Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO

Gündəm 19 Avqust 2026 20:29
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə olun

"Hazırda Bakı metrosunun Xırdalan və ya Sumqayıt istiqamətində uzadılması real görünmür. Çünki dövlət proqramı artıq təsdiqlənib və onun icrasına başlanılıb. Metro xətlərinin ayrılması layihəsi çərçivəsində ilkin mərhələdə "Dərnəgül" deposu istifadəyə verilib".

Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda xətlərin ayrılması istiqamətində növbəti mərhələyə də start verilib:

"28 May" və "Cəfər Cabbarlı" stansiyalarının qırmızı və yaşıl xətlər üzrə ayrılması nəzərdə tutulur. Bunun üçün "28 May" - "Nizami" istiqamətində təxminən 200 metrlik yeni tunelin inşası planlaşdırılır.

Bundan əlavə, "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası tikilir. Bu layihə mövcud üç xəttin daha müstəqil fəaliyyət göstərməsinə imkan yaradacaq.

Dövlət proqramının növbəti mərhələsində isə böyük potensiala malik Bənövşəyi xəttin şəhər mərkəzinə gətirilməsi və Yaşıl xəttin "Xətai" stansiyasından "Həzi Aslanov" istiqamətində uzadılması nəzərdə tutulur.

Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA

Bu qərarın məntiqi izahı var. Hazırda Bakıya əsas sərnişin axını iki istiqamətdən daxil olur. Bunlardan biri Xırdalan və Sumqayıt istiqamətindən şəhər mərkəzinə, digəri isə şərq istiqamətindən, yəni Əhmədli və 8-ci kilometr massivindən mərkəzə doğru hərəkət edən sərnişin axınıdır.

Bu layihələr həyata keçirildikdən sonra növbəti mərhələdə Bakıda dairəvi metro xəttinin yaradılması vacib məsələlərdən birinə çevrilə bilər. Dərnəgül, Koroğlu, Bakıxanov, Qaraçuxur, Yeni Günəşli və Həzi Aslanov ərazilərinin əlaqələndirilməsi şəhərin müxtəlif istiqamətlərindən gələn sərnişinlər üçün yeni imkanlar yaradacaq.

Belə bir xətt şəhərin şimalından, cənubundan və şərqindən daxil olan sərnişinlərin metroya daha rahat çıxışını təmin edə bilər. Eyni zamanda, Yaşıl, Qırmızı və Bənövşəyi xətlərin kəsişmə stansiyaları vasitəsilə daha optimal və sürətli nəqliyyat əlaqəsi yaratmaq mümkün olacaq".

Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA

Ekspert əlavə edib ki, Xırdalan və Sumqayıt istiqamətində isə mövcud dəmir yolu infrastrukturundan daha səmərəli istifadə etmək mümkündür:

"Dairəvi dəmir yolu əlaqəsinin yaradılması baxımından Koroğlu–Dərnəgül arasında təxminən 2 kilometrlik hissənin əhəmiyyəti böyükdür. Bildiyim qədər, həmin hissənin təxminən 50 faizi artıq tikilib. Bu layihənin sürətlə tamamlanaraq istifadəyə verilməsi Xırdalan və Sumqayıt istiqamətindən şəhərə gələn sərnişinlərin daha sürətli daşınmasına və mövcud nəqliyyat şəbəkəsinə inteqrasiyasına imkan verə bilər.

Bu variant metro xəttinin çəkilişi ilə müqayisədə daha az xərc tələb edir və daha qısa müddətdə reallaşdırıla bilər. Ona görə də hazırkı mərhələdə dəmir yolunun imkanlarının genişləndirilməsi daha real görünür.

Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA

Bu gün əsas məqsəd dəmir yolunun intensivliyini artırmaq və daha sürətli sərnişindaşımanı təmin etmək olmalıdır. Səhər saat 06:00-dan gecə saat 00:00-dək qatarların daha qısa intervallarla hərəkətinin təmin edilməsi istiqamətində işlər görülməlidir.

Metro xəttinin Xırdalan və ya Sumqayıta qədər uzadılması isə hazırkı vəziyyətdə böyük investisiya tələb edən və real görünməyən layihədir. Çünki ilk növbədə şəhərin daxilində metro şəbəkəsi daha da şaxələndirilməli, sərnişin axınları müxtəlif istiqamətlər üzrə bölüşdürülməlidir.

Şəhər daxilində böyük sərnişin axınını qəbul edə biləcək və onu müxtəlif istiqamətlərə yönləndirə biləcək nəqliyyat sistemi formalaşdıqdan sonra metro xətlərinin şəhərdən kənara, o cümlədən Xırdalan və Sumqayıt istiqamətində uzadılması məsələsinə baxmaq daha məqsədəuyğun olar.

Hazırkı mərhələdə isə əsas prioritet şəhər daxilində mobilliyin artırılması, mövcud metro və dəmir yolu şəbəkəsinin inteqrasiyası və sərnişin axınlarının daha düzgün bölüşdürülməsidir".

Oxunub : 426
ŞƏRH YAZ
Ad

E-mail

Şərh