Tamahkarı yalançı aldadar və ya “Volvo”nun Şimali Koreyada batan pulları - FOTOLAR

Şimali Koreyada avtomobillər ölkənin siyasi və diplomatik prioritetlərinin göstəricisidir. Avtosfer.az xəbər verir ki, Kim sülaləsinin ən sevimli modeli olan “Mercedes”i əldə etmək hər kəsə nəsib olmur. Küçələrdə rast gəlinən yapon və Cənubi Koreya modelləri isə çox köhnədir, müasir yapon və koreyalılar bu avtomobilləri yalnız muzeydə və İnternetdə görüb. Bu avtomobillər də 70-ci illərdə münasibətlər isti olarkən gətirilib. Sovet və rus maşınları isə kifayət qədər çoxdur. Çin avtomobilləri də durmadan artır.
70-ci illərin əvvəllərində yeni bazarlar axtaran “Volvo” Maonun Çininə yük avtomobilləri satır. Bundan sonra şirkət ÇXR-lə eyni siyasi sistemdə olan Şimali Koreyaya da girişmək niyyətinə düşür. Şimali Koreyanı dünyada tanınmaq, İsveçi isə KXDR-in təbii ehtiyatları maraqlandırırdı.
Nəhayət müqavilə imzalanır və 1974-cü ildə hərbi təyyarələrlə 1000 ədəd “Volvo 144” yarımadaya gətirilir və əsl qalmaqal bundan sonra başlayır. Bütün sosialist ölkələrindəki kimi Şimali Koreya da nağd pulun kənara çıxmaması üçün avtomobillərin dəyərini nağd deyil, mübadilə yolu ilə ödəməyi təklif edir. Maşın müqabilində düyü və mis filizi təklif edilir. Zavod razı olmur və məsələni həll etməkdə İsveç hökuməti vasitəçi olur. Çünki sövdələşməyə İsveç hökuməti zəmanət vermişdi. Kİm Çen İr (indiki lidcer Kim Çen Inın babası) “Volvo”nun qeyri peşəkar davranışından istifadə edərək şıltaqlığa başlayır. Nəhayət 1975-də Erik Kornel Şimali Koreyaya səfir təyin edilir. Kornel yarımadanı 1977-də tərk etsə də İsveç səfirliyi bu gün də Pxenyanda fəaliyyətini davam etdirir. “Volvo”lar bu gün də Koreya yollarında görünməkdədir. Pxenyana gələn avropalılara bu avtomobillər antik avtomobil kimi təqdim edilir.
Lakin pulu almaq mümkün olmur. Hər il İsveç hökuməti məsələ ilə bağlı 2 dəfə Pxenyana məktub göndərir. Pxenyan isə bu məktublara sadəcə olaraq cavab vermir. Bu gün də İsveç Şimali Koreyadan gecikmə faizi ilə birgə min avtomobil üçün 300 milyon avro tələb edir.
Bu hadisədən sonra Şimali Koreya bir daha avtomobil almaq üçün “imperialist” dövlətə müraciət etmədi. Çünki 1969-da “böyük qardaş” “Şərqin Mercedesi”nin (QAZ-24) istehsalına başlamışdı. Bundan 1 il sonra isə “dahi rəhbər”in ad günündə, sovet avtosənayesinə dünya şöhrəti gətirəcək Volqa Avtomobil zavodu – VAZ fəaliyyətə başladı.
Şimali Koreyanın ardından 80-ci illərin sonunda “Volvo” Çindən də suyu süzülə süzülə çıxdı. Onun yerini alan “MAN”ın isə işləri uğurla gedir.
2008-ci ildə Şimali Koreya hökuməti dövlət adamları üçün 300 ədəd “Lada” (o cümlədən Niva) aldı. Halbuki cənublu qardaşın istehsal etdiyi avtomobillər keyfiyyət və qiymət baxımından rus modellərini kölgədə qoyur. Şimali Koreya hökumətinin bu davranışını ölkənin siyasi prioritetləri ilə izah etmək olar.
Xatırladaq ki, “Volvo 140” seriyası 1966-1974-cü illərdə istehsal edilib. Sonra onu 240 modeli əvəzləyib.
Vüqar Yaşaroğlu
















