“Yol-nəqliyyat qəzaları və ölüm faktları ildən-ilə artır, çünki... “

Ərşad Hüseynov: “Bakı şəhərinin bir sıra mərkəzi küçələrini çıxmaq şərti ilə, əksər küçələrdə gecə işıqlandırması yoxdur”
2022-ci ilin 2021-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayında artım olub. Statistikadan da aydın olur ki, ötən il yol qəzalarında ölənlərin sayı 18 faiz artıb. Belə ki, 2021-ci ildə yol-nəqliyyat hadisələri zamanı dünyasını dəyişənlərin sayı 706, 2022-ci ildə isə 834 olub. Qəzaların təxminən 30 faizi isə həftəsonlarında qeydə alınıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” həyata keçirilib, bununla belə ölkədə yol-nəqliyyat qəzaları və bu qəzalarda ölənlərin sayında azalma baş vermir.
Səbəb nədir? Yol-nəqliyyat qəzalarının sayının azalması üçün daha hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Musavat.com-a danışıb:
“İlk öncə qeyd edim ki, bəli, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” var. Bu proqram 2018-ci ilin dekabrında işlənilib. Bu layihə üzərində işləyən işçi qrupda mən də olmuşam. Burada bizim illərlə zəhmətimiz var.
Qeyd edim ki, bu proqram heç də adi sənəd deyil. Belə ki, 1990-cı illərdən dünyanın bir çox ölkələrində yüksək səviyyədə icra olunan, özünü doğruldan sənəddir. Özünü doğrultduğuna görə BMT-nin bəyanatı ilə bütün ölkələr üçün tövsiyə olunub. Bununla belə bu sənəd kağız üzərində qalıb və problemlər də ona görə dəyişmir, azalmır, əksinə getdikcə artır.
![]()
Bir daha qeyd edirəm ki, həmin proqramda yol-nəqliyyat hadisələrinin səbəbləri, bu səbəblərin araşdırılması ilə bağlı iddialar var”.
Ekspert qeyd edib ki, dünya ölkələrində yol hərəkətinin təhlükəsizliyi xüsusi bir sistemdir: “Hətta adı da belədir – “Yol hərəkəti təhlükəsizliyinin idarəetmə sistemi”. Bununla bağlı xüsusi standart da var. Həmin standartlarda parametrlər qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyində hansı işlər görülməlidir. Onlardan biri də budur ki, yol hərəkəti təhlükəsizliyi məsələləri elmi tədqiqat səviyyəsində araşdırılsın. Yəni, burada qəzaların təkcə nəticələri deyil, baş vermə səbəbləri dərindən araşdırılmalıdır.
Ölkədə davamlı olaraq baş verən, insanların şikəst olmasına, ölməsinə səbəb olan, cəmiyyətə, dövlətə milyonlarla zərər vurulmasına gətirib çıxaran hadisələrə isə adi statistik, adi kriminal faktları kimi baxmaq olmaz.
Bir məsələni də qeyd etmək istərdim, Bakı şəhərinin bir sıra mərkəzi küçələrini çıxmaq şərti ilə, əksər küçələrdə, həmçinin rayon və qəsəbələrdə, kəndlərdə gecə işıqlandırması yoxdur. Statistikaya da baxanda görürük ki, cinayət sayılan yol hadisələrinin təxminən 60 faizi gecə saatlarında, qaranlıqda baş verir. Əgər bu işıqlandırma problemi aradan qaldırılarsa, bu qəzaların da təxminən yarısının qarşısı alınmış olar.
Həmçinin nəqliyyat parkı ilə bağlı problemlərimiz var.
Bu problemlərin hamısı dövlət proqramında öz əksini tapıb, sadəcə bu proqram icra olunmur. Əgər bu proqram ortaya qoyulub, icra edilərsə, bir dönüş yaranar, yoxsa ki, mövcud vəziyyət davam edəcək”. (musavat.com)
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










