Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT

Nəqliyyat sahəsində təhsilin müasir tələblərə uyğunlaşdırılması və innovativ yanaşmaların tədris prosesinə inteqrasiyası vacib məsələlərdən biridir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev danışıb.

Ekspertin sözlərinə görə, nəqliyyat sektorunda istehsalatda və praktikada tətbiq olunan yeniliklər universitet auditoriyalarına daşınmalı, tələbələr yalnız ənənəvi mühəndislik bilikləri ilə kifayətlənməməlidirlər.
Rauf Ağamirzəyev bildirib ki, gələcəyin mütəxəssisləri yolların və körpülərin layihələndirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin qitələri necə əlaqələndirdiyini, daşınan yüklərin növünün marşrut və infrastruktur seçimlərinə təsirini, çoxfunksiyalı küçələrin əhəmiyyətini və şəhər mobilliyinin iqtisadiyyatda oynadığı rolu da dərindən öyrənməlidirlər.
Müasir layihə idarəetməsi, FIDIC standartları, ətraf mühitə təsirlərin qiymətləndirilməsi, yerli icmalarla əməkdaşlıq, tikinti dövründə bütün hərəkət iştirakçıları üçün alternativ şəraitin yaradılması və təhlükəsizlik mədəniyyəti də tədris proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.
Ekspert xüsusilə rəqəmsal əkizlər (Digital Twin), makro və mikro nəqliyyat simulyasiyalarının nəqliyyatla bağlı bütün ixtisasların tədris proqramlarına daxil edilməsinin vacibliyini vurğulayıb. Bu alətlər nəqliyyat sistemlərini daha dərindən anlamağa, əməliyyatları optimallaşdırmağa, səmərəliliyi artırmağa və mürəkkəb proseslər arasındakı əlaqələri daha aydın görməyə imkan verir.
Azərbaycanın nəqliyyat sektoruna “proseslər fabriki” rolunu oynayan modelləşdirmə mərkəzləri lazımdır. Nəqliyyat modelləşdirilməsi vasitəsilə yeni yolların, qovşaqların, metro və dəmir yolu layihələrinin təsirini əvvəlcədən qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək və daha əsaslandırılmış qərarlar qəbul etmək mümkündür.
Rauf Ağamirzəyev qeyd edib ki, ilk baxışdan sadə maket təsiri bağışlayan bəzi sistemlər əslində nəqliyyat axınlarının, idarəetmə alqoritmlərinin, dispetçer qərarlarının və infrastruktur elementlərinin qarşılıqlı əlaqəsini nümayiş etdirən canlı laboratoriyalardır. Belə platformalarda qatarların və avtomobillərin hərəkəti müxtəlif ssenarilər üzrə modelləşdirilir, mümkün gecikmələr və toqquşmalar təhlil edilir, texniki nasazlıqların sistemə təsiri real vaxt rejimində müşahidə olunur.
Nəqliyyat modelləşdirilməsi sadəcə hesablama prosesi deyil. Bu, davranışın, texnologiyanın, idarəetmənin və infrastrukturun vahid sistem kimi necə fəaliyyət göstərdiyini öyrənmək üçün ən effektiv vasitələrdən biridir.
Ekspert hesab edir ki, gələcəyin nəqliyyat mühəndisi yalnız layihələr hazırlamağı deyil, həm də nəqliyyat sistemini bütöv şəkildə görməyi bacarmalıdır. Bunun üçün isə müasir yanaşmaların təməli məhz universitet illərində qoyulmalıdır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












