Banner

Hüquqşünasdan radar davası edən deputatlara tutarlı cavab

Xəbərlər 18 Oktyabr 2014 07:15 Oxunub 2743
Hüquqşünasdan radar davası edən deputatlara tutarlı cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Sizin yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələrdən heç bir toxunulmazlığınız yoxdur»

 

 

«Deputatın sadəcə qanunu pozduğu halda bir qədər fərqli qaydada cəzalanmaq hüququ var»

 

Milli Məclisin sonuncu iclasında «Yol hərəkəti haqqında» qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı bir neçə deputat radara düşməkdən, tez-tez Dövlət Yol Polisi tərəfindən cərimələnmələrindən narazılıqlarını dilə gətiriblər. Hətta, bəzi deputatlar DYP-nin onlara güzəşt etməli olduğunu deyərək radarla bağlı cərimələri ləğv etmələrini tələb edib. Deputat İqbal Ağazadənin fikrincə, Konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz: «Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir”. 

Deputat Ərəstun Cavadov da radarlardan şikayətlənib: “Hər ay radara görə 1000 manata yaxın cərimə ödəyirəm. Təkcə İsmayıllıya gedəndə gərək 150-200 manat cərimə ödəyim». 

Deputat Fəzail Ağamalı bildirib ki, deputatların radarlarla bağlı problemi var və bu problemin həlli istənilir: “Ziyafət müəllim, sizin avtomobilin dövlət nömrə nişanı var, ancaq deputatların əksəriyyətinin dövlət nömrə nişanı yoxdur. Problem bildirildi, siz də buyurun, çıxış yolu təqdim edin”. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

YAP-çı deputat Siyavuş Novruzov isə hamının qanuna əməl etməli olduğunu vurğulayıb: «Ortaya hansısa problemlər çıxarsa, millət vəkilinin mülkiyyəti, maşını toxunulmazdır. Ancaq məhkəmənin qərarından sonra bu, mümkün olar. Milli Məclisdə nəqliyyat vasitəsi ilə parlament rəhbərliyi və komitə sədrləri rəsmən təmin olunur. Ona görə də yol polisi bilmir ki, maşının içərisində gedən avtomobilin nömrəsi kimin adınadır. Biri qayınanasının, biri kiminsə adına olur. Millət vəkillərinin istifadə etdiyi avtomobillərin nömrələri toplanıb Milli Məclisə təqdim olunsun, Milli Məclis də Dövlət Yol Polisinə təqdim etsin ki, onlar da bunu nəzərə alsınlar. İstənilən halda deputatların statusunu pozmaq olmaz”. 

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dövlət nömrələrini bilir: “Ancaq yol polisi haradan bilsin ki, 120 avtomobil hansısa tədbirə tələsir. Ona görə də yaxşı olar ki, millət vəkilləri qayda-qanuna riayət etsinlər, qaydalar pozulmasın”.

İqbal Ağazadə yenidən söz alaraq deyib ki, söhbət Konstitusiya ilə qanunlar arasında ziddiyyətin aradan qaldırılmasından gedir: “Yoxsa biz kimdənsə sədəqə istəmirik, yaxud qayda pozanda demirik ki, yol polisi hörmət etsin”. 

Ziyafət Əsgərov cavab olaraq bəyan edib ki, əslində Konstitusiya ilə qanunlar arasında heç bir ziddiyyət yoxdur: “Konstitusiyanın 90-cı maddəsində deputata məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq olunmamasından söhbət gedir. Ancaq yol polisi protokol tərtib edə və deputatları cərimələyə də bilər. Ona görə də bu məsələyə nöqtə qoyaq».

Əslində, deputatlara ən doğru və tutarlı cavabı Ziyafət Əsgərov verib. Bununla yanaşı, Avtosfer.az saytı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun da məsələ ilə bağlı fikirlərini təqdim edir. Hüquqşünas hesab edir ki, əslində, Milli Məclisdə müzakirələr zamanı bəzi deputatlar özlərinin və ya sürücülərinin intizamsız olduqlarını, yol hərəkəti qaydalarını pozduqlarını etiraf ediblər: «Bir vətəndaş olaraq buna görə xəcalət çəkirəm. Özü də deputatlar iddia ediblər ki, bunların belə intizamsızlığa yol vermələrinə haqqı var. Xeyr, cənab deputatlar, sizin buna haqqınız yoxdur:

1. Deputat toxunulmazlığı qanunu pozmaq hüququ deyil, bu, qanunu pozan deputatın məsuliyyətə cəlb olunmasının xüsusi qaydasıdır. Yəni sizin qanunu pozmaq yox, qanunu pozduğunuz halda bir qədər fərqli qaydada cəzalanmaq hüququnuz var.

2. Sizin yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələrdən heç bir toxunulmazlığınız yoxdur. Zəhmət olmasa, Konstitusiyanı və qanunları bir daha nəzərdən keçirin. Toxunulmazlıq yalnız məhkəmə qərarı ilə tətbiq olunan tənbehlərə, yəni inzibati həbsə, inzibati xəta predmetinin müsadirəsinə və s. aiddir. Cəriməni məhkəmə yox, inzibati orqan tətbiq edir. Özü də cərimə sizin sərbəst fəaliyyətinizə necə mane ola bilər ki, ondan da toxunulmazlıq olsun? Burada məntiq də yoxdur. Elə bu məntiqə söykənən Konstitusiyanın 90-cı maddəsinin I hissəsində deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Deməli, DYP serjantının sizi cərimələməsi tam qanunidir.

3. Qaydaları adətən sizin özünüz yox, sürücünüz pozur. Sürücünüz isə adi vətəndaşdır. DYP əməkdaşı nəinki onu cərimə edə, eləcə də çox vaxt olduğu kimi, polisin qanuni göstərişlərinə tabe olmayanda inzibati qaydada tutaraq həbs edilməsi üçün məhkəməyə təqdim edə bilər.

Açığı bu kimi məlumatlar şəxsən məni çox narahat edir. Məlumdur ki, ölkədə yol hərəkəti ilə bağlı ciddi problemlər var. Belə olan halda hamı elliklə bu bəla ilə, «yol terroru» ilə mübarizə aparmalıdır. Parlamentin bəzi deputatlarının belə yanaşmasını görəndə isə bütün zəhmətin hədər getməsi qənaətinə gəlmək olar. Axı sadə insanlarımız yol kimi ictimai bir yerdə onlardan nümunə götürməlidir. Əgər hər hansı deputat yolda tıxac və ya başqa problem səbəbindən hər hansı tədbirə gecikirsə, öz səlahiyyətlərindən istifadə edərək həmin problemin həllinə nail olmalıdır. Həmin problemdən şəxsən yan keçə bilmək üçün imtiyaz davası eləmək isə 21-ci yüzilliyə aid yanaşma deyil».

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh