Bakıya girişi qadağan etməyə ehtiyac yoxdur
Son günlər ən geniş müzakirə edilən məslələrdən biri də rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulması ilə bağlıdır. Avropa Oyunları zamanı belə məhdudiyyət məntiqli və əsaslı idi. Ona görə də əksər sürücülər bunu anlayışla qarşıladılar. Lakin oyunlar başa çatdıqdan sonra da belə məhdudiyyətlərin davam etməsi barədə söz-söhbətlər gedir. Ola bilsin, kimsə düşünür ki, oyunlar zamanı şəhərin küçələrində seyrəklik olması rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulması ilə bağlı idi. Ona görə də bundan sonra da belə davam etsə, şəhərdə sıxlıq olmayacaq. Lakin belə qənaət yanlışdır, çünki Avropa Oyunları zamanı şəhərdəki seyrəkliyin əsas səbəbi sürücülərin bu tədbirə sayğı ilə yanaşması və fərdi avtomobillərdən minimal dərəcədə istifadə etməsi, habelə yay tətili ilə əlaqədar ümumi sıxlığın olmamasıdır.
Bəri başdan qeyd etmək istəyirəm ki, belə məhdudiyyətlərin tətbiqinə hər hansı zərurət yoxdur, çünki Bakı şəhərində nəqliyyat sıxlığının yaranmasında rayonlardan gələn avtomobillərin payı çox cüzidir. Məsələnin ölkə əhalisini paytaxtda və digər ərazilərdə yaşayanlara bölmək kimi ayrı-seçkilik xarakterli nüanslarını da kənara qoymaq olmaz. Amma əsas məqam belə məhdudiyyətin əhəmiyyətsizliyi, hətta yeni məzmunlu problemlər vəd etməsidir.
Gəlin bir məsələyə diqqət edək. Şəxsən əminəm ki, Bakının giriş-çıxışlarında görünən avtomobillərin böyük əksəriyyəti Bakıdan rayonlara gedən və geri qayıdanlardır. Onların sırasında rayondan Bakıya gələn və geriyə qayıdanlar uzaqbaşı 25 faiz ola bilər. Deməli, ən ciddi məhdudiyyət olsa da, yenə Bakıya daxil olan avtomobillərin az hissəsinin qarşısı alına bilər.
Bəs rayondan Bakıya gələn və geri qayıdanlar kimlərdir? Onların bir qismi rayonlardan Bakıya işləyən fərdi minik taksilərinin sürücüləridir. İkinci qrupu rayonlardan Bakıya kənd təsərrüfatı və digər məhsullar gətirən müxtəlif yük avtomobillərinin və hətta minik avtomobillərinin sürücüləridir. Üçüncü populyar qrup isə Bakıda daimi işi, ən azından faktiki yaşayış yeri olan rayonlulardır. Bu qruplardan ilk ikisinin şəhərə gəlişini qadağan etmək onları çörəkdən məhrum etmək olar. Üçüncü qrupun isə şəhərə girişini sadəcə ona görə qadağan etmək olmaz ki, onlar öz işlərinə və evlərinə gəlirlər. Deməli, yerdə yalnız müxtəlif səbəblərlə öz fərdi minik avtomobilləri ilə Bakıya gələn və gəri qayıdan rayon sakinləri qalır. Belələrinin sayı isə o qədər cüzidir ki, onların gəlişinə məhdudiyyət qoyulması Bakının küçələrindəki sıxlıq üçün heç bir əhəmiyyət daşımayacaq.
Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulmasının doğuracağı ciddi problemlər isə bunlar olacaq:
1. Belə məhdudiyyətə nəzarət üçün şəhərin girişlərində nəzarət postlarının yaradılması və gələn avtomobillərin yoxlanılması lazım olacaq. Bunun nəticəsində şəhərə girişlərdə hərəkət iflic olacaq.
2. Rayonlardan gəlib şəhərə daxil olmaq istəyənlər nəzarətçilərlə dil tapmaq üçün müxtəlif vasitələr axtaracaqlar. Nəticədə həmin postlarda vaxtaşırı münaqişələr, davalar, korrupsiya halları olacaq.
3. Rayonlardan Bakıya mütəmadi gələnlər şəhərə giriş üçün həmişəlik hüquq qazanmağa çalışacaqlar və bu məqsədlə avtomobillər üçün Bakı nömrələri əldə etmək, Bakıda hər hansı bir üsulla qeydiyyat hüququ qazanmaq kimi məsələlər ətrafında ajiotaj yaranacaq və s.
Göstərilənləri və digər məqamları nəzərə alaraq, rayon qeydiyyatlı avtomobillərin Bakıya girişini nəinki qadağan etməyə, hətta bu mövzuda müzakirə aparmağa da ehtiyac yoxdur.
Bakı şəhərində nəqliyyat gərginliyini azaltmaq üçün daha səmərəli və perspektivə hesablanmış kompleks tədbirlər (paytaxtın yol şəbəkəsinin artırılması, ictimai nəqliyyatın işinin ideal səviyyəyə gətirilməsi, paytaxtda yerləşən sənayə, ticarət, təhsil müəssisələrinin, iri dövlət idarələrinin fəaliyyətini nəqliyyat baxımdan daha optimal təşkil etmə, paytaxtın ətrafındakı yaşayış massivlərində sosial infrastrukturu inkişaf etdirmək, yeni iş yerləri açmaq hesabına həmin massivlərdən mərkəzə axını azaltmaq və s.) görülməlidir.
Ümumiyyətlə, rayonlardan Bakı şəhərinə gələn avtomobillərin sayını optimallaşdırmaq üçün çox sadə bir suala cavab tapılmalıdır: Bu avtomobilləri sürənlər Bakıya nəyə gəlirlər? Bu sualın cavabı tapıldıqdan sonra ikinci sualın cavabını axtarmaq lazımdır: Necə etmək olar ki, onlar Bakıya fərdi avtomobillərlə gəlməkdən vaz geçsinlər, yaxud avtomobillərini şəhərin girişlərində qoyub, ictimai nəqliyyata keçsinlər?
Məncə, məntiqi ardıcıllıqla bu iki sualın cavabını axtarsaq, görərik ki, bir sıra tədbirlər vasitəsilə Bakıya fərdi avtomobillərin girişini inzibatçılıq və qadağa olmadan, könüllü şəkildə azaltmaq olar. Bunun üçün daha mühüm saydığım iki məsələyə diqqət artırmaq zəruridir.
1. Rayonlardan Bakıya işləyən avtobus marşrutlarını daha yüksək səviyyədə təşkil etmək və ölkənin əsas istiqamətləri üzrə ekspres qatar marşrutları təşkil etmək, rayonlardan Bakıya gətirilən yükləri imkan olan dərəcədə dəmiryolu ilə daşımaq və s,
2. Bakı şəhərinə fərdi avtomobillərlə gələn şəxslərin şəhər ərazisində avtomobilsiz hərəkətini stilmullaşdırmaq. Rayonlardan Bakı şəhərinin girişlərinə qədər fərdi avtomobillərlə gələn şəxslər üçün elə şərait yaratmaq lazımdır ki, onlar şəhərə çatdıqdan sonra öz avtomobillərini girişdə qoyaraq, könüllü surətdə şəhərdaxili icimai nəqliyyata keçsinlər. Bu məqsədlə Bakının nəqliyyat qovşağı əhəmiyyətli girişlərində (məsələn, “20 Yanvar” metrosu və ya avtovağzal ətrafında, “Koroğlu” metrosu ətrafında, Şıx çimərliyi zonasında) nəhəng avtodayanacaqlar yaratmaq və orada simvolik parklanma xərci (məsələn, bir gün üçün 1 manat) tətbiq etmək lazımdır. Belə dayanacaqlardan şəhərin müxtəlif nöqtələrinə, xüsusən də metro stansiyalarına intensiv avtobus marşrutları olmalıdır ki, öz avtomobilini orada qoyan şəxs qısa müddətə şəhərin lazımi yerinə qədər gedə bilsin.
Şübhəsiz ki, Bakıdan dəfələrlə böyük olan meqapolislərdə və şəhər aqlomerasiyalarında nəqliyyat infrastrukturunun təşkili ilə bağlı səmərəli təcrübənin öyrənilməsi nəticəsində başqa faydalı idealar da həyata keçirmək olar. Bunun üçün sadəcə olaraq mövcud şəraiti düzgün qiymətləndirmək və doğru qərarlar qəbul etmək lazımdır. Amma belə kreativ ideyalar arasında Bakıya girişi rayon avtomobilləri üçün qadağan etmək kimilərinin yeri görünmür.
Ərşad Hüseynov,
hüquqşünas