Yeni əraziləri geri almaq fürsəti yaranıb - Hansı qərar veriləcək?

"Kəlbəcərdə 2021-ci ilin 16 noyabr hadisələri təkrarlana, nəzarətimizdə olan ərazinin daha da genişləndirilməsi prosesinə yenidən şahidlik edə bilərik".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, ermənilərin heç bir təxribatı cavabsız qalmır:
"Kəlbəcəri Ermənistan silahlı qüvvələri yenidən atəşə tutublar. Əsas ölüm-itim, yaralı yoxdur. Verilən məlumata görə, insidenti törədən ermənilər içkili olublar. Onsuz da bu, birinci dəfə yox, artıq neçənci dəfədir ki, təkrarlanır. Amma bizə onların içkili olub-olmaması, insidentin hansı səbəbdən baş verməsi maraqlı deyil. Faktiki olaraq bizim mövqelər atəşə tutulub.
Düşünürəm ki, böyük sülh müqaviləsi imzalanana kimi belə insidentlər vaxtaşırı olaraq təkrarlanacaq. Hətta o müqavilə imzalanandan sonra belə, bu cür insidentlər olacaq, çünki regionda sülhün əldə olunmasına qarşı olan qüvvələr var. Bu qüvvələrin həm Ermənistanda, həm Rusiyada, həm də Azərbaycanda olduğu istisna edilmir. Ona görə, kiçikmiqyaslı insidentlərin təkrarlanması təhlükə deyil. Ona görə də fikrimcə, operativ strateji nöqteyi nəzərdən Azərbaycan Silahlı Qüvvələrinin maraqlarına təhlükə olmasa yeni əməliyyatların başlayacağını demək bir az çətin olar. Amma lokal əməliyyatların olacağını istisna etmirik, birmənalı da deyə bilmərik.
Hazırda iki-üç paralel proses gedir: Birincisi, ümumi sülh razılaşması çərçivəsində iki tərəfin yanaşması, bir-birinə ən azı insani münasibətlər və gələcəkdə diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması çərçivəsində Azərbaycan bir neçə gün öncə 8 nəfər erməni əsirini qaytardı. Ermənistan tərəfi isə deyilənə görə, 108 nəfər Birinci Qarabağ müharibəsinin şəhdlərinin qalıqlarını qaytarmalıdır. Yəni bu proseslər davam edir. Amma eyni zamanda birinci proses çərçivəsində hər iki tərəf öz mövqeyini maksimal dərəcədə sərf edən şəkilə gətirmək istəyir. Bu da - yerdə qalan insidentlər, mövqelərimizin atəşə tutulması və yaxud da təxribatlara cavab olaraq Azərbaycan tərəfinin hücuma keçib bütün Şərqi Göyçə silsiləsini nəzarətə alması filan, bu məsələlər də olacaq, ən azı indiyə kimi olub.
Bundan sonra dəqiq proqnoz vermək çox çətindir. Mən üzərimə götürməzdim ki, təxribatlar baş versə, Azərbaycan tərəfi mütləq nəsə cavab verəcəklər. Onsuz da hər zaman törədilən təxribatlara cavab verilir. Yəni biz düşünməyək ki, yalnız mediada işıqlandırılanda Silahlı Qüvvələrimiz hansısa cavab addımları atmış olur. Sadəcə insidentlər irimiqyaslı xarakter alanda artıq o zaman mediaya verilir. İrimiqyaslı cavaba gəldikdə alternativlər çoxdur. Bu, yalnız ölkə rəhbərliyi və ordu komandanlığının sərəncamında olan bir məsələlərdir. Ona görə, hansı qərarın qəbul ediləcəyini öncədən demək çətindir.
Amma yenə göz qabağındadır ki, tədricən insidentlərin ciddiliyi və miqyası azalır. Bir az bu Qapanlı (Tərtər) kəndinin atəşə tutulması məsələsi mənəvi-psixoloji nöqteyi nəzərdən təsiredicidir. Çünki Qapanlı müharibədən əvvəl də atəşə tutulurdu. İndi müharibə bitib, zəfər çalmışıq, Şuşa və digər ərazilərimiz işğaldan azad edilib, amma yenə də Qapanlı atəş altındadır. Bir az bunun mənəvi-psixoloji tərəfi var".













