“Komando bıçağı” ilə “TikTok”da video çəkdi, həbs olundu - FOTO

Hadisə 14 Avqust 2024 16:41 Oxunub 138
“Komando bıçağı” ilə “TikTok”da video çəkdi, həbs olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvanda keçmiş hərbi qulluqçu təlimdən gətirdiyi bıçağa görə cəzalandırılıb.

Avtosfer.az “Unikal”a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Culfa rayonunun Kırna kənd sakini Elməddin 2020-2023-cü illərdə Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, xidmət müddətində Türkiyənin İsparta şəhərinə 2 aylıq təlimə göndərilib. 

Elməddin məhkəmədə deyib ki, təlimə rəhbərlik edən şəxs hərbi qulluqçulara üzərilərində gəzdirmək və təlimdə istifadə etmək üçün “komando bıçağı” almalı olduqlarını bildirib. O da İsparta şəhərində yerləşən hərbi ləvazimatlar satılan mağazadan bir ədəd “komando bıçağı” alıb. 

Təlim bitdikdən sonra həmin bıçağı təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparıb. O, MAXE kimi müqaviləsini yeniləməyib və işdən ayrılıb. Həmin bıçaq da özündə qalıb. Bıçağı Culfa rayonunun Kırna kəndindəki atasına məxsus evdə saxlayıb. Bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə edib. 

Elməddinin ifadəsinə əsasən, bıçaqdan başqa məqsədlər üçün istifadə etməyib. 2024-cü ilin aprel ayında isə dağlıq ərazidə bıçağı göbələyin yanında torpağa batırıb və onun fotosunu TikTok sosial şəbəkəsində paylaşıb. 

Ertəsi gün isə polis bölməsinə çağırılıb. Polis əməkdaşı həmin bıçağın oğurluq olduğuna dair şikayət edildiyini bildirib. Elməddin həmin bıçağı aldığı zaman onun soyuq silah hesab edildiyinə dair məlumatı olmadığını deyib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cinayət işi başlanıb.

Culfa Rayon Məhkəməsində hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh