Yol polisinə nələr yasaqdır?

Yeniliklər 24 Aprel 2014 00:00 Oxunub 6094
Yol polisinə nələr yasaqdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qaydalar DYP-nin sürücünü dayandırmasını qadağan etmir

İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən son dəyişiklikdən sonra sürücülərdə elə təəssürat yaranıb ki, artıq onları Dövlət Yol Polisi (DYP) saxlamayacaq. Halbuki yeni qaydalar yol polisinə sürücünü dayandırmağı qadağan etmir. Yeni qüvvəyə minən qanun DYP əməkdaşlarına radar və ya kameralar vasitəsilə aşkarlanmış qayda pozuntularına görə sürücüləri dayandıraraq bu cür xətalar barədə protokol tərtib etməyi yasaqlayır. Burada söhbət həmin hallarda sürücünun inzibati məsuliyyətə cəlb edilməsi və protokol tərtibi üçün dayandırılmasının qadağan edilməsindən gedir.

 

“Sürücünün yol polisinə etiraz etmək haqqı yoxdur”

 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin 2-ci bəndi və “Yol-patrul xidməti haqqında” təlimat nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti qaydaları və ya yol hərəkəti təhlükəsizliyi qaydalarını pozduğu istənilən halda DYP əməkdaşına həmin nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti verir. Sadəcə, həmin qayda pozuntusu radar və ya kamera vasitəsilə aşkar edilibsə, qanun DYP əməkdaşına yerində protokol tərtib etməyi qadağan edir: “Hələlik qanun bu vəziyyətdədir. Şəxsən mən hesab edirəm ki, DYP-nin bu səlahiyyəti olduğu kimi qalmalıdır, çünki bu, yol hərəkəti təhlükəsizliyi üçün çox vacibdir və əslində sürücünün özünə də faydalıdır.

 

Faydası ondan ibarətdir ki, DYP əməkdaşı qaydanı pozan sürücünü saxlamaqla onu xəbərdar edir ki, filan qaydanı pozdunuz, diqqətli olun, yaxud bir də bunu təkrarlamayın. Amma həmin DYP əməkdaşı radar və ya kamera vasitəsilə qeydə alınan qayda pozuntusu barədə protokol tərtib edə bilməyəcək.

Sürücünün radara düşdükdə onu dayandıran DYP əməkdaşına “Məni niyə dayandırdınız?” deyərək etiraz etməyə haqqı yoxdur. Amma bu halda DYP əməkdaşı protokol tərtib etmək istərsə, buna etiraz edə bilər, çünki qanun protokolun tərtib olunmasını yasaqlayır".

 

"Bu, 80 manat cərimələnmək deməkdir"

 

Ekspertin fikrincə, ümumiyyətlə, DYP əməkdaşının sürücüyə ünvanladığı dayanma göstərişini hər bir halda icra etmək lazımdır: “Çünki bəri başdan sürücünün dayandırılmasının səbəbi bəlli deyil. Ola bilər ki, DYP əməkdaşı sürücünü hansısa təhlükə barədə məlumatlandırmaq üçün saxlamaq istəyir. Nəzərə alın ki, DYP əməkdaşının qanuna müvafiq qaydada verilmiş dayanma barədə göstərişini icra etməmə İXM-nin 151.3-cü maddəsinə əsasən sürücüyə  80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək.

 

Hələlik sürət həddinin 10-20 km/saat həddində aşılmasına görə inzibati məsuliyyət köhnə qaydada olduğu kimi qalır. Kəmər taxmadan sürmə, işıq cihazlarından istifadə qaydalarını pozma, sərxoş vəziyyətdə sürmə, sürücülük vəsiqəsi olmadan sürmə, texniki baxışdan keçməmə, texniki nasazlığı olan nəqliyyat vasitəsini idarə etmə, dayanma-durma qaydalarını pozma və sairə yenə də köhnə qaydada sənədləşdiriləcək. Digər tərəfdən, kameralar vasitəsilə qeydə alınmayan, o cümlədən, kameraların olmadığı yerlərdə qeydə alınan istənilən qayda pozuntusunun sənədləşdirilməsi də əvvəlki kimi qalır".

 

“Cərimələrin artırılması qəzaları azaldıb”

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirir ki, yol hərəkəti qaydalarına həm yol polisləri, həm Bakı şəhərində quraşdırılmış kameralar vasitəsilə də nəzarət edilir: “Gün ərzində minə yaxın yol hərəkət qaydaları pozanlar barəsində tədbir görmək üçün fotomateriallar hazırlanır. Avtomatik olaraq elektron qaydada protokol tərtib edilir. Yəni mərkəzi məlumat xidmətinin vasitəsi ilə avtomatik olaraq törədilmiş xətaya görə material tərtib olunur və 3 gün müddətində vətəndaşa məlumat verilməsi üçün həmin material bildiriş olaraq sürücünün ünvanına göndərilir. 10 gün müddətində də vətəndaş məlumat verməlidir. Vətəndaşa avtomatik olaraq törətdiyi xətaya uyğun cərimə məbləği və bal müəyyən edilir, o da cəriməni vaxtında ödəməlidir. Ödənilmirsə, cərimə hər gün 2 faiz artır. Bütün bunların məqsədi törədiləcək inzibati xətaların qarşısını almaq, yol hərəkətində nizam-intizamı yüksəltmək, yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməkdir".

 

Şöbə rəisinin sözlərinə görə, son vaxtlar qanuna edilən əlavə və dəyişikliklər, sərtləşdirici tədbirlər yol-qəza hadisələrinin sayını minimuma endirib: “Söz-söhbət yayılıb ki, guya cərimə balları ləğv edilib. Ancaq peşəkar sürücü bu qanunları çox gözəl bilir. Son zamanlar yol hərəkəti haqqında qanuna və inzibati xətalar məcəlləsinə bir-birindən vaxtın, şəraitə uyğun dəyişikliklər edilib ki, bu da zəruridir.

Nə qədər ki, təhlükəsizlik kəmərindən istifadə edilməməsinə görə 15-20 manat cərimə müəyyən edilirdi, heç kəmər taxmırdı. Ancaq cərimə 40 manat olduqdan sonra təhlükəsizlik kəmərindən istifadə edənlərin 35-40 faiz oldu. Eynilə avtomobil sürə-sürə mobil telefondan istifadə etmək üçün cərimə 50 manata yüksəldikdən sonra bu halların sayı azalıb. Sərxoş şəkildə avtomobil idarə etməyin cəriməsi də cüzi bir məbləğ idi. 100 manatlıq cərimə hazırda 800 manata yüksəldilib. İnzibati həbsin də 3 ay müddətinə qaldırılması spirtli içkidən istifadə edib sükan arxasına keçənlərin də sayını azaldıb. Yəni cərimələrin sərtləşdirilməsi törədilən xətaların qarşısını alır".

 

Sevinc FƏDAİ

«GündəlikTeleqraf» qəzeti

ŞƏRH YAZ
Ad

E-mail

Şərh