Yeni qatarlar metroda - FOTOSESSİYA
Bakı Metropoliteninə gətirilən yeni qatarlar yaxın günlərdə istifadəyə veriləcək. Bu barədə Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, artıq yerli maşınistlər həmin qatarları idarə edə bilirlər. “Həmin qatarları idarə etmək üçün xüsusi ixtisaslı xarici mütəxəssislər gələrək təlim keçiblər. Həmin qatarları xüsusi təlim keçən yerli maşınıstlər idarə edəcəklər. Yaxın gələcəkdə vaqon parkımızı yeniləmək üçün əlavə yeni qatarlar da gətiriləcək”, - deyə Nəsimi Paşayev bildirib.
Metro rəsmisinin sözlərinə görə, yeni gətirilən qatarlar istismara tam yararlıdır. Onların bir neçə il bundan əvvəl gətirilmiş qatarlar kimi xarab olma ehtimalı çox azdır: “Bir neçə il bundan əvvəl Bakı metrosuna gətirilmiş qatarların yararsız olduğu məlum oldu. Həmin qatarlar test məqsədi üçün gətirilmişdi. Onu sınaq etməmişdən əvvəl birbaşa istifadəyə vermişdilər. Amma istifadə zamanı həmin qatarlar özünü doğrultmadı. Tez-tez nasazlıq yarandı. Buna görə də, həmin qatarları geri qaytardılar. Lakin yeni gətirdiyimiz bu qatarlarda heç bir problem olmayacaq. Bakı metropoliteni ilə “Alstom” şirkət arasında xüsusi müqavilə imzalanıb. Onlara zəmanət verilib. Yoxlamalar zamanı da problem ayranmayıb. İnşallah ki, istifadə zamanı da heç bir problem olmayacaq”.
Nəsimi Paşayev onu da əlavə edib ki, Bakı metrosunun qatar parkında yalnız istismara yararlı və sərnişinlərin təhlükəsiz daşınmasını tam təmin edən vaqonlar işlədilir.
Qeyd edək ki, hazırda istismarda olan qatarlar istismar müddətini başa vuracaqsa, onlar mütləq yenilərilə əvəz olunacaq. Qatarların istismar müddəti 32 ildir. Elə vaqonlar var ki, onlar 28 ildir istismar olunur. Elə qatarlar var ki, bir neçə ildir istismar olunur, - deyə Nəsimi paşayev bildirib.
Xatırladaq ki, Bakı Metropolitendə qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkət ilə memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.