Bağça müdiri 7 işçinin adına KREDİT GÖTÜRDÜ: Dələduzluqda ittiham edilir – FOTO

Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir.
Avtosfer.az xəbər verir ki, yanvarın 22-də bizim.media-da ““Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB?” başlıqlı yazı dərc ediləndən sonra redaksiyamıza sözügedən bağçanın daha bir neçə işçisi müraciət edərək, onların da adına kredit götürüldüyünü iddia ediblər. Onların bildirdiklərinə görə, bağça müdiri Xanım Əliyeva Rüxsarə Əliyevadan əlavə, bağçada işləyən daha 6 nəfərin adına da onlardan xəbərsiz “Azpulmat” və “Manato” kredit təşkilatı vasitəsilə kredit götürüb.
Həmin 6 nəfərdən biri, “Evim” uşaq bağçasında müəllim işləmiş Səbirə Nəcəfovadır. O bu gün öyrənib ki, adına “Azpulmat”-dan 70 manat, “Manato”-dan isə 235 manat kredit götürülüb.
Səbirə Nəcəfova Bizim.Media-ya açıqlamasında deyib ki, zərərçəkən Rüxsarə Həsənova vəziyyət barədə onu xəbərdar edib, o da bundan sonra “MilliÖn” aparatından borcunun olub-olmadığını yoxlayıb, görüb ki, adına 98 manat 51 qəpik borc var. Bu gün isə “Azpulmat”-ın ofisinə gedərək məlumatı dəqiqləşdirib və məlum olub ki, 14 noyabr 2024-cü ildə adına kredit götürülüb”.
Səbirə Nəcəfova da krediti Xanım Əliyevanın götürdüyündən əmindir. Çünki təşkilat ona pulun götürüldüyü gün təqdim olunan şəkillərini göstərib. Səbirə Nəcəfova görüb ki, bu müdirin otağında çəkilən fotolardır.
“Ötən ilin oktyabr ayından həmin bağçada işləyirdim. Xanım Əliyeva noyabrın 14-ü otağına çağırıb dedi ki, işlə bağlı müqavilə üçün SİMA proqramından qeydiyyatdan keçməliyik, şəxsiyyət vəsiqəsinin və mənim şəklimi çəkdi. Daha sonra isə müqavilənin yenilənməli olduğunu, diplomun şəklinin düşmədiyini və s bahanələr deyərək məni yenidən otağına çağırıb şəklimi çəkdi. Pulu həm mənim nömrəmlə, həm də mənim telefonumla götürüb. Çünki telefonu məndən alıb dedi ki, şifrəsini aç burada qalsın, mən qeydiyyatı həll edəcəm. Sən də get, uşaqlarla maraqlan. Mən də müqaviləni həll edəcəyi üçün güvəndim, telefonu orada qoydum.
Telefonuma “Azpulmat”-dan şifrə də gəlib, o özü həll edib, mesajı silib. Mesajlar bölməsinə baxdım, şifrənin gəldiyi mesajı tapa bilmədim. Təxmini dekabr ayının sonu, yanvar ayının əvvəli yenidən otağına çağırdı. Mənə dedi ki, müqaviləni yeniləyirik, bu dəfə isə şəklimi öz telefonuyla çəkdi. Şəxsiyyət vəsiqəmi üzümün yanında tutmağımı, sağa-sola baxmağımı istədi”.
“Bəs sizin nömrənizlə qeydiyyatdan keçilibsə, borc ödənmədiyi günlərdə sizə zəng gəlməyib” sualına gəlincə Səbirə Nəcəfova “əlavə məbləğ ödənərək tarix uzadıldığı üçün mənə zəng edilməyib”,-deyə müsahibimiz açıqlayıb.
Səbirə Nəcəfovanın sözlərinə görə aylardır əməkhaqqı almır, üstəlik aldadıldığını bildiyi üçün bu gün işdən ayrılıb:
“Azpulmatın ofisindən çıxdıqdan sonra bağçaya getdim, çünki hələ də orada işləyirdim. Amma bu hadisədən sonra bu gün işdən çıxdım. Bağçada dedilər ki, müdir xəstədir gəlməyib. Ancaq anası Leyla Əliyeva orada idi, deyilənə görə, onun bu olanlardan xəbəri yoxdur. Bizə dedi ki, borcunuz bu gün ödəniləcək, sabah isə 2 aydır atılmayan maaşınız köçürüləcək. Çünki maaşım ən son noyabr ayında ödənib. Digər işçilərdən 3-4 aydır ki, maaşını almayanlar var.
Orada aşpaz işləmiş Yeganə xanımla danışdım, onun adını “Azpulmat”-da yoxladıq, borc çıxmadı. Ancaq “Manato”da 352 manat 88 qəpik məbləğdə borcu var. Müdirə zəng etdim və haqqımı tələb edəcəyimi bildirdim. İşçilərin tez-tez işdən çıxmasının səbəbi maaşların gecikdirilməsidir. Çıxanların da maaşlarını vermədən yola salır”.
Xatırladaq ki, Xanım Əliyeva dünən saytımıza açıqlamasında iddiaları rədd etsə də, sonradan şikayətçi Rüxsarə Həsənovanın adına olan borcu ödəyib. Bu gün isə Səbirə Nəcəfovayla danışarkən əməli boynuna alıb. Hətta gün ərzində hər kəsin borcunu ödəyəcəyini vəd edib.
Maraqlıdır, Xanım Əliyeva 6 nəfərin adına xırda məblğlərdə niyə kredit götürüb? Məqsədi nə olub?
Bu suallar açıq qalır...
Onu da bildirək ki, ötən gün sözügedən məsələ ictimailəşdiyinə görə Xanım Əliyeva “İnstagram”dakı səhifələrində “Evim” uşaq bağçasının adını dəyişərək, “Nağıllar dünyası” adı ilə əvəzləyib. Bu gün müdirin valideynlərə verdiyi məlumata əsasən isə bağça sabahdan fəaliyyətini dayandırır.
Qeyd edək ki, şikayətçilərin bir neçəsi artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.
Yazıda qarşı tərəfin növbəti dəfə mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.




Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO










