Banner

"Sükan arxasında oturanda bilməlisən ki, qarşıdan gələn hər kəs dəlidir" - FOTOLAR

Qaydalar 18 İyul 2016 09:37 Oxunub 3621
"Sükan arxasında oturanda bilməlisən ki, qarşıdan gələn hər kəs dəlidir" - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cankat Hurmoğlu: «Biz maşını at yerinə qoymuşuq, fikirləşirik ki, onsuz da gedəcək»

«Yollarda sadəcə xətti çəkməklə iş bitmir, o xəttin nə məna verdiyini insanlara başa salmaq lazımdır»

 

Cankat Hurmoğlu "Hed Academy" şirkətinin rəhbəridir. Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsiz sürücü anlayışını formalaşdırmağa çalışan önəmli şəxslərdən biridir. Onunla söhbətimizdə bir çox məqamlara toxunduq. Əsas fikir bu oldu ki, sürücü sükan arxasında sağ qalmaq üçün son dərəcə diqqətli olmalı və ətrafdakı sürücülərə, piyadalara heç vaxt güvənməməlidir. Avtosfer.az-ın Cankat Hurmoğlu ilə müsahibəsi çox maraqlıdır və oxuyub faydalı məlumatlar əldə etməyə dəyər…

- Cankat bəy, "Hed Academy" şirkətinin Azərbaycandakı nümayəndəliyini nə vaxt yaratmısınız və məqsəd nə idi?

- İlk dəfə Azərbaycana 1998-cu ildə gəldik. Amma həmin vaxt gəlib-gedirdik. Əsl işə 2008-ci ildə başladıq. BP ilə bərabər daşımaların yoxlanmasını biz etdik. 2011-ci ildən isə yolda təhlükəsiz maşın sürməklə bağlı lazım olan treninqləri keçirməyə başladıq. Hələ də bu işə davam edirik.

Biz Hurmoğlu danışmanlık şirkətini 90-cı ildə Almanyada qurduq. Şirkət DVR, yəni alman dövlətinin də iştirak etdiyi yol təhlükəsizlik komissiyasının üzvüdür. 

Avropada bir qədər bu sahədə çalışdıqdan sonra qərara gəldim ki, bu işlər bizim ölkələrdə də görülməlidir. Ona görə 98-ci ildə Türkiyədə çalışmağa başladıq və iki il Almaniya üzərindən çalışdıqdan sonra firmanı Türkiyəyə köçürdük. Hazırda mərkəzi Türkiyədə olmaqla Almanya, Gürcüstan və Azərbaycanda da ofislərimiz var. Bunların arasında Azərbaycan iş həcminə görə Türkiyədən sonra ikinci yerdədir. Çünki burada, əsasən, transmilli şirkətlərin və onların podratçılarının sifarişləri yerinə yetirilir. Azərbaycanda yalnız HED Consultancy-nin iş təcrübəsi və sahib olduğu sertifikatlar bu firmaların tələbatlarını qarşılamağa imkan verir.

2011-ci ildən "bp"nin yol təhlükəsizliyi, qəzasızlıq ilə bağlı bütün təlimlərini keçirir, monitorinq aparır və avtomobillərinə nəzarət edirik. 

Əsas hədəfimiz yollarda təhlü-kəsizliyin, qəzasızlığın təmin olunmasıdır. Təbii ki, bunu etmək üçün müştərilərimizin də bəzi çatışmazlıqları aradan qaldırması lazımdır və biz də bu işdə onlara yardımçı oluruq. Bəzi treninqlər var ki, minik maşınlarından tutmuş TIR-lara qədər bütün avtomobillərin sürücülər onlardan keçməli, nəzəri və təcrübi imtahan verib sertifikat almalıdır;məsələn, "bp"də yalnız bu sertifikatı aldıqdan sonra sükan arxasına keçmək olar. Türkiyədəki işlərimizin də bəziləri Azərbaycana bağlıdır. Buraya TANAP kimi böyük layihədə çalışan şirkətlərə göstərdiyimiz məsləhətçi xidmətləri daxildir. Azərbaycanda isə yalnız "bp" ilə deyil, 122 firma ilə çalışırıq. Düzdür, bunların çoxu "bp"yə xidmət göstərən şirkətlərdir.

 

"Əvvəllər 10  qəza törədənlər indi artıq 2-3 qəza törədir"

 

- Şirkətlərlə işə başladığınız gün və hazırda əldə etdiyiniz nəticələr arasında nə qədər fərq var? Hər halda, sürücülər hamısı azərbaycanlılar olub. Başqa ölkələrdən də olub?

- Bəli. Əslində bizim keçdiyimiz treninqlərdə yetişkin insanlara təlimlər keçirilir. Yəni artıq sürücülük hüququ olan, maşın sürə bilən, öz maşını olan, işə maşınla gedib-gələn və ya işdə maşın işlədən insanlarla treninqlər keçirik. Bununla bağlı dünya statistikaları da var. Treninq keçən insanların qəza törətmə ehtimalları ilə treninq keçməyən insanların qəza törətmələri arasında çox böyük fərq var. Məsələn, sürtülmələr kimi kiçik qəzaları demirəm, əvvəllər ildə 10-12 dəfə böyük qəzalar törədən kompaniyalar bizimlə işbirliyinə başladıqdan sonra aşağı-yuxarı, həmin qəzalar 60-70 faiz aşağı düşüb. Yəni o zaman 10  qəza törədən, indi artıq  2-3 qəza törədir. Onlar da özlərindən qaynaqlanan səbəbdən deyil, kənardakıların səhvləri ucbatındandır. Artıq statistikalar ortaya qoyub ki, bu cür treninqlər mütləq kömək edir. Həm də bizim məqsədimiz insanların bacarıq və istedadını inkişaf etdirmək deyil. Əslində biz insanların düşüncə tərzi, fikirlərini bir az düzgün istiqamətləndirməyə çalışırıq. Yəni təhlükənin nə olduğunu hələ görməyib, bilməyibsə, təcrübəsində olmayıbsa, o təhlükə başına gəlməmiş bizim yarada bildiyimiz şəraitlə həmin təhlükə varmış kimi maşın sürməsinə imkan yaradırıq. Bu canlı təcrübələr qapalı mühitdə aparılır. Bunun üçün bizdə bütün şərait var. Qapalı məkanlarda apardığımız treninqlərdə maşının 50 km/saat sürətlə gedən sürəti nədir, nə qədər vaxta əyləci basmaq, maşını saxlama olar və digər bunun kimi vacib məqamları həm başa salırıq, həm də təcrübəsini göstəririk. Yəni sürücülər özləri 50 km-lə əyləci basırlar ki, özləri maşınların nə qədər məsafədə dayana bildiyini görsünlər və maşın saxlaya bilmə bacarığının şahidi olsunlar. Bunları görsünlər ki, sabah yola çıxanda özlərini normal apara bilsinlər.

- Sükan arxasında olan sürücünün A nöqtəsindən Z nöqtəsinə sağ-salamat getməsi üçün nə tələb olunur?

 

Hər kəs dəlidir…

 

- Maşın idarə etmək çox çətin bir işdir. Çünki bir neçə işi eyni vaxtda etməlisən. Fikir verin, yola çıxanda qarşınıza müxtəlif yol işarələri çıxır, cürbəcür insanlar küçələrdə gəzir, üzərlərində müxtəlif geyimlər var, hərəsinin paltarı başqa cürdür, rəngarəngdir. Eynilə də cürbəcür maşınlar var. Velosiped, motosiklet, piyada, maşın. Bunlar hamısı eyni yolda gedir, onların hamısını görə bilməlisən, hamısına görə özünü düzgün aparmalısan. Bu baxımdan, maşın sürmək asan deyil. Bilmələri lazım olan ən asan şey var; sükan arxasında oturanda bilməlisən ki, qarşıdan gələn hər kəs dəlidir, hər şey edə bilərlər, hər şey ola bilər. Ona görə özünü həmişə buna hazır saxlamalısan. Nə zaman qarşındakı insana güvəndin, o zaman problemlər yaranmağa başlayacaq. Yolda heç kimə güvənmək olmaz. Səndən yaxşı heç kim maşın sürmür, hər kəs "xam"dır, heç kim heç nə bilmir, sən onların hamısını idarə etməlisən, onların nə edə biləcəklərini əvvəlcədən fikirləşməlisən. Belə olduqda A nöqtəsindən Z nöqtəsinə getmək bir az daha asan olar.

- Dünyanın çox ölkələrini gəzmisiniz. Biz əsasən Türkiyə təcrübəsini götürürük ki, Türkiyədə bir çox yeniliklər var, inkişaf var və s. Bizim sürücülərdə çatışmayan nədir? 

- İlk növbədə heç nə öyrənmədən sürücülük vəsiqəsini alırlar. Bilikləri çox azdır. Türkiyədə də bu problem var. Məsələn, Almaniyanı nümunə götürək. 2 il əvvəl mənim oğlum sürücülük vəsiqəsi aldı, sadəcə sürücülük vəsiqəsi almaq üçün 4 ay sürücülük məktəbinə getdi və aşağı-yuxarı 3500 avro xərci çıxdı. Bizdə fikir verin, ölkələr arasında bunu müqayisə etdikdə, biz sürücülük vəsiqəsini necə alırıq, nə edirik? Sürücü ilk növbədə sürücülük məktəbində yaxşı treninqlər keçməlidir, hər şeyi orada öyrənməlidir ki, ondan sonra biz onun üzərinə düşən təhlükəsizliklə bağlı problemlərini həll edək. Amma hazırda Azərbaycanda da, Türkiyədə də ilk növbədə haradasa ötürücü qutunün pillələrini dəyişməsinə qədər müdaxilə edirik. Halbuki bu, bizim işimiz deyil. Apardığımız treninqlərdə qanundan suallar veririk ki, bilmədiyiniz nəsə varsa soruşun ki, onu da başa salaq. Ən önəmli olan sürücülük məktəbi sistemini yenidən fikirləşmək lazımdır. 

 

«Biz maşını at yerinə qoymuşuq»

 

- Psixoloji durum necədir?

- Biz maşına minəndə hələ də fikirləşirik ki, atla gedirik. Tarixə baxsaq, türklər hər zaman at belində gəziblər. At bizim üçün çox önəmli olub. Atı çox sevirik. Bir zamanlar hamımızın evində 1-2 at var idi. Amma fikir verin, atlar heç vaxt gedib bir-biri ilə toqquşmurdular. Hər zaman onlar yollarını tapıblar. İndi biz maşını at yerinə qoymuşuq. Fikirləşirik ki, onsuz da gedəcək. Hələ son 10 ilə baxanda vəziyyət çox dəyişib, əvvəllər 500 maşın var idi, sonra 5 min oldu, indi Azərbaycanda maşın sayı 1 milyonu keçib. Maşın o qədər çoxdur ki, artıq altlar bir-birini görmürlər. Ona görə də toqquşurlar. Əvvəllər atlar toqquşsa da bizə böyük xəsarətlər dəymirdi, ölmürdük. Amma indi 30 km sürətlə də səhv yerdə qəza etsən ölə bilərsən. Ona görə də biz psixologiyamızda dəyişiklik etməliyik və əvvəlki vaxtlardan dərs götürməliyik. Özümüzə oradakı təcrübələrdən götürüb, indiki texnologiyanın lazım olanlarına tətbiq etməliyik. İndi fikir verin, bir maşına minirsən, 10 saniyəyə saatda 100 km-ə qalxır. Maşın var, 3-4 saniyəyə də çıxır. Amma normal maşınlardan söhbət gedir. Allah bizi belə yaratmayıb axı. Biz o yan-bu yana 8-10 km sürətlə qaça bilərik. Biz indi 8-10 km-lə qaçan adamı götürüb qoyuruq maşının üstünə və deyirik ki, 100 km sürətlə qaç. Fiziki reaksiya gedən vaxtda gözlərin görüb dərk etməsi, beynində onu fırladıb reaksiyaya girməsi o qədər uzun vaxtıdır ki, 1 saniyə də çatmır. Texnologiya yaxşıdır, irəli getdi, amma biz insanlar irəli gedə bilmirik. Bizim düşüncəmiz bu qədərdir. Ən yaxşı reaksiyanı 1 saniyəyə verə bilərik. Amma 1 saniyəyə yer yerindən oynayar. 

- Necə olur ki, texnologiyanı da inkişaf etdirən insan, biz danışdığımız sürücülər də insan. Yəni biri inkişaf etdi, biri qaldı? 

- İnkişaf elədik desək düz çıxmır. Yaradılışdan bizim bacarıq və istedadımız bəllidir. Reaksiyanı bir az yaxşılaşdıra bilərsən. Məsələn,  1 saniyəni 0,8 saniyəyə sala bilərsən, ancaq yox edə bilməzsən. O vaxta baxanda texnologiyanın qarşısına bir çox şeylər çıxıb. İnsanların inkişafı maşınlardakı kimi, fizikanın inkişafındakı kimi deyil. Allah bizi belə yaradıb. Bundan daha artığını gözləmək mümkün deyil. Ona görə biz fikirləşməliyik ki, biz bu qədərik, bacarığımız bu qədərdir, maşın idarə etmədə bu qədərlə nə edə biləcəyəmsə onu etməliyəm. Məsələn, siz 30 kq qaldıra bilərsiniz, mən 20, o 50 kq. Elə adam da var ki, 200 kq qaldırır. İndi bu 200 kq-ı qaldırana desən ki, 1 tonu qaldır, mümkün olmayacaq. Yəni insana tələbatlar o qədər çoxalıb ki, bir milyon maşın, 1 milyon piyada, bir o qədər də velosiped arasında hamısına baxmalıdır, hamısını dərk etməli və qərar verməlidir. 

- Sürücülük vəsiqəsi almaq üçün Almaniya təcrübəsini dedik. Başqa ölkələrdə də olmusunuz. Məsələn Gürcüstan, Türkiyə və digər hansı ölkələrdəki təcrübə, onlar haqqında danışmağınızı istərdim. Başqa ölkələrdə sürücülük vəsiqəsi necə verilir?

- Türkiyə ilə Azərbaycan arasında çox böyük fərq yoxdur. Ola bilər Türkiyə bir az daha Avropaya yaxın mənada inkişaf edib. Sürücülük məktəbinə getməlisən, oturmalısan, baxmalısan, dinləməlisən. İmtahanda mütləq özün olmalısan. Bu kimi məsələlər var və vaxtı da uzadıblar. Almaniyada tələb edilir ki, məsələn, avtobanda 5 saat və 10 saat gecə maşın sürməlisən, sonra sürücülük vəsiqəsini verə bilərlər. Bizdə sürücülük məktəbləri gecə çıxarıb maşın sürdürür? Qanunda belə bir şey var? Xeyr. Sürücülük məktəbi də bunu tələb etmir. Qanunda bunu həll etməyimiz lazımdır. Ondan sonra bu tələbi etməliyik. Gürcüstanda da bu məsələlər yeni inkişaf edir. Eyni bizdəki kimi mədəniyyətin problemlərini onlar da hələ aşmayıblar, dəf etməyiblər. Yəni Gürcüstan da bizdən çox irəlidə deyil. Amma Gürcüstanda qəzalar barəsində Türkiyə və Azərbaycana nisbətən vəziyyət yaxşıdır. Onlar qanuna riayt etməkdə bizdən daha irəlidədirlər. Psixologiyaları qanunu tez qəbul edir. 

"Azərbaycanda yol işarələri çox azdır. 10-20 dəfə artıq işarəyə ehtiyac var"

- Bugünkü Bakının nəqliyyat infrastrukturu, yolların tikilməsindən asfaltdan tutmuş nişanlara qədər, nə çatışmır, hansı problemlər var?

- Bu bir şəhərsalma işidir. Şəhəri yaratmaq hamısı bu texnologiyanın ehtiyaclarına görə təyin edilməli, təşkil olunmalıdır. Döngələri qurarkən maşının dönmə sürətini fizika qanun-qaydalarının qarşısına keçməyəcək dərəcədə etmək lazımdır. Çox sərt döngələr etmək olmaz. Yollardakı işarələrə baxıram, təhlükənin olduğu yerə çox yaxındır. Azərbaycanda yol işarələri çox azdır. 10-20 dəfə artıq işarəyə ehtiyac var. Bir dairəni yeni düzəldirlərsə, insanlar ora hansı sürətlə gələ bilərlər, hansı sürətlə dönə bilərlər, haradan çıxacaqlar, necə çıxacaqlar kimi bir çox məqamların hamısını fikirləşib sonra dairəni qurmaq lazımdır. Yoxsa, “belə xoşum gəldi”, “burada bu qədər olmalıdır” kimi olmaz. Bu mühəndis işidir və hamısının hesabatı, ölçü-biçi qaydası var. Bunlara əsasən bütün yolları qurmaq lazımdır. Yollarda sadəcə xətti çəkməklə iş bitmir, o xəttin nə məna verdiyini insanlara başa salmaq lazımdır. Baxıb görürəm ki, "parkovka" olan yerdə sarı xətlər var, yəni parkovka etmək qadağandır, filan. Amma onun yanında qırıq-qrıq xətt var, bəs o nə üçündür? Çıxıb yola baxsaq görərik ki, çoxları xəttin üstü ilə gedir. Deyirsən, yəqin əvvəl trolleybus sürücüsü olub, indi özünü trolleybusda hiss edir. Əslində, xəttin arasında qalmaq lazımdır. Hətta şəhərlərarası yollarda gedəndə sürət artanda xəttin sağına, yavaşlayanda soluna doğru yanaşmaq lazımdır. Xəttin içində belə qaydalar, məntiq qaydaları var. Yəni təhlükəsiz sürə bilmək üçün edilməsi lazım olan məqamlar var, əməl ediləsi məqamlar çoxdur. Amma biz ilk növbədə xətti düzgün çəkməliyik. Sonra insanlara bunu başqa salmaq lazımdır ki, bu xətdə getmək lazımdır.

«Yol hərəkəti qaydalarını ən yaxşı yol polisləri bilməlidir»

- Bakıda özünüz avtomobil idarə etmisiniz?

- Bəli. 

- Yol polisləri ilə ünsiyyətiniz yaranıbmı, sizə nə cür təəssürat bağışlayır?

- Yol mədəniyyəti hələ inkişaf edəcək. Azərbaycanda da, Türkiyədə də polis təxminən eynidir. Amma polisin işi cərimə yazmaq deyil. Polisin işi mənə yol göstərmək, mənə kömək etməkdir. Onsuz da o vergilərdən aldığı pulla yaşayır. Sən, mən dövlətə vergi ödəyirik, o vergidən onlara maaş verilir. Yəni, əslində, polis mənə kömək etməlidir. Səhv edə bilərəm. Təbii ki, səhv etsəm cəriməni yazacaq. Amma bunu edərkən hər zaman yadında saxlamalıdır ki, mən bu insanlara kömək etmək üçün varam. Onları idarə etməliyəm, yol göstərməliyəm. Düzdür, cərimə yazırsan, amma o adama başa salmaq lazımdır ki, cərimə nə üçün önəmlidir. Sadəcə “cərimə yazdım, get bunu ödə” demək olmaz. Niyə o cərimə var, niyə orada durmaq olmaz, nə üçün orada o sürətlə getməməli idin? Bunları ona başa salmaq lazımdır. Yol hərəkəti qaydalarını ən yaxşı yol polisləri bilməlidir. Hamımızdan çox yaxşı onlar bilməlidirlər. Qanunları bir vəkildən çox daha yaxşı bilməlidirlər ki, insanları başa sala bilsinlər. Təəssüf ki, Azərbaycan da, Türkiyədə də belə polislər azdır.

- Piyadalarla bağlı Bakıda gördüyünüz vəziyyət, ümumiyyətlə, piyadalarla bağlı durum, insanların düşüncəsi necədir?

- Hər zaman sürücülərdən söhbət gedir, amma yol sadəcə maşınlara aid deyil. Piyadalar da bu yollarda gəzirlər. Piyadaların da bilikləri aşağıdır, nə qanunları bilirlər, də haradan keçmək lazım olduğunu. Bəzən öz-özümə çox qorxuram, baxıram ki, piyada özünü atır yola. Mən adım kimi əminəm ki, maşın ona o sürətlə toxunsa o adam 100 faiz öləcək. Çünki qanunlar yazır, statistikalar var ki, 60 km-lə bir insan toqquşsa, dəqiq öləcək. Qarşıda 60 km-lə bir maşın gələndə onun qarşısına qaçırlar. Bir insan bunu bilə-bilə özünü yola atmaz. Demək ki, bilmir. Adam deyir ki, maşın tormuz versin. Ay qardaş, haradan fikirləşirsən ki, tormuz edə biləcəkmi, maşının tormuzu yaxşı işləyirmi, o adamı, sürücünü haradan tanıyırsan ki, gvənirsən ona? Bunların hamısı piyadaların da qaydalar barəsində biliklərinin nə qədər az olduğunu göstərir. Demək ki, yol mədəniyyəti mövzusunda sadəcə sürücülərin yox, hər kəsin, piyadaların da mədəniyyəti yüksək olmalıdır. Hər kəs qanunu bilməlidir. Ona görə də filmlərdəki məqamlar,  dövlətin edəcəyi reklamlar, seminarlar olmalıdır. Hər tərəfdə insanlara yol qaydalarını,  yolun təhlükələrini başa salmağın yolunu tapmalıyıq. Bu sadəcə nə mənim, nə də sizin etməyinizlə olmaz. Hər kəsin, xüsusən dövlət bunun lideri olmalıdır. 

- Əvvəlki görüşümüzdə rejissorlar məsələsinə toxunduq. Siz dediniz ki, Türkiyədə də zaman-zaman bununla çox məşğul olmusunuz. Filmər, seriallar çəkilərkən bu şeylərə diqqət etmək lazımdır. Çünki məşhur insanlar digərlərinə örnəkdir. Bunu Türkiyədə necə etdiniz ki, bu gün həqiqətən baxırıq ki, istər filmlərdə, istər seriallarda bu problem artıq görünmür. Təhlükəsizlik kəmərlindən istifadə olunur, qaydalara əməl edilir. Azərbaycanda da yəqin müəyyən filmlərə, seriallara baxırsınız. Bu baxımdan, çatışmazlıqlar varmı?

- Öncə bizim rejissorları məlumatlandırmağımız lazımdır. Rejissorlara başa salmaq lazımdır ki, ilk növbədə onlar özləri başa düşməlidirlər ki, özləri təhlükəsizlik kəmərini taxmasalar nəsə olacaq. Bunu rejissor bilirsə, filmlərində bunu tətbiq edəcək. İndi təəssüf ki, rejissorlar özləri də bunu bilmir, özləri də təhlükəsizlik kəmərini taxmır. Bizim təhlükəsizlik kəməri ilə bağlı seminarlarımız var ki, maşınların aşması və toqquşması zamanı bu nə işə yarayır Biz adamları maşında oturduruq və deyirik, sür. İmkan veririk ki, o həmin enejini hiss etsin. Biz onları öyrədirik və sonra onlar istər-istəməz öz filmlərində də bu kimi məqamlara diqqət edilər. Bu əslində hər tərəfdə söhbət edilməsi lazım olan mövzudur. 

- Dövlətin müdaxiləsi lazımdırmı?

- Dövlət elə etməlidir ki, bəlli vaxtlarda televiziya kanallarında bu barədə danışılsın. Yəni hər kəsin izlədiyi vaxtlarda. İnsaların çoxunun televizyaya baxdığı vaxtlarda söhbətlər aparılmalıdır. Sadəcə bir yerə bir yazı yazmaqla olmaz. Oturub diskussiya etmək lazımdır. Sən başa salmalısan ki, bunu niyə belə etməliyik, niyə təhlükəsizlik kəməri taxmalıyıq, niyə maşında hava şarı var, ABS nədir və s. Bunların hamısı barədə danışmaq lazımdır ki, yavaş-yavaş insanların beyninə girsin. Çünki hər keçən gün problem daha da böyüyür. Dövlətlə bərabər mən, sən, o, hamımız imkan tapdıqca insanlara başa salmalıyıq, insanlara örnək olmalıyıq. Lider olmağımız lazımdır ki, onlar da sabah bizim kimi etsinlər. Sizin dediyiniz kimi filmdəki məşhur adam təhlükəsizlik kəməri taxarsa adi insanın xoşu gələr. Bir neçə dəfə baxdıqdan sonra o da taxmağa başlayır. Hamımız bunu etməliyik. Təsir vasitələrindən mütləq istifadə olunmalıdır. Televiziya insanların evinə gedə bilən ən yaxşı vasitədir. Ona görə də televiziyalarda mütləq bu barədə danışılmalıdır. Yol polisi, məsləhətçilər, həkimlər gəlməlidirlər,  qanunu yazanlar, qanunu qoyanlar oturub diskussiya etsinlər və insanları başa salsınlar. 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh