaycanda avtomobillərin çox olduğunu demək düz deyil, bizdə avtomobilləşmə 13-14 faizdir, yəni 8 vətəndaşa bir avtomobil düşür. Avropada bu rəqəm 60 faiz, Rusiyada 30 faizdir. Qəzalarda əsas olan insan amilidir, yəni insanların təfəkkürüdür. Burada söhbət təkcə sükan arxasında oturan insanlardan getmir, yol hərəkətini təşkil edənlər, tənzimləyənlər, nəzarət edənlər və əsas olaraq yol hərəkatı iştirakçıları, sürücü, piyada, sərnişin aiddir. Dünyada ən böyük problem təfəkkür problemidir. Bu gün bizim keçdiyimiz prosesi Avropa ölkələri 70-ci illərdə keçiblər, lakin onlar problemə konseptual yanaşdılar, təbliğat və maarifləndirmə işləri gördülər. Təəssüf ki,  bizim cəmiyyət hələ də yol nəqliyyat qaydaları nə üçün olduğunu bilmir. Əslində, bu qaydalar ictimai təhlükəsizlik qaydalarıdır, onları gözləməmək insanın həyatı bahasına başa gələ bilər, sağlamlığını itirər, başqasına zərər yetirə bilər”.

 

Ərşad Hüseynov təbliğata məktəblərdən yox, böyüklərdən başlamaq lazım olduğunu deyib: “Orta məktəbdə müəllim yol hərəkəti qaydaları haqqında məlumat verir, lakin özü bunu pozursa, uşaq ondan eşitdiyini yox, gördüyünü təkrarlayacaq. İlk növbədə, böyüklər nümunə olmalıdırlar, təbliğat yuxarıdan başlamalıdır. Son illərin rəsmi statistikasına inansaq, Azərbaycanda yol nəqliyyat hadisələri ilə bağlı kövrək də olsa, yaxşılaşma var. 2013-cü illə müqayisədə 2014-cü ildə yol nəqliyyat hadisələrində ölənlərin sayı 40 nəfər azalıb. Əgər nəqliyyat vasitələrin 60 minə yaxın, əhalinin isə 100 minə yaxın artdığını nəzərə alanda,  bunu müsbət hal hesab etmək olar, lakin qaneedici deyil”.

 

Hüquqşünas qanunvericiliklə yol qəzalarını tənzimləməyin çatışmazlıqlarından danışıb: “Kağız üzərində yol qəzalarının qanunvericiliklə tənzimlənməsində heç bir problem yoxdur, lakin praktikada çatışmazlıqlar yaranır. Ən böyük boşluq məsuliyyətin labüdlüyünün olmamasıdır. Azərbaycanda statusundan asılı olmayaraq, əksər insanlar yol nəqliyyat qaydalarına hörmət etmir. Bakı və Sumqayıtdan başqa Azərbaycanın heç bir yerində piyadalar cərimələnmirlər, Bakıda isə cəmi 50 nöqtədə bu tətbiq olunur. Hamı birdəfəlik bilməlidir ki, yol hərəkət qaydalarına riayət etmək lazımdır, bunlar həyat qaydalarıdır, pozulduğu təqdirdə nəzarət, sanksiya, cərimə və cəza var”.

 

Bakının ən böyük problemlərindən biri olan maşın dayanacaqları barədə də qonaq öz fikrini bildirib: “Bakıda min küçə varsa, bu küçələrin ən yaxşı halda yüzündə normal hərəkət təmin olunur, qalanlarında ya asfalt örtüyü normal deyil, ya texniki tənzimləmə qaydaları normalara uyğun deyil, ona görə də şəhərin arteriyasını təşkil edən 10 faiz küçələr yüklənir. Bakı kimi şəhərin ərazisinin 33 faizi yol şəbəkəsi olmalıdır, bizdə bu göstərici heç 10 faiz də deyil. Son bir ilə yaxındır ki, Bakıda pullu dayanacaqlar yaradıldı. Lakin  bu özünü doğrulmur. Əvvəllər qolunda qırmızı olan insanların əvəzinə parkomatlar qoyuldu, lakin heç bir infrastruktur dəyişikliyi olmadı”.

 

Ərşad Hüseynov gündən-günə artan yol qəzalarının qarşısını almaq üçün təkliflər irəli sürüb: “Yol hərəkət qaydaları ilə bağlı fasiləsiz, rəvan hərəkətin təmin edilməsi ilə bağlı 4 istiqamətdə işlər görülməlidir. Birincisi, insan amili, ictimai təfəkkür məsələsidir.  İkinci, yol infrastrukturu ilə bağlı işlər görülməlidir. Küçələrdə minlərlə yol nişanı çatışmır, qoyulan nişanların arasında artıq olan və təkrarlananı var”.

Qonaq son vaxtlar tez-tez təkrarlanan zəncirvarı qəzaların səbəblərindən də danışıb: “Qəzalar daha çox axşam saatlarında baş verir. Bunun səbəblərindən biri axşam vaxtı insanların daha yorğun və əsəbi olmasıdırsa, ikinci səbəb, xüsusilə qış dövründə Bakı şəhərində küçələrin normal işıqlandırılmamasıdır. Piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 60 faizi qaranlıq vaxtların payına düşür. Tıxacları sevməsək də, onların yaxşı bir üstünlüyü də var ki, tıxacda sürət olmadığından ağır qəzalar da olmur. Surət olmayan yerdə zəncirvarı qəza ola bilməz. Zəncirvarı qəza intensiv hərəkət olduğu yerdə baş verir.  Bu zaman yolun hərəkət zolaqları dolu olur və ara məsafə gözlənilmir, maşınlar sürətlə hərəkət edir. Sürücülərin intizamsızlığı və yol infrastrukturu ilə bağlı müəyyən problemlər zəncirvarı qəzalara səbəb olur”.

Ərşad Hüseynov Bakının müəyyən küçə və prospektlərində daim qəzaların baş verməsini belə izah edib: “İntensiv və sürətli hərəkət mümkün olan yerdə həmişə qəzalar var, məsələn İstiqlaliyyət küçəsi daim dolu olmasına baxmayaraq, orada qəza olmur. Ümumiyyətlə, yol qəzalarının qarşısını almağa psixoloqları, hüquqşünasları, texniki sahənin mütəxəssisləri cəlb etmək lazımdır. İnsanların aqressiv davranışı da qəzaya səbəb olur. Unutmaq olmaz ki, yollarda, ictimai yerlərdə “mən” yoxdur, biz, cəmiyyət var, heç kəs cəmiyyətin fövqündə dayana bilməz, xüsusilə də  müasir dövrdə”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh