Reklam

“Elektromobillərə maraq çox ola bilər, əgər bu baş versə” - Ekspert

Avtoxəbər 30 Aprel 2024 19:42 Oxunub 1016
“Elektromobillərə maraq çox ola bilər, əgər bu baş versə” - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-2023-cü illərdə Azərbaycana 154 milyon 722 min ABŞ dolları dəyərində 3 915 ədəd elektromobil (Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ilin I rübündə isə Azərbaycana 35 milyon 308 min ABŞ dolları dəyərində 830 ədəd elektromobil gətirilib. 2020-ci ildən indiyə qədər ölkəyə 190 milyon ABŞ dolları dəyərində 4745 ədəd elektromobil idxal edilib. Ötən il ölkəyə elektromobil idxalında ciddi artım baş verib. Belə ki, 2023-cü ildə Azərbaycana 3102 ədəd elektromobil idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 6.4 dəfə çoxdur.

Elektromobillərin ölkəyə idxalında artımın olmasını necə qiymətləndirmək olar, xüsusilə ekoloji cəhətdən? Elektromobillər üçün şarj stansiyaları ilə bağlı vəziyyət qanəedicidirmi?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Herbiand.az-a bildirib ki, Azərbaycanda elektromobillərin sayının artması artıq reallığa çevrilib və hər şey göz önündədir:

“Çünki, Azərbaycan Prezidentinin qəbul etdiyi “yol hərəkəti təhlüləsizliyinə dair” Dövlət Proqramında hibrid və elektromobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq üçün müəyyən addımların atılması nəzərdə tutulurdu. Bu addımlar müxtəlif dövrlərdə atıldı. Bu gün elektromobillərə kifayət qədər güzəştlər tətbiq olunur. Bu güzəştlərdən də faydalanan vətəndaşlarımızın sayı günü-gündən artmaqdadır. Bu, özündə yaxşı haldır. Elektrik avtomobillərə marağın artması zərərli deyil. Hesab edirəm ki, elektromobillər üçün müəyyən bir şəraitin yaradılması da diqqətdən kənarda qalmamalıdır”.

Ekspertin sözlərinə görə, son illər artıq bu sahəyə böyük maraq yarandığı üçün texnologiyaların, müxtəlif yeniliklərin tətbiqi də mütləq nəzərə alınmalıdır:

“Çox böyük nəticə gözləyiriksə bunların baş verməsi qaçılmazdır. Çünki gələcəyin avtomobilləri bunlardır. Düzdür, dünyada müxtəlif tendensiyalar gedir, elektromobillərə qarşı çıxışlar da var. Hətta, onların gələcəkdə batareyalarının utilizasiyasının yaradacağı problemlərdən də danışırlar ki, ətraf mühitə daha çox ziyan vuracaq. Hər bir halda bu gün bundan üst texnologiya hələ yoxdur. Ola bilsin gələcəkdə hidrogen və digər yeniliklər tətbiq oluna bilər. Ancaq bu gün mövcud olan bunlardır. Dünyada bu tendensiya gedir və Azərbaycan da bu dünyanın bir parçası olduğuna görə, bu avtomobillərə öz marağını göstərməkdədir. Xüsusilə, Çin istehsalı olan elektrik avtomobillər Azərbaycana daha çox gətirilir. Lakin Bakıda və bölgələrdə elektrik doldurma məntəqələrinin sayı kifayət qədər deyil. Bir çox yaşayış məntəqələri, binalar var ki, həyətlərində sahibkarlar belə məntəqələr yaratmaq istəmirlər”.

Elməddin Muradlı düşünür ki, bununla bağlı onlara ciddi tapşırıqlar verilməlidir ki, belə məntəqələr yaratsınlar:

“Sahibkarlar binaları tikir, vətəndaşa baha qiymətə satıb qaçırlar. Bəs binalarda yaşayan insanlar üçün normal şərait də yaradılmalıdır. Düşünürəm ki, bu məsələlər kompleks yanaşmalar tələb edir. Bunu heç kim özbaşına gedib etməyəcək. Görünür sərt qərarlar, tapşırıqlar olmalıdır ki, sahibkarlar da bu işləri görsünlər. Bu gün deməzdim ki, şərait əladır. Çox zəifdir, çünki bu vəziyyət bölgələrdə yox dərəcəsinə çatıb. Təsəvvür edin ki, bu inkişaf bölgələrdə də baş versə Azərbaycanda elektromobillərə maraq həddindən artıq çox olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh