“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR

Maraqlı 22 İyul 2026 16:46
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Bu gün Azərbaycan mətbuatının təməl daşı hesab edilən “Əkinçi” qəzetinin nəşrə başlamasının ildönümüdür.

Avtosfer.az xəbər verir ki, 1875-ci ildə nəşrə başlayan qəzetin adı “Əkinçi” olsa da, mövzuları kənd təsərrüfatından daha kənara çıxırdı. Qəzeti məzmun və əhatəliliyinə görə o dövrün Avropa qəzetləri ilə çəkinmədən müqayisə  etmək olar. Qəzetin təkcə çapına icazə almaq üçün 7 il vaxt sərf edilibsə, o zaman Zərdabi başda olmaqla kollektivin nə qədər əziyyət çəkdiyini düşünmək çətin olmaz. 

Qəzetdə yer ayrılan mövzulardan bir də şübhəsiz ki, nəqliyyatdır. O cümlədən həmin dövrlərdə inkişaf dövrünü yaşayan dəmir yolu.  Qəzetin 21 avqust 1875-ci il nömrəsində “PYATİQORSKİDƏN MƏKTUB” xəbərində deyilir (mətndə qəzetin üslubu saxlanılıb):

“Rostov və Vladiqafqaz dəmir yolu avqustun əvvəlindən Vladiqafqaz şəhərindən Rusiya və Rostov tərəfinə bimaneə müsafir və yük götürür. Bu il dəmir yolu açılmaq səbəbinə kirayə ucuz və müsafir tez və rahat yol gedir.... Heç bir il bu qədər müsafir və naxoş müalicə üçün Pyatoqorskiyə gəlməmişdir. Bu kəsrət və xalqın bu mərtəbədə cəm olmağına bais dəmir yol açılmağıdır.  Dəmir yolu hər vilayətdən ki keçib, o yerli əhalinin xoşbəxt və sahibi-dövlət olmağına bais olubdur. Ümid etmək olar ki, Badükubənin dəmiryolu qayırılandan sonra Badükubə əhlinin baisi-vüsəti-ticarət olub Pyatoqorsk sakinlərindən daha artıq mənfəət versin”.

Eyni nömrədə başqa bir xəbərdə isə La Manş boğazının altı ilə dəmir yolu xəttinə dair müzakirələrdən bəhs olunur.

“İngilis dövlətinin yeri cəzirədir ki, bu cəzirə Avropa qitəsinin şimal tərəfində vaqedir. Bu cəzirə ilə Firəngistanın arasında bir Lamanş adlı dərya var ki, onun ərzi 73 verstdir. Firəngistan və ingilisin dövlətli kəsləri iki icma bina ediblər ki, dəryanın altından quyunun içi ilə bir dəmiryolu saldırıb məzkur məmləkətləri qovuşdursunlar. Ol dəmiryolunun tulu 75  verstdən artıq olacaqdır. Onun xərci 8 500 000 manatdan artıq olacaq. Məzkur icmalar  o yolu bu şərt ilə təmir etdirəcəklər, o yol qurtarandan 30 il onların ixtiyarlarında qalsın, yəni 30 illik nəfi onların olsun və sonra o yol ingilis və firəng dövlətlərinə  yetişsin”.

5 sentyabr 1875-ci ildə isə qəzet dəmir yolu ilə bağlı daha bir zəbər yaydı:

“Tiflisdən Badukubəyə dəmiryolu təmir olunmağı xalqa məlumdur. İndi Peterburq qəzetləri bəyan edirlər ki, onun tuli 520 verst olacaqdır... Onun stansiyalarının yeri Tiflisdə və Badukubədə məlum deyil, amma məlumdur ki, Badukubədən dərya kənarı ilə gedəcək Hacıqabula. Hacıqabuldan o yana hansı tərəfnən getməyi genə yəqinən məlum deyil. Ya Kür çayının kənarı, ya da dağın ətəyi ilə gedəcəkdir...

Dəmiryolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə gedilən yolu 1 günə gedir. Ondan masəva, bizim yerlərimizdən və mallarımızdan hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badukubə şəhərlərinə və qeyri yerlərə aparıb artıq qiymətə satmaq olur. Ona binaən bizim az mədaxil götürən yerlərimiz birə-beş artıq mədaxil götürəcək. Əlbəttə, bu xeyirləri hər kəs vaxtında görüb biləcəkdir”. 

Zərdabinin arzuladığı Bakı-Tiflis dəmir yolu 6 il sonra 1881-ci ildə istismara həyata vəsiqə aldı. Xətt bu gün təkcə 2 Qafqaz şəhərini birləşdirməyib, Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin vacib həlqəsinə çevrilib. Britaniya və Fransanı birləşdirən dəmir yolu xəttinə gəlincə: iki ölkə arasında nəqliyyatın asanlaşdırılması məsələsi XV Lüdoviqin vaxtından ciddi müzakirə edilsə də, o dövrün texnoloji şərtləri layihənin reallaşdırılmasına imkan vermirdi. Bu məsələ ilə bağlı danışıqlar və tədqiqatlar ötən əsrin 50-ci illərindən sürətləndi. Tunelin altı ilə qatarların müntəzəm hərəkəti isə 1 iyun 1994-cü ildə reallaşdı.   

Böyük Zərdabinin dəmir yolunun xeyrini hər kəsin görəcəyi barədə 151 il əvvəl peyğəmbərcəsinə dediyi sözlər artıq özünü doğruldub.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh