Təcili yardımın arxasınca gedən sürücülər üçün sərt cəza - TƏDBİR GÖRÜLÜR

Bakı şəhərində bəzi sürücülərin xüsusi keçid üstünlüyünə malik nəqliyyat vasitələrinə yol verməməsi, eləcə də mütəşəkkil nəqliyyat dəstəsinin hərəkətinə qoşulması halları davam edir.
Avtosfer.az xəbər verir ki, Mövcud qanunvericiliyə əsasən, keçid üstünlüyü hüququna malik, xüsusi səs və qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələrinə yol verməməyə, eləcə də həmin nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməyə görə məsuliyyət nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, bu pozuntulara görə 100 manat cərimə tətbiq edilir. DYP-nin açıqlamasında əlavə olaraq 3 cərimə balı da qeyd olunub.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev açıqlamasında bildirib ki, təcili tibbi yardım avtomobillərinə yol verilməsi yalnız yol hərəkəti qaydalarının tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir.
Ekspertin sözlərinə görə, təcili yardım avtomobilinin daxilində həyatla ölüm arasında mübarizə aparan insan ola bilər və onun həyatda qalması bəzən saniyələrdən asılıdır.
O bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci və 74-cü maddələrinə əsasən, xüsusi tapşırığı yerinə yetirən, müvafiq sayrışan işıq və xüsusi səs siqnalları qoşulmuş təcili tibbi yardım avtomobilləri üstün hərəkət hüququna malikdir. Belə nəqliyyat vasitəsi yaxınlaşdıqda digər sürücülər sağa dönmə işıq göstəricisini yandırmalı, onun hərəkəti üçün zolağı boşaltmalı, zərurət yarandıqda isə avtomobili dayandırmalıdırlar.

Adil Nəbiyev vurğulayıb ki, sürücülər təcili yardım avtomobilinə yol verərkən qəfil əyləcləmə və düşünülməmiş manevrlərdən də çəkinməlidirlər. Çünki yol vermək istəyərkən başqa bir qəzanın baş verməsinə səbəb olmaq olmaz. Eyni zamanda, təcili yardım avtomobilinin sürücüsü də digər hərəkət iştirakçılarının ona yol verdiyinə əmin olduqdan sonra üstün keçid hüququndan istifadə etməlidir.
Ekspertin diqqət çəkdiyi əsas məsələlərdən biri isə bəzi sürücülərin təcili yardım avtomobilinin arxasınca hərəkət edərək onun üçün açılmış yoldan şəxsi məqsədləri üçün istifadə etməsidir.
“Bəzən tıxacda olan sürücü təcili yardım avtomobilinin yaxınlaşdığını görür və düşünür ki, onun arxasınca hərəkət etməklə tıxacdan daha tez çıxa bilər. Əslində, bu davranış sürücülük mədəniyyətinin aşağı səviyyədə olmasının və məsuliyyətsizliyin göstəricisidir. Digər sürücülər yolu həmin şəxsin rahat hərəkət etməsi üçün deyil, insan həyatını xilas etməyə tələsən xüsusi təyinatlı nəqliyyat vasitəsi üçün boşaldırlar”, – deyə ekspert bildirib.
Adil Nəbiyev hüquqi baxımdan da mühüm bir məqama aydınlıq gətirib. Onun sözlərinə görə, təcili yardım avtomobilinin arxasında qanuni ara məsafəsi saxlayaraq, adi hərəkət qaydalarına uyğun hərəkət etmək özlüyündə avtomatik olaraq qayda pozuntusu hesab edilmir. Lakin həmin avtomobilin üstün keçid hüququndan sui-istifadə edərək qadağanedici svetofor siqnalından keçmək, təhlükəli manevrlər etmək və digər hərəkət iştirakçılarına maneə yaratmaq inzibati məsuliyyətə səbəb ola bilər.
Ekspert xüsusilə vurğulayıb ki, təcili yardım avtomobilinin arxasınca hərəkət edən bütün sürücülərə avtomatik olaraq mütəşəkkil nəqliyyat dəstəsinə qoşulma maddəsini tətbiq etmək düzgün deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan mütəşəkkil nəqliyyat dəstəsinin əlamətləri olmalıdır. Belə dəstə operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında, bir-birinin ardınca, faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olmalıdır.
Nəqliyyat eksperti bu cür davranışların real təhlükələrinə də diqqət çəkib. Bildirib ki, təcili yardım avtomobili yolayrıcına yaxınlaşarkən digər istiqamətlərdən gələn sürücülər ona yol vermək üçün dayanırlar. Lakin təcili yardımın arxasınca yüksək sürətlə gələn başqa avtomobil qəfil onların qarşısına çıxa bilər. Bu isə ağır qəza ilə nəticələnə bilər.
Bundan başqa, təcili yardım avtomobili qarşısına çıxan maneəyə, piyadaya və ya yol şəraitinə görə qəfil əyləcləmək məcburiyyətində qala bilər. Onun arxasınca təhlükəsiz ara məsafəsi saxlamadan hərəkət edən sürücü isə vaxtında dayana bilməyərək qəza törədə bilər. Nəticədə xəstənin xəstəxanaya çatdırılması gecikə, tibbi personalın və digər hərəkət iştirakçılarının həyatı təhlükə altına düşə bilər.
Adil Nəbiyev hesab edir ki, problemin həlli üçün yalnız cərimələrlə kifayətlənmək olmaz. Sürücülərin maarifləndirilməsi, sürücülük təlimlərində operativ nəqliyyat vasitələrinə yol vermə qaydalarının praktiki şəkildə öyrədilməsi, real yol şəraitini əks etdirən videomaterialların hazırlanması və yol polisi tərəfindən nəzarətin gücləndirilməsi vacibdir.
Ekspertin fikrincə, təcili tibbi yardım avtomobilinə yol vermək kiməsə edilən yaxşılıq deyil, həm qanuni, həm də mənəvi borcdur. Sürücülər unutmamalıdırlar ki, bu gün yol verdikləri təcili yardım avtomobili tanımadıqları bir insanın həyatını xilas etməyə gedə bilər, sabah isə həmin yardıma özlərinin və ya yaxınlarının ehtiyacı yarana bilər.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












