Qarabağdan Zaqatalaya sərnişin daşıyan avtobus aşdı - 17 nəfər yaralandı - YENİLƏNİB - FOTO
Beyləqan rayonu Şəfəq qəsəbəsində qeydə alınan qəza zamanı avtobusda 20 nəfər olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 8-i saat 8 radələrində Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun 22-ci kilometrliyində baş verib:
“Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində Gülməmməd İmanovun idarə etdiyi “İsuzu” markalı, 77-JG-506 dövlət qeydiyyat nişanlı avtobus sərt döngədə yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinin içərisində biri qadın olmaqla 18 nəfərə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar”.
Faktla bağlı araşdırma aparılır.
12:06
Beyləqan rayonunda baş verən qəza zamanı xəsarət alanların sayı məlum olub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından oxu.az-a verilən məlumata görə, avtobusun aşması nəticəsində ümumilikdə 11 nəfər xəstəxanaya müraciət edib. Onlardan səkkiz nəfəri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bildirilib ki, hazırda xəstəxanada iki nəfərin müalicəsi davam edir. Bir nəfər isə Bakıya, Sabunçu Şəhər Klinik Xəstəxanasına göndərilib.
oxu.az-ın əldə etdiyi məlumata görə, “İsuzu” markalı avtobusda ümumilikdə 20 nəfər şəxs olub.
Faktla bağlı araşdırma aparılır.
***
Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Bizim.media-ya istinadən xəbər verir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Əlavə məlumat veriləcək.