Banner

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Gündəm 20 Sentyabr 2026 16:30
Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı
WhatsApp kanalımıza abunə olun

Üç il öncə bu gün (19-20 sentyabr) reallaşan, təkcə Azərbaycanın yox, bütövlükdə regionun taleyini dəyişən antiterror əməliyyatını üç aspektdən qiymətləndirmək olar.

Birincisi, hərbi peşəkarlıqdır.

Azərbaycan ordusu cəmi 24 saata (23 saat 43 dəqiqə) erməni silahlı dəstələrini təslim olmağa məcbur etdi. Bu əməliyyat hərb tarixinə təkcə qısa müddət ərzində çətin relyefdə döyüş tapşırığının tam yerinə yetirilməsi (90-dan artıq döyüş mövqeyi nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı) ilə yox, həm də mülki əhali və infrastruktura heç bir zərər vurulmaması ilə də düşüb.

İkincisi, dövlət suverenliyinin bərpasıdır.

Ermənistan I Qarabağ müharibəsində qalib gələndə hesab edirdi ki, Azərbaycan ərazisində ikinci “erməni dövləti”nin yaradılmasına da nail oldular. 44 günlük müharibədə məğlub olandan sonra belə separatçıların qaldığı ərazilərdə - Xankəndi, Xocalı və Xocavənddə qondarma “erməni dövləti”nin yaşayacağına ümid edirdilər. 20 sentyabrda buna son qoyuldu.

Üçüncüsü, regionda yüz ildir mövcud olan oyun sistemi dağıdıldı.

Qarabağdakı erməni separatizmi həm Rusiya, həm Qərb ölkələri tərəfindən XX və XXI əsrdə regionda güc balansının formalaşması, təsir imkanlarının saxlanılması məqsədilə istifadə olunub. Hətta regionun digər ölkələri də (İran) erməni kartından geniş istifadə ediblər. Erməni separatizminin ləğvi Cənubi Qafqazın münaqişələrə əsaslanan bir əsrlik siyasi mənzərəsini dəyişdirdi.

Bu nəticənin əldə edilməsinə - 44 günlük müharibədən (2020) 20 sentyabra (2023) qədərki dövrdə baş verənlər, xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həlledici rol oynadı.

Ermənistan kapitulyasiya aktına imza atsa da, Qarabağdakı qondarma rejimin “sağ qalacağına” ümid edir, Qərb – ABŞ və Avropa ölkələri, Rusiya və İran da Azərbaycana qarşı separatçıların cəbhəsində yer alırdı. Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi isə separatçılar üçün “qalxan” yaratmışdı. Və məsələnin həlli – suverenliyimizin bərpa edilməsi mümkünsüz görünürdü. Məhz burada Əliyevin diplomatiyası, Qərb və Rusiya masasında aparılan danışıqlardakı manevrləri situasiyanı xeyrimizə dəyişdirə bildi.

- Rusiya kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizinin reallaşmasında Bakının mövqeyinə yaxın siyasət yürüdürdü, təbii ki bu, Moskvanın dəhlizə nəzarət maraqlarından qaynaqlanan məsələ idi, lakin Qarabağdakı separatizmi dəstəkləyir, Xankəndidə davam edən “dövlətçilik” oyunlarını körükləyirdi.

- Qərbdə isə separatçılara müyyən dəstək versələr də, Qarabağ məsələsində Bakının mövqeyinə yaxın gündəlikdən çıxış edir, Zəngəzur dəhlizi məsələsində isə əks-cəbhədə yer alırdılar.

Əliyev post-müharibə dövründə regionla bağlı fərqli gündəliyə malik olan Qərb və Rusiyanın qarşıdurmadan doğru şəkildə istifadə etdi. Əvvəlcə hər iki masada iştirakla Ermənistanın üstünlük qazanmasına imkan vermədi, ardınca Ermənistanın Qərb masasında Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Qarabağdan imtina etməsinə nail oldu. Və bununla Rusiyanı fakt qarşısında qoydu. Moskva anladı ki, Qarabağda qalmaq Cənubi Qafqazda nəzarət imkanlarını saxlamaqdan çıxaraq, Bakı ilə problemli məsələyə çevrilir. Sülhməramlıların çıxması zərurəti də buradan yarandı.

Diplomatik masada mübarizənin getdiyi vaxt hərbi müstəvidə də addımlar atılır, separatçılar ətrafında çəmbər daralırdı. Laçın həmləsi – Xankəndi yolunda etirazların başlanması, 23 aprel 2023-cü ildə sərhəd-keçid məntəqəsinin qurulması Qarabağda separatizm üzərindən suverenliyimizə qarşı oynanılan oyunlara ağır zərbə oldu. Və bununla “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı, erməni separatizminin tamamilə ləğv edilməsi, suverenliyimizin bərpası istiqamətində həlledici addım atıldı.

“Laçın dəhlizi” Qarabağda qalan separatçılar üçün təkcə Ermənistana çıxış yolu yox, “müstəqillik”, “öz müqəddəratını təyinetmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi. Əliyev suverenliyimizin bərpasına doğru bu tarixi həmləni əslində Ermənistanın kapitulyasiya aktına imza atdığı 10 noyabr 2020-ci ildə etmişdi. 10 noyabr bəyanatının imzalanmasında Ermənistan “Laçın dəhlizi”nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və “Qarabağ iddiası”nı saxlamağı planlaşdırırdı. Lakin Əliyevin tələbi ilə dəhlizin 5 kilometr enində olması qəbul edildi, bununla yanaşı, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəaları bəyanata daxil edildi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, Əliyev daha dərin gediş edib.

- Laçının mərkəzi heç bir itki vermədən azad olundu;

- Yeni yolun istifadəyə verilməsi “dəhlizin 5 kilometrlik eni” məsələsini də praktiki olaraq arxa plana keçirdi;

Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. 2022-ci ildə Laçın şəhərində üçrəngli bayrağımız ucaldı, 2023-cü ildə “Laçın dəhlizi”ni tamamilə ləğv edən sərhəd-keçid məntəqəsi quruldu. Bundan cəmi 5 ay sonra – 20 sentyabr 2023-cü ildə antiterror əməliyyatı ilə Qarabağda yüz ildir davam edən separatizm məhv edildi. (axar.az)

Oxunub : 500
ŞƏRH YAZ
Ad

E-mail

Şərh