Banner

Milli maraqlara, dövlətçiliyə və davamlı inkişafa xidmət edən siyasi qüvvə

Gündəm 21 Noyabr 2026 12:00
Milli maraqlara, dövlətçiliyə və davamlı inkişafa xidmət edən siyasi qüvvə
WhatsApp kanalımıza abunə olun

21 noyabr 1992-ci ildə təsis edilən Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində böyük və şərəfli inkişaf yolu keçərək Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini müasir dövrün çağırışlarına və ölkənin strateji inkişaf hədəflərinə uyğun şəkildə davam etdirir.

Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev YAP-ın VIII qurultayında partiyanın ölkənin və bütövlükdə regionun ictimai-siyasi həyatındakı mövqeyini yüksək qiymətləndirərək bildirmişdir: “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.” Hazırda partiyanın üzvlərinin sayı 769 811 nəfərdir.

2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında partiyanın yeni Nizamnaməsi qəbul edilmiş, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq olunmuşdur. Yeni Nizamnaməyə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə həmin tarixdə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir.

Partiyanın Proqramı 2021-ci il dekabrın 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edilmişdir. Beş fəsildən ibarət olan Proqramda partiyanın inkişafı və uğurları, siyasi dəyərləri və prinsipləri, partiyadaxili münasibətlərin əsasları, strateji hədəfləri, eləcə də Azərbaycanın yeni zirvələrə aparılması istiqamətində qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Proqramda partiyanın siyasi dəyərlər və prinsiplər sisteminin əsasını təşkil edən 10 strateji istiqamət müəyyənləşdirilmişdir. Bunlara Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı daxildir. Partiyadaxili münasibətlərdə isə peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, innovativlik, elmlilik və müasirlik əsas meyarlar kimi müəyyən olunmuşdur.

YAP-ın Proqramında 11 strateji hədəf də öz əksini tapmışdır. Bu hədəflər Ulu Öndər Heydər Əliyev irsinin təbliğindən güclü iqtisadiyyatın və davamlı inkişafın təmin edilməsinə, insan kapitalının inkişafından sosial ədalətə, milli maraqların qorunmasından ordu quruculuğuna və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa qədər geniş istiqamətləri əhatə edir.

Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam siyasi dialoqun və konstruktiv əməkdaşlığın təşviqinə də xüsusi önəm verir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri milli maraqların və dövlətçilik prinsiplərinin siyasi fəaliyyətin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir. Son illərdə keçirilmiş seçkilərin nəticələri də partiyanın cəmiyyətdəki mövqeyinin və xalqın ona göstərdiyi etimadın göstəricisidir. Belə ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev 92,12 faiz səs toplamış, həmin il sentyabrın 1-də keçirilmiş parlament seçkilərində partiya 68 mandat qazanmış, 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində isə YAP-ın 5855 üzvü bələdiyyə üzvü seçilmişdir.

2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Prezident İlham Əliyev qurultaydakı proqram xarakterli çıxışında partiyanın qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri müəyyən etmişdir. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqlənmiş, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilmiş və üzvləri seçilmişdir. Beləliklə, Yeni Azərbaycan Partiyası müasir dövrün tələblərinə uyğun fəaliyyətini davam etdirərək Azərbaycanın dövlətçilik maraqlarına və inkişaf strategiyasına xidmət edən siyasi qüvvə kimi öz mövqeyini qoruyub saxlayır.

 

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh