Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib. Bu qərarın erkən nikahların qarşısının alınmasında nə dərəcədə effektiv olacağı, maarifləndirmə tədbirlərinin real nəticələrə necə təsir göstərəcəyi və hüquqi yanaşmaların təkmilləşdirilməsinə ehtiyac olub-olmadığı diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, xüsusilə “erkən evlilik” termininin qaydaya əlavə edilməsi problemin həllinə hansı töhfəni verəcəyi, eləcə də cinsi əlaqə yaşının 18-ə qaldırılmasının daha təsirli mexanizm olub-olmayacağı ilə bağlı suallar aktuallıq qazanır. Bəs yeni qərar erkən nikahlarla mübarizədə real nəticələr verə biləcəkmi, yoxsa maarifləndirmə ilə yanaşı daha konkret hüquqi və sosial tədbirlərə də ehtiyac var?
Politoloq Rəhiməxanım Mürşüdlünün fikrincə isə, erkən evliliklərlə bağlı qəbul edilən qərarların problemin köklü səbəblərini aradan qaldırmaq üçün kifayət etmədiyini bildirib:

“Erkən evlilik məsələsinə yalnız maarifləndirmə və hüquqi tənzimləmə çərçivəsində yanaşmaq problemin mahiyyətini əhatə etmir. Bu sahədə həyata keçirilən tədbirlər daha çox simptomatik xarakter daşıyır və problemin özünə deyil, onun zahiri təzahürlərinə fokuslanır. Halbuki erkən evliliklərin qarşısının alınması üçün qızların iqtisadi asılılığı, seçim imkanlarının məhdudluğu və təhsildən kənarda qalması kimi amillər nəzərə alınmalıdır.
Erkən evlilik patriarxal münasibətlərin və kapitalist sistemin kəsişməsində meydana çıxan struktur problemdir. Bu səbəbdən məsələnin həlli üçün qızların təhsil almasına, qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə, ödənişsiz ev əməyinin tanınmasına və sosiallaşdırılmasına xüsusi diqqət yetirilməlidir.
Ailə institutunu toxunulmaz və dəyişməz bir qurum kimi təqdim etmək əvəzinə, onu transformasiya oluna bilən sosial münasibətlər sistemi kimi nəzərdən keçirmək lazımdır. Gender bərabərliyinin yalnız qanunvericilikdə deyil, həm də resursların bölgüsündə təmin olunması vacibdir”.
Rəhiməxanım Mürşüdlü qeyd edib ki, erkən evlilik halları xüsusilə regionlarda sosial-iqtisadi problemlərlə sıx bağlıdır:
“Ailələrin maddi çətinlikləri və təhsilsizlik problemi qızların erkən evliliyə yönləndirilməsinə səbəb olan amillər sırasındadır. Maarifləndirmə tədbirləri, broşürlərin paylanması və terminoloji dəyişikliklər özlüyündə mənfi addımlar deyil. Lakin sosial-iqtisadi problemlərdən qaynaqlanan bir məsələni yalnız bu vasitələrlə həll etmək mümkün deyil. Problemin kökündə qızların və qadınların sosial-iqtisadi asılılığı dayanır. Onların müstəqil seçim edə bilməsi üçün lazımi şərait yaradılmalıdır.
Cinsi razılıq yaşının 18-ə qaldırılması məsələsinə də münasibət bildirib.
Politoloq bu yanaşma ilə bağlı narahatlığını ifadə edərək deyib ki, belə bir dəyişiklik 16-17 yaşlı gənclərin qarşılıqlı razılığa əsaslanan münasibətlərinin də hüquqi problemlərlə üzləşməsinə və cinayət məsuliyyəti müstəvisinə keçməsinə səbəb ola bilər. Bu məsələdə hüquqi tənzimləmə aparılarkən erkən evliliklərin qarşısının alınması məqsədi ilə yeniyetmələrin qarşılıqlı razılığa əsaslanan münasibətlərinin kriminallaşdırılması ehtimalı ayrıca nəzərə alınmalıdır.
Qadın hüquqları üzrə müdafiəçi Novella Cəfəroğlu hesab edir ki, cinsi əlaqə yaşının 18-ə qaldırılması gənclərin daha şüurlu şəkildə nikaha daxil olmasına şərait yarada bilər:

“Qohumlar arasında nikahların əleyhinə olduğunu bildirərək, bu cür ailələrdə məhəbbət olmadan qurulan münasibətlərin sonradan boşanma ilə nəticələndiyini deyib. Boşanmadan sonra kişilər yenidən ailə qurmağa meyilli olsalar da, qadınlar çox vaxt ikinci dəfə evlənməyə cəhd göstərmirlər. Nəticədə uşaqların qayğısı və onların böyüdülməsi ilə bağlı məsuliyyət əsasən qadınların üzərinə düşür”.
Psixoloq Vüsalə Əmiraslanova Avtosfer.az-a müsahibəsində bildirib ki, cinsəllik mövzusunda maarifləndirmənin həm müsbət, həm də mənfi tərəfləri ola bilər:

“Bu mövzuların uşaqlara düzgün şəkildə izah edilməsi onların psixoloji və fizioloji inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, cinsəllik barədə məlumatların təqdim olunma forması və uşaqların yaş xüsusiyyətləri də nəzərə alınmalıdır.
Bəzi hallarda bu mövzulara toxunulması uşaqlarda cinsəlliyə daha erkən marağın yaranmasına səbəb ola bilər. Digər tərəfdən, düzgün və yaşa uyğun maarifləndirmə uşaqların bu sahədə məlumatlılığını artırır, onların mövzunu daha sağlam şəkildə anlamalarına kömək edir."
Vüsalə Əmiraslanovanın fikrincə, cinsi əlaqə yaşının qanunvericiliklə dəyişdirilməsi məsələsi Azərbaycan cəmiyyətində həssas qarşılanacaq: "Cəmiyyətin mental xüsusiyyətləri nəzərə alınmadan bu mövzuda hər hansı dəyişikliyin aparılması birmənalı münasibətlə üzləşə bilər. İlk növbədə psixoloji maarifləndirmə işləri həyata keçirilməli, cəmiyyət bu mövzuda məlumatlandırılmalı, bundan sonra mümkün dəyişikliklər müzakirə olunmalıdır.
Məsələ ilə bağlı birdən-birə qərar verilməsi uşaqlarda və yeniyetmələrdə psixoloji gərginlik yarada bilər. Belə ki, onlar cinsi münasibətlərlə bağlı yaş həddini yanlış anlaya, özlərini müəyyən məhdudiyyətlər və suallar qarşısında psixoloji təzyiq altında hiss edə bilərlər”.
Vüsalə Əmiraslanova hesab edir ki, bu sahədə atılacaq addımlar mərhələli şəkildə həyata keçirilməli, uşaqların yaş xüsusiyyətləri və cəmiyyətin psixoloji hazırlığı nəzərə alınmalıdır.
Türkan Ülvi
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












