Naxçıvana maneəsiz keçid daxili nəqliyyata hansı yeniliklər gətirəcək? – Ərşad Hüseynov AÇIQLADI

ABŞ-da imzalanan müqavilədən sonra Naxçıvana maneəsiz keçid Azərbaycanın daxili nəqliyyat sistemində əhəmiyyətli dəyişikliklərə yol açacaq. Bu, İran ərazisindən keçmədən Naxçıvana birbaşa əlaqəni təmin edəcək, sərhəd və gömrük prosedurlarını sadələşdirəcək. Nəticədə yük və sərnişin daşımaları sürətlənəcək, daxili ticarət və iqtisadi əlaqələr güclənəcək. Eyni zamanda, Naxçıvanla ölkənin digər bölgələri arasında nəqliyyat infrastrukturu inkişaf edəcək ki, bu da turizmin imkanlarını genişləndirmiş olacaq.
Bəs Naxçıvana maneəsiz keçid Azərbaycanın daxili nəqliyyatında başqa hansı yenilikləri gətirəcək?
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, artıq 5 ilə yaxındır müzakirə olunan Zəngəzur dəhlizinə rəsmi ad verildi:

“Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və ABŞ prezidentinin birgə imzaladığı bəyanatda həmin yolun adı rəsmən müəyyən olundu. Abreviatura kimi TRIP, açıq desək, “Sülh və Rifah naminə Tramp marşrutu” adlandırıldı. Həmin marşrutun istifadəyə verilməsi və Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması Azərbaycanın tranzit imkanlarını kifayət qədər ciddi şəkildə genişləndirəcək, həm də daxili nəqliyyat infrastrukturunun inkişafına böyük təkan verəcək.
Dəyişikliklərin əsas istiqamətlərindən biri ondan ibarət olacaq ki, bu marşrut həm Şərq–Qərb, həm də qismən Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Nəyə görə? Şərq–Qərb deyəndə Çindən, hətta Yaponiyadan, Sakit okean hövzəsindən başlayıb, Mərkəzi Asiyadan, Xəzərdən keçərək Azərbaycanın üzərindən Türkiyəyə, oradan isə Qərb istiqamətində həm Avropaya, həm də Asiyanın qərbinə uzanan marşrut nəzərdə tutulur. Bundan başqa, Suriya, İordaniya, Misir istiqamətində də bir dəhliz formalaşacaq.

Şimal–Cənub xətti isə Rusiyadan başlayıb, Azərbaycandan keçərək Cənub-Qərb istiqamətində Ermənistan, Naxçıvan, Türkiyə və Suriya üzərindən davam edəcək. Bu marşrut üzrə həm dəmir yolu, həm də avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçiriləcək. Beynəlxalq nəqliyyat dəhlizi kimi onun inkişafı Azərbaycanın daxili nəqliyyat infrastrukturuna da yeni bir nəfəs gətirəcək. Məsələn, artan yükdaşımalar səbəbindən Azərbaycan Dəmir Yollarının gəlirləri çoxalacaq, bu da daxili dəmir yolu sisteminin yenilənməsini və inkişafını maliyyələşdirməyi asanlaşdıracaq”.
Ərşad Hüseynov əlavə olaraq qeyd edib ki, dəmir yoluna xidmət edən infrastruktur vağzallar, yük boşaltma və vurma stansiyaları, logistika və yük çeşidləmə mərkəzləri yaradılacaq: “Yeni iş yerləri açılacaq. Avtomobil nəqliyyatı üçün də eyni şəkildə, maneəsiz daşımaların təmin olunması tranzit yük maşınlarının keçidini artıracaq. Quru sərhədlər açıldıqdan sonra fərdi avtomobillər və sərnişin avtobuslarının hərəkətində də artım gözlənilir.
Bu isə yanacaqdoldurma məntəqələrində satışın çoxalması, texniki xidmətlərin göstərilməsi, ictimai iaşə obyektlərinə, restoran, kafe və s. tələbatın artması deməkdir. Bəzi hallarda cari təmir xidmətlərinə ehtiyac yaranacaq. Təkər hava vurulması və digər xırda işlərə də ehtiyac yaranacaq. Bunların hamısı nəqliyyatla bağlı infrastrukturun inkişafına əlavə təkan verəcək.

Azərbaycan ərazisindən tranzit keçid zamanı yol vergilərindən toplanan ödənişlər dövlət büdcəsinə daxil olacaq. Həmin gəlirlərin düzgün istifadə olunması və sərmayə kimi yol-nəqliyyat infrastrukturuna yönəldilməsi ölkənin yol-nəqliyyat sisteminin inkişafı üçün mühüm amil olacaq.
Daxili nəqliyyat baxımından da əhəmiyyətli dəyişikliklər olacaq. Bakıdan Naxçıvana getmək üçün artıq İran ərazisindən keçməyə, mürəkkəb gömrük və sərhəd prosedurlarına ehtiyac qalmayacaq. Bu, daxili səyahətlərin və yükdaşımaların artmasına, turizmin inkişafına səbəb olacaq. Naxçıvandan və ölkənin digər ərazilərindən malların daşınması asanlaşacaq”.
Hüquqşünasın fikrincə, bütün bunlar yol-nəqliyyat infrastrukturunun, yanacaq satışı, avtomobil xidməti, yolkənarı iaşə obyektləri, motel və gecələmə yerlərinin fəaliyyətinin artmasına, gəlirlərin yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına səbəb olacaq: “Bu marşrutun maneəsiz açılması yükdaşımaların intensivliyini artıracaq və nəqliyyat sahəsinə yeni investisiyaların cəlb olunmasını zəruri edəcək. Nəticədə, həm avtomobil, həm də dəmir yolu nəqliyyatı daha təhlükəsiz və müasir olacaq”.
Eltac Zülfüqaroğlu














