Banner

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

Xəbərlər 22 Noyabr 2026 21:45
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib  - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırladı, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.

Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə səfəri və bu çərçivədə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirib, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirdi.

ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.

Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, müxfəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd edildi.



Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh