Qəzaya düşmüş avtomobili yerindən tərpətmək olmaz? - SIĞORTA PROBLEMİ

Konstitusiya Məhkəməsinin (KM) Cinayət Prosessual Məcəlləsinin (CPM) 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair 12 mart 2015-ci il tarixli qərarını nəzərdən keçirirdim. Həm sevindim, həm də məyus oldum. Ona görə sevindim ki, KM bu normadakı “digər şəxslər” ifadəsinə nəhayət ki, normal şərh verdi. Təvazökarlıqdan kənara çıxsam da, bu ifadəyə KM-in 12 mart 2015-ci il tarixli qərarındakı kimi şərh verilməsini hələ 2003-cü ildə CPM-ə kommentariya yazarkən vurğulamışdım. Maraqlısı da o idi ki, KM 5 avqust 2009-cu il tarixli qərarında eyni anlayışa (CPM-in 449.2.3-cü maddəsinə) şərh verərkən qeyd etmişdi ki, “Əgər bu və ya digər şəxs cinayət prosesinin iştirakçısı deyildirsə, onun müvafiq cinayət məhkəmə icraatında məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ tanına bilməz”. Mən kommentariyada (təkrar nəşrdə) bunu tənqid edərək göstərmişdim ki, bu ifadə daha geniş dairədən olan şəxsləri, yəni cinayət prosesinin iştirakçısı olmayan, lakin hüquq və mənafelərinə toxunulan şəxsləri də ehtiva edir. KM son qərarı ilə bu mövqeyi təsdiqlədi.
Məyus oldum, ona görə ki, KM-in 12 mart 2015-ci il tarixli qərarında “İcbari sığortalar haqqında” Qanunun və MM-in incə bir məsələsinə yanlış yanaşma formalaşdıra biləcək bir fikir yer alıb. Qərarda deyilir: “Qanunverici “İcbari sığortalar haqqında” Qanuna əsasən sığortaçıya, sığorta hadisəsi ilə bağlı həqiqəti müəyyən etmək üçün hadisə yerinə gəlib bütün halların araşdırılması imkanını verməklə, faktiki olaraq onu cinayət-prosessual fəaliyyətin epizodik iştirakçısına çevirmişdir”. KM bu mülahizəni, həmin qərarda deyildiyi kimi, “İcbari sığortalar haqqında” Qanunun 22.2.7-ci maddəsindən və MM 925.5-ci maddəsindən çıxış edərək irəli sürür. Lakin məsələ bir az başqadır. Çünki həmin normalar, konkret nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməməyi nəzərdə tutur. Göründüyü kimi, yer və əmlak alternativlər kimi göstərilir və bu norma heç bir halda qəzaya düşmüş avtomobilə sığortaçı (onun nümayəndəsi) tərəfindən məhz hadisə yerində baxılmalı olmasını ehtiva edə bilməz (məntiqə uyğun olaraq yer dedikdə, daşınmaz əmlakın icbari sığortası halında bu əmlakın olduğu yer nəzərdə tutulur). Digər tərəfdən, həmin norma “digər səlahiyyətli şəxslər” ifadəsini də işlədir (avtoqəzaya münasibətdə digər səlahiyyətli şəxs DYP əməkdaşı və ya əməliyyat qrupudur). Ona görə də qəzaya düşmüş avtomobil dəyişiklik edilmədən sığortaçının nümayəndəsinə istənilən yerdə təqdim oluna bilər və avtomobilin hadisə yerindən sığortaçının nümayəndəsi olmadan çıxarılması heç bir halda qanun pozuntusu və icbari sığortadan imtinaya səbəb ola bilməz. Qorxuram ki, bəzi intizamsız sığortaçılar KM-in işlətdiyi bu ifadədən istifadə edərək avtomobil sahiblərinə əlavə problemlər yaradalar.
Ərşad Hüseynov,
hüquqşünas
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











