Banner

Avtomobillərdə lazımsız görünsə də həyat xilasedici detallar 

Avtoxəbər 1 Yanvar 2026 00:00 Oxunub 138
Avtomobillərdə lazımsız görünsə də həyat xilasedici detallar 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərdə çox vaxt diqqətdən kənarda qalan, lakin qəza zamanı həyatı xilas edə bilən bir çox vacib detal var. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, gündəlik istifadə zamanı “lazımsız” və ya sadəcə komfort üçün nəzərdə tutulduğu düşünülən bu xüsusiyyətlər, əslində mühəndislərin illərlə apardığı təhlükəsizlik hesablamalarının nəticəsidir. Mütəxəssislər bildirir ki, qəza və ya fövqəladə hallarda bəzən çox kiçik bir detal insan həyatı üçün həlledici ola bilər. Avtomobil sahiblərinin əksəriyyəti isə bu “gizli qəhrəmanlar”ın əsl funksiyasından xəbərsizdir. Bu siyahının ilk sırasında oturacaq başlıqları dayanır. Bir çox sürücü onları yalnız başı söykəmək üçün istifadə etsə də, başlıqların əsas vəzifəsi təhlükəsizlikdir. Arxadan zərbə zamanı boynun qəfil geriyə hərəkət etməsinin – tibbdə “qamçı effekti” adlandırılan halın qarşısını alaraq boyun fəqərələrinin və onurğa beyninin zədələnmə riskini xeyli azaldır. Bundan əlavə, bu başlıqların çıxarıla bilməsi də təsadüfi deyil: avtomobil suya düşdükdə və ya qapılar kilidləndikdə, başlığın metal ucları şüşəni sındıraraq çıxış yolu yaratmağa kömək edə bilər.

Yan güzgünan altında yerləşən və çox vaxt üzərinə müxtəlif əşyalar asılan kiçik mandal da həyati əhəmiyyət daşıyır. Gecə sürüşü zamanı arxadakı avtomobilin güclü farları sürücünün gözünü aldıqda, bu mandal güzgünün bucağını dəyişir və işıq əksini zəiflədir. Nəticədə sürücü müvəqqəti korluq yaşamadan yolu izləməyə davam edir.

Uşaqlı ailələr üçün isə Isofix sistemi xüsusi önəm daşıyır. Bu sistem uşaq oturacağını birbaşa avtomobilin şassisinə bərkitməyə imkan verir. Beləliklə, qəza zamanı oturacağın yerindən tərpənmə riski xeyli azalır və montaj səhvlərinin qarşısı alınır. Mütəxəssislər Isofix-i seçim yox, zəruri təhlükəsizlik elementi kimi qiymətləndirir.

Avtomobilin ön şüşəsinin hər iki tərəfində yerləşən A sütunları da çox vaxt görmə bucağını məhdudlaşdırdığı üçün tənqid olunur. Halbuki, müasir avtomobillərdə ən möhkəm hissələr məhz bu sütunlardır. Yüksək möhkəmliyə malik materiallardan hazırlanan A sütunları, avtomobil aşdıqda tavanın çökməsinin qarşısını alaraq sərnişinlər üçün “yaşam üçbucağı” yaradır.

Avtomatik ötürməli avtomobillərdə akkumulyator boşaldıqda və ya texniki nasazlıq yarandıqda vitesin “P” vəziyyətində kilidlənməsi ciddi problemə çevrilə bilər. Bu zaman vites qolu yaxınlığında gizlədilən Shift Lock mexanizmi işə yarayır. Kiçik qapağın altındakı yuvaya açar və ya incə predmet salmaqla vitesi “N” vəziyyətinə keçirmək və avtomobili təhlükəli ərazidən uzaqlaşdırmaq mümkündür.

Texnoloji təhlükəsizlik sistemləri də mühüm rol oynayır. Avtomatik uzaq işıq köməkçisi qaranlıq yollarda görməni yaxşılaşdırır və qarşıdan gələn nəqliyyat vasitəsi olduqda farları avtomatik zəiflədir. Bu isə digər sürücülərin gözünün qamaşmasının qarşısını alır.

Ən vacib sistemlərdən biri isə eCall – avtomatik təcili çağrı sistemidir. Ağır qəza zamanı hava yastıqları açıldıqda, sistem avtomatik olaraq 112-yə zəng edir və avtomobilin yerini xilasedicilərə ötürür. Sürücü huşunu itirsə belə, avtomobil özü kömək çağıraraq həyati dəqiqələrin itirilməsinin qarşısını alır.

Mütəxəssislər sürücülərə tövsiyə edir ki, avtomobillərindəki bu təhlükəsizlik elementlərini tanısın və onlardan düzgün istifadə etsinlər. Çünki bəzən həyatla ölüm arasındakı fərqi məhz bu xırda detallar müəyyən edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh