Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT

Öyrənək 19 Avqust 2026 21:35
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
WhatsApp kanalımıza abunə olun

“Böyük Britaniyada hökumət dəmir yolu, tramvay və metro stansiyalarına piyada məsafəsində yerləşən yeni yaşayış layihələrinə münasibətdə “standart bəli” prinsipini tətbiq etməyə başlayır”.

Avtosfer.az xəbər verir ki, bu məlumatı nəqliyyat eksperti Rauf Ağamirzəyev öz sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, məqsəd yalnız daha çox ev tikmək deyil. Burada şəhərsalma ilə nəqliyyat siyasəti bir-birinə bağlanır.

“Stansiyanın yaxınlığında yaşayan insanın gündəlik ehtiyaclarını avtomobilsiz qarşılamaq imkanları daha yüksəkdir. Bu səbəbdən yeni mənzil fondunun ictimai nəqliyyatın mövcud olduğu ərazilərdə cəmləşdirilməsi həm torpaqdan daha səmərəli istifadəyə, həm də avtomobil asılılığının azalmasına xidmət edir.

Sıxlıq nəqliyyat imkanına uyğun müəyyənləşdirilir

Britaniya modelində stansiyaya yaxınlıqla yanaşı, nəqliyyat xidmətinin tezliyi də nəzərə alınır. Qatarlar daha tez-tez hərəkət edirsə, həmin ərazidə daha yüksək tikinti sıxlığına imkan verilir.

Bu, mühüm prinsipdir: şəhərsalma nəqliyyat tutumundan qabağa düşməməlidir.

Bu, Bakı üçün də aktualdır. Bakıda metro və dəmir yolu stansiyalarının ətrafında böyük inkişaf potensialı var. Yeni yaşayış və biznes layihələri stansiyalardan uzaqda deyil, məhz onların ətrafında formalaşdırılarsa, gələcək nəqliyyat tələbatını daha düzgün idarə etmək mümkün olar.

Burada TOD – Transit-Oriented Development (nəqliyyat yönümlü şəhərsalma) prinsiplərindən istifadə etmək məqsədəuyğundur.

Məsələn, yeni metro və dəmir yolu stansiyalarının ətrafında müəyyən radius üzrə:

yüksək sərnişin tutumlu ictimai nəqliyyat;

qarışıq funksiyalı ərazilər;

yaşayış və iş yerləri;

piyada prioritetli küçələr;

velosiped infrastrukturu;

avtobus–metro–dəmir yolu inteqrasiyası;

İctimai məkanlar vahid layihələndirmə çərçivəsində nəzərdə tutula bilər. Əsas məsələ isə tikinti icazəsini sadəcə sürətləndirmək deyil, düzgün yerdə tikintiyə üstünlük verməkdir. Stansiyanın yanındakı əraziyə 20 mərtəbəli bina tikib, lakin piyada keçidi, avtobus bağlantısı, məktəb, parklanma və sosial infrastruktur yaratmamaq şəhərsalma problemini həll etmir.

Əvvəlcə nəqliyyat infrastrukturu formalaşır, sonra onun ətrafında şəhərin sıxlığı və funksiyaları planlaşdırılır.

Bakının yeni inkişaf mərhələsində bu prinsip xüsusilə metro, dəmir yolu və planlaşdırılan nəqliyyat qovşaqları ətrafında tətbiq edilə bilər.

Çünki gələcəyin şəhəri “mənzil harada tikilsin?” sualından əvvəl “insanlar buradan necə hərəkət edəcək?” sualına cavab verməlidir”.

Səfər

Oxunub : 30
ŞƏRH YAZ
Ad

E-mail

Şərh