İçərisindən taxta parçası çıxan çörəklə bağlı zavod direktorundan açıqlama - FOTO

Azərbaycan əhalisi üçün çörək müqəddəsdir. İnsanlar çörək kəsdikləri adama xəyanət etməz, çörəyə and içər və çörəyi halal yolla qazanmağa can atarlar. Yerə düşən çörək qırıntısını götürüb, öpüb gözlərinə qoyarlar. Bir sözlə, çörəyə münasibət fərqlidir. Ölkədə çörək əsas qida hesab edildiyindən onun bişirilmə texnologiyası, hazırlanma ənənəsinin mövcudluğu hamıya məlumdur. Lakin müxtəlif vaxtlarda sosial şəbəkələrdə çörəyin içərisindən yad cisim, həşərat, taxta qırıntısı, sümük parçası çıxdığına dair yayılan məlumatlar mövcud ənənəyə sadiqliyi şübhə altına salır. Aprel ayının 30-da evinə çörək alan vətəndaşlardan biri oxşar halla qarşılaşıb. Belə ki, Bakıda müştərinin mağazadan aldığı çörəyin içindən taxta qırıntısı çıxıb.
Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaş iddia edir ki, həmin ərazidəki “Araz” marketdən aldığı çörək “Binə” çörək zavoduna məxsusdur.
O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Aldığı çörəyin videosunu çəkən müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib. Məsələ ilə bağlı sözügedən zavodla əlaqə saxlanılıb. “Binə” çörək zavodunun direktoru Seymur Babayev Bizim.Media-ya deyib ki, belə halın olması qeyri-mümkündür:
“Çörəyin içərisindən taxta parçasının çıxması qurama işdir. Şirkətin adına ziyan vurmaq üçündür. Bizdə unun hamısı ələkdən keçirilir, standartlara uyğun hazırlanır. Çox adam sosial şəbəkədə hər şeyi şişirdərək paylaşım edir. Taxta ilə əlaqəsi olan bir şey yoxdur ki, deyəsən ki, taxta olsun. Unlar hamısı ələkdən keçirilir, taxta parçası onun içərisinə düşə bilməz axı”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Bizim.Media-ya məsələnin nəzarətə götürüldüyünü bildiriblər:
“Bununla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək”.


Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO








