Banner

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı

Gündəm 14 Noyabr 2026 14:36
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
WhatsApp kanalımıza abunə olun

Bakıda nəqliyyat sıxlığının artması şəhər sakinlərinin gündəlik həyatına və hərəkət rahatlığına təsir edən əsas problemlərdən biri olaraq qalır. Xüsusilə səhər və axşam pik saatlarında magistral və şəhərdaxili yollarda yaranan uzunmüddətli tıxaclar vaxt itkisinə, yanacaq sərfiyyatının artmasına və iqtisadi itkilərə səbəb olur. Şəxsi avtomobillərin sayının artması, parklanma problemləri, ictimai nəqliyyatın əlçatanlığı və yol infrastrukturunun mövcud vəziyyəti sıxlığa təsir göstərən amillər sırasındadır. Problemin aradan qaldırılması üçün mövcud nəqliyyat siyasətinin təkmilləşdirilməsi və uzunmüddətli həll yollarının müəyyənləşdirilməsi zərurəti yaranır.

Bakıda nəqliyyat sıxlığının artmasına səbəb olan əsas amillər hansılardır və problemin kökündə hansı infrastruktur çatışmazlıqları dayanır? Tıxacların azaldılması üçün ictimai nəqliyyatın inkişafı, parklanmanın tənzimlənməsi və şəxsi avtomobillərdən istifadənin məhdudlaşdırılması istiqamətində hansı konkret addımlar atılmalıdır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakıda nəqliyyat sıxlığının artmasının əsas səbəblərindən biri bölgələrin sosial-iqtisadi baxımdan yetərincə inkişaf etməməsi və əhalinin paytaxta axın etməsidir.

Onun sözlərinə görə, bölgələrdə yaşayış şəraitinin və məşğulluq imkanlarının məhdud olması insanları doğma kəndlərini, qəsəbələrini və rayonlarını tərk edərək Bakıya köçməyə məcbur edir: “Bəzi sakinlər hətta geniş evlərini, təsərrüfatlarını və illərlə qurduqları həyatlarını geridə qoyaraq paytaxtda taksi sürücüsü, fəhlə, kuryer və ya digər sahələrdə çalışmaq üçün şəhərə üz tuturlar. Bölgələrdə yol infrastrukturunun bərbad vəziyyətdə olması, elektrik enerjisi və qaz təchizatında fasilələrin yaranması, suvarma sistemlərinin işləməməsi, kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarının məhdudlaşması əhalinin yaşayışına ciddi təsir göstərir. İnsanlar gündəlik həyatlarında bu çətinliklərlə üzləşdikləri üçün daha rahat şərait axtarışında Bakıya gəlməyə üstünlük verirlər”.

Ekspert vurğulayıb ki, paytaxtda iş imkanları və sosial xidmətlərin daha əlçatan olması da bu axını sürətləndirir: “Bakıya gələnlərin heç də hamısı daimi və ya yüksək gəlirli iş tapa bilmir. Onların bir qismi taksi, kuryer, yükdaşıma, restoran və digər xidmət sahələrində çalışır. Paytaxtda mənzil qiymətlərinin yüksək olması isə bir çox insanı Bakıətrafı qəsəbələrdə, Abşeron və Sumqayıt istiqamətində daha münasib qiymətə ev almağa və ya kirayələməyə sövq edir. Nəticədə hər gün bu ərazilərdən Bakıya daxil olan və şəhərdən çıxan nəqliyyat vasitələrinin sayı artır, əsas giriş-çıxış yollarında əlavə yük yaranır”.

 E. Muradlı hesab edir ki, Bakıda tıxac probleminin uzunmüddətli həlli üçün yalnız yol infrastrukturunun genişləndirilməsi kifayət deyil. Bununla yanaşı, bölgələrin inkişafı, yerli məşğulluq imkanlarının artırılması və kənd təsərrüfatının canlandırılması istiqamətində də ciddi addımlar atılmalıdır: “Kənd yerlərində torpaqlardan səmərəli istifadə, suvarma sistemlərinin qurulması və fermerlərin fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması vacib məsələlərdəndir. Kəndlərdə əkin-biçin sahələri qalmayıb, torpaqların hamısı məmurların əlindədir. Sakinlər məcbur qalaraq özlərinə məxsus torpaqları ya icarəyə verir, ya da doğma yurdlarını tərk edirlər. Əkin əkə, məhsul becərə bilmirlər. Suvarma sistemi yoxdur, su təminatı ilə bağlı ciddi problemlər yaşanır. Bəzi məmurlar isə həmin ərazilərdə özbaşınalıq edirlər. Kəndli də dolana bilmədiyini görüb çıxış yolunu Bakıya köçməkdə axtarır. Nəticədə paytaxtda da bu gün müşahidə etdiyimiz vəziyyət yaranır. Kənd sakinləri doğma yurdlarında normal gəlir əldə edə bilsələr, Bakıya köçmək məcburiyyətində qalmazlar. Bu isə paytaxta gündəlik sərnişin və avtomobil axınının azalmasına da müsbət təsir göstərə bilər”.

Ekspert xatırladıb ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat yükünün azaldılması və ictimai nəqliyyatın inkişafı dövlət proqramlarında da nəzərdə tutulub: “Bu çərçivədə taksilərin sayının tənzimlənməsi, yeni metro stansiyalarının tikilməsi, yol ötürücülərinin və körpülərin inşası, mövcud yol şəbəkəsinin genişləndirilməsi, alternativ yolların salınması və nəqliyyatın daha səmərəli idarə olunması kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Ümid edirəm ki, bunlar tez bir zamanda, daha doğrusu qarşıya qoyulan müddət ərzində keyfiyyətli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat sıxlığının azaldılmasına nail olmaq mümkün olacaq. Əks halda, bu proses elə ömrümüzün axırına qədər davam edəcək”.

Oxunub : 24
ŞƏRH YAZ
Ad

E-mail

Şərh