28 May Azərbaycanın şanlı müstəqillik tarixinin təməli ilə bağlı DEPUTATLAR DANIŞDI

Gündəm 28 May 2026 09:30
28 May Azərbaycanın şanlı müstəqillik tarixinin təməli ilə bağlı DEPUTATLAR DANIŞDI
WhatsApp kanalımıza abunə olun

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ilə xalqımız öz müstəqil dövlətini quraraq Şərqdə ilk demokratik parlament respublikasının əsasını qoydu. Bu tarixi hadisə Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və milli azadlıq ideyasının gerçəkləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. 28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birliyinin və güclü dövlətçilik ənənələrinin simvoludur. Bu əlamətdar gün Azərbaycan xalqının müstəqil, güclü və qalib dövlət olaraq gələcəyə inamla addımladığını bir daha nümayiş etdirir.

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Avtosfer.az-a açıqlamasında bildirib ki, əslində, müstəqillik bir xalqın şəxsiyyət vəsiqəsidir. Necə ki, insanın şəxsiyyət vəsiqəsi onun kimliyini və varlığını təsdiq edən əsas sənəddir, eyni şəkildə müstəqillik də bir xalqın dünyada varlığını və kimliyini təsdiqləyən ən böyük dəyərdir.

“Şəxsiyyət vəsiqəsi olmayan insan necə sərbəst şəkildə özünü ifadə edə bilmirsə, müstəqilliyi olmayan xalqlar da beynəlxalq aləmdə öz sözünü deyə bilmir, daim hansısa gücün təsiri və himayəsi altında qalırlar.

Bu baxımdan, müstəqillik sadəcə əldə olunan siyasi status deyil, həm də qorunmalı və yaşadılmalı olan milli dəyərdir. Bu gün dövlətimiz müstəqilliyi qorumaq üçün güclü müdafiə sistemi, qüdrətli ordu və möhkəm dövlət institutları formalaşdırıb. Lakin ən vacib məsələ müstəqilliyi sadəcə qorumaq deyil, onu cəmiyyətə yaşatmaqdır. Hər bir vətəndaş müstəqilliyi öz gündəlik həyatında hiss etməli, onun verdiyi imkanları görməli və bu dəyərin məsuliyyətini dərk etməlidir. Bu isə ilk növbədə vətəndaşın rifahı, ədalətli cəmiyyətdə yaşaması, hüquqlarının təmin olunması və vəzifələrini vicdanla yerinə yetirməsi ilə bağlıdır. Çünki müstəqillik yalnız dövlət sərhədləri ilə ölçülmür, eyni zamanda insanların azad, təhlükəsiz və ləyaqətli həyat yaşaması ilə mənalanır. Müstəqilliyi yaşamaq anlayışı cəmiyyətə daha geniş şəkildə aşılanmalıdır. Çünki insanların gündəlik həyatında hiss olunmayan müstəqilliyi qorumaq da çətin olur. Babalarımızın bizə miras qoyduğu bu dövlətçilik ənənəsi və azadlıq ruhu böyük nemətdir. Bəlkə də bu gün bizə adi görünən müstəqillik əslində xalqımızın tarix boyu apardığı ağır mübarizələrin nəticəsidir. Ona görə də hər birimiz müstəqilliyin qədrini bilməli, onu qorumalı və gələcək nəsillərə daha güclü şəkildə ötürməliyik. Çünki xalqların və millətlərin dünyada varlığını davam etdirməsinin əsas yolu məhz müstəqil və güclü dövlətə sahib olmaqdan keçir”.

Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixinin deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində yeni mərhələnin əsasını qoydu.

“Azərbaycan xalqı həmin gün ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını quraraq milli dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə təkcə bir dövlətin yaranması deyildi; o, milli özünüdərkin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin siyasi təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, qısa müddətdə həyata keçirdiyi fundamental islahatlar dövlətçilik tariximizdə silinməz iz qoydu. Məhz həmin dövrdə parlament formalaşdırıldı, hökumət təsis edildi, dövlət atributları qəbul olundu, milli ordu yaradıldı, diplomatik fəaliyyətə başlanıldı və Azərbaycan beynəlxalq münasibətlər sisteminə daxil oldu. Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun verilməsi isə Cümhuriyyətin demokratik mahiyyətini və mütərəqqi xarakterini açıq şəkildə nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət olduğunu bəyan etməklə yanaşı, xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəçilik prinsiplərini də təsbit etdi. Bu sənəd Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının siyasi və hüquqi əsasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli ordu formalaşdırıldı, dövlət bayrağı qəbul edildi, vətəndaşlıq institutu təsis olundu, təhsil və məhkəmə-hüquq sistemində mühüm islahatlar həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli kadr hazırlığı və intellektual inkişaf baxımından strateji əhəmiyyət daşıyan qərar idi. Cümhuriyyət hökumətinin əsas prioritetlərindən biri də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak və aparıcı dövlətlərlə diplomatik əlaqələrin qurulması istiqamətində görülən işlər nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı. Bu amil 1920-ci il bolşevik işğalından sonra belə Azərbaycanın siyasi xəritədən tam silinməsinin qarşısını alan mühüm hüquqi əsaslardan biri oldu. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar və idarəetmə böhranı dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı.

Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Onun siyasi iradəsi və uzaqgörən strategiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, hüquqi dövlət quruculuğunun əsası yaradıldı və Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri müasir Azərbaycan dövlətçiliyinin əsas siyasi fəlsəfəsinə çevrildi. Məhz onun rəhbərliyi ilə Azərbaycan öz geosiyasi və iqtisadi potensialını reallaşdırmağa başladı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağın dövlət bayrağı kimi qaldırılması isə müstəqilliyə gedən yolun siyasi başlanğıcı oldu. Bu addım sovet sisteminin mövcud olduğu bir dövrdə milli iradənin və dövlətçilik əzminin nümayişi idi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu dövlətçilik ənənələri daha da gücləndirilir. Müasir Azərbaycan siyasi sabitliyi, iqtisadi inkişafı, güclü ordusu və müstəqil xarici siyasəti ilə regionun aparıcı dövlətinə çevrilib. Cənab Prezidentin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan yalnız iqtisadi baxımdan deyil, həm də diplomatik və geosiyasi müstəvidə mühüm güc mərkəzi kimi mövqeyini möhkəmləndirib. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat layihələri, regional əməkdaşlıq platformaları və çoxşaxəli diplomatik siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər isə müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu qələbə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalmış milli dövlətçilik missiyasının tamamlanması kimi qiymətləndirilir. Bu gün üçrəngli Azərbaycan bayrağının Şuşada, Qubadlıda, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş torpaqlarda dalğalanması dövlətçilik tariximizin ən böyük siyasi və mənəvi nailiyyətlərindən biridir. Prezident cənab  İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik yalnız siyasi status deyil, həm də milli iradə, güclü dövlət və qalib xalq deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan balanslaşdırılmış xarici siyasət ənənəsi bu gün də uğurla davam etdirilir. Azərbaycan həm türk dünyasında, həm İslam aləmində, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal və etibarlı tərəfdaş kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi və qlobal enerji təhlükəsizliyində oynadığı rol ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini göstərir. Müasir Azərbaycanın uğurları bir daha sübut edir ki, 1918-ci ildə əsası qoyulan dövlətçilik ideyası yaşayır və inkişaf edir. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi bu gün müstəqil, güclü və qalib Azərbaycanın timsalında yeni mərhələyə qədəm qoyub. 2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması dövlətçilik tariximizə verilən yüksək siyasi qiymətin ifadəsidir. Bu qərar Azərbaycanın məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü artıq fərqli tarixi şəraitdə ərazi bütövlüyünü təmin etmiş, regional liderə çevrilmiş və beynəlxalq nüfuzu artmış qalib dövlət kimi qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən əsası qoyulan milli dövlətçilik ideyası bu gün cənab Prezidentin rəhbərliyi ilə daha da güclənir. Müasir Azərbaycan həm siyasi, həm iqtisadi, həm də diplomatik müstəvidə müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir güclü dövlətdir”.

Deputat Hikmət Babaoğlunun fikrincə, Azərbaycanın Müstəqillik Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir.

“Çünki dünyada hər xalqa öz müstəqil dövlətini qurmaq nəsib olmur. Azərbaycan xalqı isə minilliklər boyu müxtəlif dövrlərdə, müxtəlif adlar altında dövlətlər quraraq zəngin dövlətçilik ənənəsi və güclü siyasi yaddaş formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev WUF13 sessiyasında çıxışı zamanı Azərbaycanın qədim dövlətçilik tarixindən bəhs edərək bir sıra tarixi dövlətlərin və onların paytaxt şəhərlərinin adlarını xüsusi vurğulayıb. Bu, Azərbaycan xalqının dövlət qurmaq bacarığının və zəngin dövlətçilik irsinin dünyaya təqdimatı idi. Prezident Albaniya dövrü Azərbaycan dövlətçiliyini xatırladaraq qədim Qəbələ şəhərinin adını çəkib. Həmçinin Atabəylər dövlətindən və onun paytaxtı Naxçıvandan bəhs edib, Əcəmi Naxçıvaninin şəhərsalma sahəsindəki xidmətlərini qeyd edib. Şamaxının adının çəkilməsi isə Şirvan dövlətçilik ənənələrinin tariximizdəki yerini bir daha nümayiş etdirib. Bu faktlar göstərir ki, bugünkü müstəqil Azərbaycanın ərazisində tarixi miladdan əvvəlki dövrlərə gedib çıxan dövlətçilik ənənələri mövcud olub.

Bütün bunlar sübut edir ki, Azərbaycan xalqı tarix boyu öz taleyini müəyyən etməyi və suveren iradəsini qorumağı bacaran xalqlardan biridir. Məhz buna görə də Müstəqillik Günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Biz bu gün fəxr edirik ki, müstəqil dövlətimiz var. Eyni zamanda fəxr edirik ki, müstəqillik tariximiz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin irsinə söykənir. Məhz həmin tarixdə əsası qoyulan dövlətçilik ideyası bu gün də yaşayır və inkişaf edir. Bu müstəqillik həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın güclənməsinə, ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxarıb. Ona görə də müstəqillik düşüncəsini daim yaşatmalı, onun dəyərini bilməli və gələcək nəsillərə ötürməyi bacarmalıyıq”.

Milli məclisin deputatı Azər badamov qeyd edib ki, 28 May Müstəqillik Günü həm də Azərbaycan xalqının mübarizə tarixidir.

“Şübhəsiz ki, Azərbaycan tarixinin şanlı səhifəsidir. Ona görə şanlı ki, bu müstəqillik asan əldə olunmayıb. Müstəqilliyimizi canımız, qanımız bahasına əldə etmişik. Azərbaycan xalqı hər zaman azad yaşamaq, başqalarından asılı olmamaq, dövlət qurmaq istiqamətində əzmlə çalışıb. Çünki xalqımızın xislətində uca olmaq, azad yaşamaq, müstəqil olmaq var.

Azərbaycan xalqı 1918-ci ilin mayın 28-də Şərqdə ilk demokratik respublikanı qurmaqla nə qədər mübariz, əzmkar bir xalq olduğunu sübut etdi. Dövrün bütün çətinliklərinə baxmayaraq, xalqımız böyük güclərə qalib gəldi. 23 ay yaşamasına baxmayaraq Azərbaycan Demokratik Respublikası tarixi nailiyyətlərə imza atdı. Bu, milli ruh və sarsılmaz iradənin təsdiqi idi. Təbii ki, bu ruhda olan xalqı sındırmaq və əzmək mümkün deyildi. Xalqımız öz müqəddəratını təyin etmə, müstəqilliyini qorumaq yolunda hər zaman cəsarət və fədakarlıq nümayiş etdirib. Məhz elə o xalqın nümayəndələri idi ki, 44 günlük Vətən müharibəsində gözlərini belə qırpmadan canlarını torpağımız uğrunda, Vətənimiz uğrunda fəda etdilər. Müstəqillik gününün özü də Vətən müharibəsindən sonra tamamilə yeni bir sima alıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki: “Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir". Biz bu Zəfərə həm də layiq olmalı, layiqli davranmalıyıq.  Bu məqamda qeyd olunmalıdır ki, Müzəffər Liderimiz başda olmaqla Azərbaycan xalqı dərindən dərk edir ki, müstəqilliyi heç kim bizə hədiyyə etməyib, biz onu kimlərinsə güzəşti hesabına əldə etməmişik. Biz onu öz canımızla, qanımızla əldə etmişik. Eləcə də Şanlı Zəfərimizə gedən yolda qarşımıza sədlər çəkilməsinə baxmayaraq biz bu sədlərin hər birini aşdıq. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik."

Ümummilli Liderimizin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tarixi addım atdı. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü kimi iki fərqli günün təqvimə daxil edilməsi ondan xəbər verir ki, Azərbaycan xalqı dövlət qurmaq və yaratmaq uğrunda yeni mübarizəyə qalxmış bir xalq deyil. Biz müstəqilliyə 1991-ci ildə qovuşmamışıq. Bizim müstəqilliyimiz 1918-ci ilin 28 mayında əldə edilib. Biz isə yenidən onu 1991-ci ilin 18 oktyabrında bərpa etdik. Bütün dünyaya göstərdik ki, biz heç bir halda müstəqil, azad yaşamaq sevdamızdan dönməyəcəyik və öz müqəddəratımızı özümüz həll edəcək”.

Millət vəkili Müşfiq Məmmədli Avtosfer.az-a müsahibəsində bildirib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli səhifələrdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını qurdu.

“Bu, xalqımızın azadlıq iradəsinin, milli kimlik şüurunun və dövlət qurmaq qabiliyyətinin parlaq təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, dövlətçilik tariximizdə dərin iz buraxdı. İlk parlamentin və hökumətin yaradılması, dövlət bayrağının qəbul edilməsi, vətəndaşlıq institutunun təsis olunması, milli ordunun qurulması, təhsilin milliləşdirilməsi, Bakı Dövlət Universitetinin yaradılması kimi addımlar müasir Azərbaycan dövlətinin ideya və hüquqi əsaslarını formalaşdırdı.

Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında da bu varislik açıq şəkildə təsbit olunmuşdur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətin vəzifədir. Məhz Ulu Öndərin siyasi iradəsi sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçilik əsaslarını möhkəmləndirdi və sabit inkişaf yoluna çıxdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin idealları real həyatda öz ifadəsini tapır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması müstəqilliyimizin dönməzliyinin ən böyük göstəricisidir. Bu gün qarşıda duran əsas vəzifə müstəqilliyimizi daha da möhkəmləndirmək, milli birliyi qorumaq, dövlətimizin beynəlxalq nüfuzunu artırmaq, iqtisadi və hərbi gücümüzü daha da inkişaf etdirməkdir. 28 May təkcə tarix deyil, həm də gələcək nəsillərə verilən dövlətçilik əmanətidir. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova

Oxunub : 6
ŞƏRH YAZ
Ad

E-mail

Şərh