Banner

“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO

Öyrənək 11 Noyabr 2026 11:00
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Son vaxtlar yol hərəkəti qaydalarını pozaraq “STOP” nişanının tələbinə əməl etməyən sürücülərin cərimələnməsi diqqət çəkir. Əslində, bu cür nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunması və sürücülərin qaydalara daha məsuliyyətlə yanaşması baxımından vacibdir.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə “STOP” nişanının tələbləri, svetoforun üstünlük nişanlarına təsiri və yolayrıclarında diqqət edilməli məqamlarla bağlı tövsiyələr verib.

Məşqçi bildirib ki, “STOP” nişanı qarşısında mütləq dayanmaq lazımdır. Əgər yolda stop-xətti varsa, avtomobil həmin xəttə çatmamış saxlanılmalıdır. Piyada keçidi mövcud olduqda isə onun üzərində dayanmağa yol verilməməlidir.

Bəzi hallarda sürücü stop-xəttində dayansa da, yolun hər iki istiqamətindən gələn nəqliyyat vasitələrini görməkdə çətinlik çəkə bilər. Belə vəziyyətdə sürücü əvvəlcə müəyyən edilmiş yerdə dayanmalı, görünüş məhdud olduğu halda isə təhlükəsizliyi təmin etmək üçün ehtiyatla irəliləyərək yenidən dayanmalı və yolu yoxladıqdan sonra hərəkətini davam etdirməlidir.

Aqil Rəhimov həmçinin sürücülərə sağa və sola dönərkən piyadalara yol verməyin vacibliyini xatırladıb. Piyadaların keçidi başa çatdıqdan sonra sürücü hər iki istiqaməti yenidən yoxlamalı və yalnız bundan sonra hərəkət etməlidir.

Yeni sürücülərin xüsusilə diqqət etməli olduğu daha bir məqama toxunub. Bildirib ki, svetofor normal işlədiyi, yəni müvafiq işıq siqnalları ilə hərəkəti tənzimlədiyi zaman yolayrıcında üstünlük nişanlarının tələbləri tətbiq edilmir. Bu halda sürücülər hərəkətlərini svetoforun siqnallarına uyğun qurmalıdırlar.

Məşqçi sürücülərə iki əsas məqamı yadda saxlamağı tövsiyə edib: svetoforun olmadığı və ya hərəkəti tənzimləmədiyi hallarda “STOP” nişanının tələbinə əməl etmək, svetofor işlədikdə isə hərəkəti onun siqnallarına uyğun davam etdirmək.

Sonda məşqçi vurğulayıb ki, avtomobili uzun illər qəzasız idarə etmək üçün yalnız sürücülük vəsiqəsinə sahib olmaq kifayət deyil. Yol hərəkəti qaydalarını düzgün bilmək, təhlükəli vəziyyətləri əvvəlcədən qiymətləndirmək və diqqətli olmaq da vacibdir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/stop-nisanina-gore-cerimelenmemek-ucun-ne-etmek-lazimdir-228711

 

 

Oxunub : 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh