Banner

Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi - Müsadirə edilən pullar qaytarıldı

Hadisə 21 Yanvar 2025 14:35 Oxunub 140
Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi - Müsadirə edilən pullar qaytarıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, cəzalandıqdan 2 il sonra vəfat edən O. Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.

Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir.

Belə ki, Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma cinayətlərində təqsirli bilinib. O. Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib.

Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş - red.) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib.

Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar. 

Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib.

Amma o, mübarizəsinin yekununu görə bilməyib. Belə ki, Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib.

Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.

Bundan sona Azərbaycan Ali Məhkəməsində işə yenidən baxılıb, aşağı instansiyanın əvvəlki qərarındakı xüsusi müsadirə hissəsi ləğv edilib. Bu məsələnin araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrlik etdiyi hakimlər dəlil və sübutları yenidən tədqiq edib, tərəflərin çıxışlarını dinləyiblər.

Prokuror yenə hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Amma müdafiə tərəfi ortaya işin seyrini dəyişdirə biləcək sübutlar qoyub. Beləliklə, Orxan Kərimovun cinayətinə görə müsadirə edilən pulların onun özünə aid olmadığı təsdiq edilib. Qeyd edilib ki, məhkumun yaxınlarının evində axtarış aparılması qanunsuz olub, müstəntiqin həmin qərarı əsaslandırılmayıb.

Nəhayət, məhkəmə bu işlə bağlı yekun qərarını açıqlayıb.

Qərara əsasən, hökmdən “Baş Prokurorluğun depozit hesabına keçirilmiş 97 min 100 avro və 67 min 500 manat pul müsadirə edilsin” hissəsi xaric edilib.

Həmin pullar Fədayə Qayıbovanın vərəsəsi olan Orxan Kərimovun həyat yoldaşı Nigar Kərimovaya qaytarılıb.

Qeyd edək ki, Orxan Kərimov cinayətinə görə bir müddət həbsdə olub. O, xəstəliyi ilə bağlı azadlığa buraxılıb. 2015-ci ildə 47 yaşında vəfat edib.

Xatırladaq ki, Orxan Kərimov şair-tərcüməçi Əli Kərimin oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh