Reklam

Elektromobillər üçün enerjidoldurma qurğularının artırılması niyə vacibdir? – ARAŞDIRMA

Avtoxəbər 8 Mart 2024 12:40 Oxunub 882
Elektromobillər üçün enerjidoldurma qurğularının artırılması niyə vacibdir? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda dünyanın ən böyük problemlərindən biri iqlim dəyişikliyidir. Bu problemə ən çox təsir edən faktorlardan biri isə məhz havaya buraxılan karbon emissiyalarıdır. Əsasən daxili yanma mühərrikli texnikalar zərərli qazların havaya buraxılmasında və atmosferin çirklənməsində başlıca yer tutur. 

Sayına və istifadə arealına görə isə heç şübhəsiz benzin və dizellə işləyən avtomobillər havanın çirklənməsində önəmli rol oynayırlar. Ona görə də karbon emissiyalarının azaldılması üçün bütün dünyada qabaqlayıcı tədbirlər görülür.

Xüsusilə də, elektrikli avtomobillərə keçid son dövrlərdə əksər ölkələrdə trendə çevrilib. 

Ölkəmizdə də elektromobillərə maraq gün keçdikcə daha da artır…  

Lakin elektromobillərə keçid onlar üçün lazımi infrastrukturun yaradılması ehtiyacını da meydana çıxarır. 

Buna görə də, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. 

Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. 

Bu zərurəti nəzərə alaraq Ölkə Başçısı müvafiq dövlət qurumlarına tapşırıqlar verib, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi yollarını göstərib.

Məlumdur ki, elektromobillərin təşviqində əsas məsələlərdən biri də enerjidoldurma qurğularının kütləviliyinin və əlçatanlığının təmin olunmasıdır. 

Bəs, yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlər bu istiqamətdə hansı işləri görürlər?

SOCAR-Petrolium-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şirkət tərəfindən elektroşarj aparatlarının quraşdırılmasına çoxdan başlanılıb:

“SOCAR-Petrolium”un yeni nəsil elektromobillərin tələbinə uyğun olaraq əvvəlki şarj aparatlarının gətirilməsi üzərində işləyir. Bilirsiniz ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də yaşıl enerjiyə xüsusələ üstünlük verilir. Bizim də şirkət olaraq siyasətimiz bu yöndədir. Artıq köhnə şarj aparatları məntəqələrimizdən çıxarılır, yeniləri ilə əvəzlənir. 

Son vaxtlar təkcə paytaxtda yox, regionlarda xeyli sayda şarj aparatları quraşdırlıb. Məsələn, hazırda Kürdəmirdə, İsmayıllıda, Ağdaşda və digər bölgələrdəki YDM-lərdə şarj aparatları quraşdırmışıq. Bundan əlavə işğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərən modul tipli YDM-lərdə də bu xidmətlər var. Hədəfimiz odur ki, ilin sonuna qədər bütün YDM-lərimizdə müasir şarj aparatlarının quraşdırılması başa çatdırılsın”.

“AzPetrol” şirkətindən isə bildirildi ki, elektrik doldurma məntəqələrinin quraşdırılmasına xeyli zamandır başlanılıb:

“Bu vaxtadək 20 YDM-də elektrikdoldurma aparatı quraşdırılıb. Aparatların çoxu regionlardakı YDM-lərindədir. Bizim tətbiq etdiyimiz “Terra 54” alış-veriş mərkəzləri və benzin stansiyalarında güvənli şəkildə işləmək üçün gərəkli olan EMC sinif B norması da daxil olmaqla bütün beynəlxalq standartlara uyğundur. Bütün doldurma blokları uzaqdan müşahidə, diaqnostika, statik və proqram təminatlı yenilənmələrə icazə verən inteqrasiyaya bağlı xidmətlər özəlliyini təqdim edir. Çalışırıq ki, yaxın aylarda bütün YDM-lərimizdə “Terra 54”-lərin quraşdırılmasını başa çatdıraq”.

Bəs, bu sahədə hansı çatışmazlıqlar var?

Ekspert Eyyub Əliyevin sözlərinə görə, son illərdə ölkəmizdə elektromobillərə maraq ciddi şəkildə artıb: 

“Amma 2023-cü ildə edilən gömrük və vergi güzəştləri sayəsində elektromobillərin idxalı kəskin şəkildə artdı. Cəmi bir il ərzində ölkəmizdə elektromobillərin sayı 9 dəfə çoxalıb. Təbii ki, dövlətin etdiyi gömrük və vergi güzəştləri bu sahədə canlanma yaratsa da, hələlik ölkəmizdə zəruri infrastruktur yoxdur. Ona görə də Ölkə Başçısının bugünkü sərəncamı bu sahədəki problemlərin köklü həllinə təkan verəcək”. 

Həmsöhbətimiz qeyd edib ki, Bakı şəhərində əsasən özəl şirkətlər tərəfindən quraşdırılmış elektikdoldurma stansiyalarına son vaxtlar daha çox rast gəlirik:

“İri ticarət mərkəzlərinin dayanacaqlarında, yeni tikilmiş binaların qarajlarında və rəsmi elektromobil dilerlərinin satış məntəqələrində elektrik doldurma məntəqələri məhdud sayda da olsa var. Açığını deyək ki, paytaxtda müəyyən infrastruktur olsa da regionlarda bu məsələ hələki həll olunmamış qalıb. Xüsusən də, magistral yolların üzərində elektrik doldurma məntəqələrinə ciddi ehtiyac var. Yaxşı olardı ki, bölgələrdəki hotellər, restoranlar da həyətlərində elektrikdoldurma məntəqələri yaratsınlar”.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh