Banner

28 may Müstəqillik Günü - Azərbaycan tarixinin ŞANLI SƏHİFƏSİ - FOTO

Yazarlar 28 May 2025 08:00 Oxunub 572
28 may Müstəqillik Günü - Azərbaycan tarixinin ŞANLI SƏHİFƏSİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1917-ci ilin oktyabr ayında Çar Rusiyasında vəziyyət qarışdıqdan sonra Cənubi Qafqazdakı xalqlar özləri üçün gələcək addımların ilkin planlarını cızmağa başladılar. Bu addımların nəticəsi kimi 1918-ci ilin 23 fevral tarixində Zaqafqaziya Komissarlığı tərəfindən Zaqafqaziya seymi yaradıldı. Bu seymin tərkibinə Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi. Seym parlamentli quruluşa sahib idi və hər üç dövlətin təmsil olunduğu 125 deputat var idi.


1918-ci ilin fevalında yaradılan Zaqafqaziya seymi mərkəzdən ayrılma yolunda desentralistlər üçün daha bir addım idi. Seymdə gürcü menşeviklərin adından çıxış edən Noy Jordaniya bolşevikləri həm çevrilişə, həm də Brest-Litovskda almanlara təslim olmağa görə qınayırdı. O, Zaqafqaziyanın müstəqil dövlət olmaqla kantonlara bölünəcəyini təxmin edirdi. Daşnaklar adına danışan Xaçaznuni gürcülərin separatçılığa çox meyilləndiyini düşünməklə birlikdə, Zaqafqaziyanın muxtariyyət almasını təklif edirdi. O, kantondan çox çoxluq əsasında fevedrativ quruluş qurulmasından tərəfdar idi. O, gələcəkdə Zaqafqaziya hökumətində əsl sosialist partiyaların iştirak etməsini təklif etməklə Müsavatı buradan kənarlaşdırmağa işarə edirdi. Milli qarşıdurma əsasında bu çıxışı edən Xaçaznuni Müsavatın hökumətdən kənarlaşdırmağa çalışırdı. Seymdəki azərbaycanlı deputatlar arasında yekdillilik yox idi. Müsavatın Gəncədən olan üzvü Həsən bəy Ağayev ənənəvi rus mərkəziyyətçiliyini iflasa uğramış və köhnə adlandırırdı. Müsavatçılara görə gələcək öz müqəddəratını təyin etmədə və milli muxtariyyətdə yatmaqda idi. Müsavatçılar ayrılma sözünü dilə gətirmədən Seymi suveren orqan kimi tanıdıqlarını, Müəssislər Məclisinə bənzər qurum kimi qəbul edirdilər. Muxtariyyət fikri hakim olsa da, onun nə cür həyata keçirilməsi məsələsi müsəlmanlar arasında ziddiyyət təşkil edirdi. İttifahçılardan. Mir Yaqub Mehdiyev qrupunun Rusiyadan ayrılmaya qəti qarşı olduğunu bildirmişdi. O, düşünürdü ki, demokratik Rusiya özünün dini və milli azlıqlarına milli mədəni haqlar verəcəkdir. Onlar Seymin Zaqafqaziyada ali, amma müvəqqəti orqan kimi tannımasının tərəfdarı idilər.


Seym əslində Zaqafqaziyada müəyyən müddətdir ki mövcud olan qanunverici məclis problemini həll etmək üçün formalaşdırılmışdı və 125 nümayəndədən ibarət idi: gürcü menşevikləri 32 deputat, Müsavat və ona qatılmış partiyasız müsəlman qrupu nümayəndələri — 30 deputat, Ermənistan Daşnaksütyun Partiyası — 27 deputat, Müsəlman Sosialist Bloku — 7 yer, İttihad ("Rusiyada İslam") – 3, Müsəlman Sosial-Demokrat Partiyası – 4. Bundan başqa, Seymdə SR-lərin 6, milli demokratların 1 və Erməni Xalq Azadlıq Partiyasının nümayəndələri də var idi. Menşevik fraksiyasının nümayəndəsi Nikolay Çxeidze çağırılan Seymin sədri, Zaqafqaziya Komissarlığının keçmiş rəhbəri Yevgeni Gegeçkori isə hökumətin başçısı seçildi.
Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Mir Hidayət bəy Seyidov, Şəfi Rüstəmbəyli, Nəsib bəy Yusifbəyli, Sultan bəy Qənizadə kimi ziyalı, mütəfəkkirlərin sayəsində qurulan Cümhuriyyətin ilk addımları dövlətin təməlini gücləndirmək məqsədi daşıyıb. Bu istiqamətdə təhsilə, əhalinin rifahına yönəlik işlərin görülməsi cümhuriyyətçilərin öncül qərarlarından olub.


Həmin dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, həmçinin Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.


Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.


XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin bu siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Bu gün isə ilk dəfə olaraq, ”Respublika Günü” nü qalibiyyət və qürurla qeyd edirik.-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Alıi Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və  rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, Qarabağımızın azadlığı uğrunda uğurla həyata keçirdiyi və dünya hərb tarixinə xüsusi imza atmış möhtəşəm döyüşlər, hərbi əməliyyatlar nəticəsində artıq bu gün torpaqlarımız işğaldan azaddır. Bu gün Şuşada Azərbaycanın Şanlı Dövlət Bayrağı dalğalanır.


Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh