Satış məntəqələri “ƏDV”li yox, sadə kassa çeki verirsə, vətəndaş nə etməlidir? – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Müasir cəmiyyətlərdə alış-veriş və xidmətlərə dair şəffaflıq, istehlakçı hüquqlarının qorunmasının əsas sütunlarından biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, bu şəffaflığın təmin olunmasında isə satış zamanı təqdim olunan fiskal çeklərin rolu danılmazdır. Fiskal çeklər təkcə müştərinin etdiyi alış-verişin sübutu deyil, eyni zamanda dövlətin vergi nəzarətini həyata keçirməsi və iqtisadi dövriyyənin izlənilməsi baxımından vacib sənəddir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi marketlər, apteklər və digər satış məntəqələrində bu sadə, lakin mühüm prosedura əməl olunmur. İstehlakçılar bəzən alış-veriş etdikdən sonra onlara çek verilmədiyini müşahidə edir, yaxud da bunu tələb etdikdə müxtəlif bəhanələrlə qarşılaşırlar. Bu cür hallar təkcə hüquqi pozuntu deyil, həm də istehlakçı etibarını sarsıdan, iqtisadi ədalətsizliyi dərinləşdirən ciddi bir problemdir.
Mövzunun ciddiliyini artıran digər bir məqam isə bu hallar barədə şikayət və məlumatlılığın az olmasıdır. Bir çox vətəndaşlar çekin əhəmiyyətini tam dərk etmədiyindən və ya hüquqlarını qorumağın yollarını bilmədiyindən, bu məsələni laqeyd qarşılayır. Halbuki bu cür hallar yalnız fərdi deyil, ümumi iqtisadi və sosial struktur üçün də təhlükə yaradır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Anar Bayramov saytımıza bildirib ki, Vergi Məcəlləsinin 16-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər əhaliyə pərakəndə satış həyata keçirdikdə, təqdim etdiyi mala və ya xidmətə görə ödəniş aldıqda, bu ödənişi mütləq kassa çeki, qəbz və ya qanunvericiliklə nəzərdə tutulmuş digər ciddi hesabat blankı ilə sənədləşdirməlidir.
"Xüsusilə pərakəndə ticarət və ictimai iaşə obyektlərində, satış prosesi yalnız yeni nəsil, onlayn rejimdə vergi orqanlarının sisteminə qoşulmuş kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Alıcıya təqdim olunan kassa çeki həmin mal və ya xidmətin rəsmiləşdirilməsinin sübutudur və eyni zamanda vergi uçotu baxımından da mühüm əhəmiyyət daşıyır. Əgər vergi ödəyicisi ƏDV (Əlavə Dəyər Vergisi) qeydiyyatındadırsa, alıcı təqdim olunan kassa çəkini “ƏDV geri al” layihəsi çərçivəsində istifadə edərək müəyyən məbləğdə ƏDV-ni geri qaytara bilər. Lakin təəssüf ki, bəzi hallarda vergi ödəyiciləri bu tələbləri pozaraq müxtəlif bəhanələrlə (məsələn, post-terminal və ya kassa aparatının xarab olduğunu bildirərək) kassa çeki təqdim etmirlər".

Anar Bayramov qeyd edib ki, bu cür hallar qanunvericiliyə ziddir və belə davranışa görə ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. İlk dəfə baş verdikdə 1 000 manat, ikinci dəfə 3 000 manat, üçüncü və daha çox hallarda 6 000 manat cərimə tətbiq olunur.
"Əgər vətəndaş aldığı mala və ya xidmətə görə kassa çeki almırsa, bu barədə Dövlət Vergi Xidmətinə şikayət edə bilər. Bunun üçün 195 nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng vurmaq və ya aidiyyəti qurumlara yazılı formada müraciət etmək kifayətdir. Müraciətdə konkret olaraq hansı mağazada, nə zaman və hansı malın alındığı qeyd olunmalıdır".
Ekspert, həmçinin, vurğulayıb ki, Azərbaycan cəmiyyətində, xüsusilə də mentalitet və mədəni xüsusiyyətlər səbəbilə vətəndaşlar bu cür hallarda çox zaman şikayət etmirlər.
İnsanlar bunu “şikayətçilik” və ya “mərdimazar olmaq” kimi dəyərləndirərək səssiz qalmağa üstünlük verirlər. Xüsusilə də xanımlar belə hallarda əlavə narahatlıq yaşamamaq üçün kasirdən kassa çeki tələb etməyə çəkinirlər. Bu səbəbdən də dövlət bu sahədə maarifləndirmə və təşviqedici addımlar atır. “ƏDV geri al” layihəsi kimi təşəbbüslərlə vətəndaşlara maddi maraq yaradılır ki, onlar kassa çeki tələb etsin və bu sistemin tətbiqində fəal iştirak etsinlər".
Qeyd edək ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində də bu problem öz həllini tapmaqdadır.
Fidan
Taksi sürücüləri üçün VACİB XƏBƏR
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT










