Banner

Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS

Sosial 8 Yanvar 2026 13:11
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə gizli mini kameraların satışı ilə bağlı paylaşımlar artmaqdadır. Açıq reklamlar və müxtəlif elanlar vasitəsilə təqdim olunan bu cihazlar ciddi narahatlıq doğurur və insan təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı məsələsini yenidən gündəmə gətirir. Xüsusilə bu tip kameraların asanlıqla əldə olunması onların qanunsuz məqsədlərlə istifadəsi riskini artırır, vətəndaşların məxfilik hüququnun pozulması, izlənmə və gizli nəzarət kimi təhlükəli hallara zəmin yaradır. Bu cür texnologiyaların nəzarətsiz yayılması cəmiyyət üçün ciddi hüquqi və sosial problemlərə səbəb ola bilər.

Metroda 200 manat məbləğində cərimələnə bilərsiniz - Səbəb budur - VİDEO

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a bildirib ki, söhbət təkcə kimisə izləməkdən getmir, söhbət insanın şəxsi məkanına müdaxilədən gedir:
“Burda birinci və ən əsas risk məxfilikdir. Yəni, insanın xəbəri olmadan görüntüsünün çəkilməsi, evin içinin, gündəlik həyatın, kimlərin gəlib-getdiyinin qeydə alınması artıq şəxsi məlumatdır. Bu məlumat sonradan şantaj, hətta oğurluğa hazırlıq üçün belə istifadə oluna bilər. İkinci məsələ isə kiber riskdir və bu, tam realdır. Xüsusilə ucuz, brendi bilinməyən mini kameraların çoxu Wi-Fi ilə işləyir və təhlükəsizlik tənzimləmələri zəif olur. Belə ki, standart şifrələr dəyişdirilmir, tətbiqlər yenilənmir, bulud üzərindən qoşulma mexanizmləri şəffaf olmur. Bu da o deməkdir ki, kamera sahibinin mən qoymuşam, mən baxıram dediyi cihazı, əgər zəif qorunubsa, başqa biri də uzaqdan izləyə bilər. Hətta bəzi hallarda kamera şəbəkədə ən zəif halqa olur və həmin cihazdan istifadə edib ev-ofis şəbəkəsində başqa cihazlara da yol tapmaq olacaq. Gizli kameraları texniki olaraq aşkar etmək mümkündür, amma həmişə 100% zəmanət deyil. Praktik olaraq ən effektiv yanaşma şəbəkə yoxlamasıdır. Wi-Fi şəbəkənizdə tanımadığınız cihaz görünürsə, bu artıq ciddi siqnaldır. Bəzi kameralar gecəgörmə üçün infraqırmızı işıqlandırma istifadə edir, qaranlıqda telefon kamerası ilə baxanda bəzən xırda parıltı görmək olur. Canlı ötürmə edən qurğular üçün siqnal aşkarlayan (RF) detektorlar da kömək edə bilər. Amma ən sadə şeyləri də unutmayaq, priz-adapter, saat, tüstü detektoru, dekor əşyaları kimi yerlər gizli kamera üçün ən tipik gizlədilmə nöqtələridir. Bu kimi halların qarşısını almaq üçün isə bir neçə sadə, amma önəmli tədbir var. Lazımdır ki, routerin admin şifrəsini və Wi-Fi şifrəsi mütləq gücləndirilməli, şəbəkədəki cihaz siyahısını vaxtaşırı yoxlamaq, naməlum cihaz görən kimi bloklamaq, mümkün olsa qonaq şəbəkəsi yaratmaq və smart cihazları əsas şəbəkədən ayırmaq lazımdır”.

Hüquqi aspektdən isə hüquqşünas Kamandar Hüseynov müsahibəsidnə deyib ki, kameradan istifadə ümumi bəyan etməklə, aşkar şəkildə istifadə olunması qanunla qadağan edilməmişdir. Şəxsin iradəsindən kənar, xəbəri və məlumatı olmadan, aşkar görülə bilən yerdə quraşdırılmayan, gizli quraşdırılan kameradan istifadə edilməsi qadağandır:
“Bu, şəxsi həyata müdaxilə hesab olunur. Gizli kameradan yalnız törədilməsi ehtimal edilən və ya törədilmiş cinayətin aşkar və ifşa olunması üçün cinayət və cinayətkarlığa qarşı mübarizədə əməliyyat axtarış fəaliyyəti haqqında qanunun tələblərinə uyğun istifadə oluna bilər. Digər hallarda istifadə olunması qadağandır və məsuliyyətə səbəb olur. Qeyd edək ki, şəxsin icazəsi olmadan onun barəsində vidoçəkiliş, audio yazı aparmaq qanunla qadağandır. Ən azından əvvəlcə şəxsdən çəkiliş aparmaq üçün icazə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində deyilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Hüquqşünas cəza və cərimələrin tətbiqi barəsində məlumat verərək bildirib ki, belə hallar məsuliyyətə səbəb olur:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır". Kameranın alqı satqı olunması isə qanunla qadağan olunmamışdır və hər bir şəxs onu sata və ala bilər. Cinayətkarlığa qarşı mübarizədə isə əməliyyat aparan orqanlar gizli kamera görüntüləri əldə etmək üçün Azərbaycan Respublikasının "Əməliyyat-Axtarış fəaliyyəti haqqında" qanunun 10-cu maddəsinə əsasən məhkəmənin qərarını əldə etməlidirlər”.
Nurcan Babək

Oxunub 306
ŞƏRH YAZ
Ad

E-mail

Şərh