Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO - YENİLƏNİB

Xəbərlər 11 Avqust 2026 22:06
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Atelier Erich Pummer gmbh" şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xamına türbədə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olublar.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət "Chapman Taylor" tərəfindən hazırlanıb.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb.

Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq.

Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur.

Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.

Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq.

Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş Plana əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bununla şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.

Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb. Bu, orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq.

Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.

Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.

İlham Əliyev Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı ilə tanış olub - FOTO

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh