İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ

Avtoxəbər 11 Mart 2026 14:18
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşlənmiş avtomobil bazarı bir çox ölkədə olduğu kimi Azərbaycanda da geniş və aktivdir. Bu bazarda müxtəlif mənşəli avtomobillər satışa çıxarılır: şəxsi istifadə olunmuş maşınlar, lizinqdən çıxmış nəqliyyat vasitələri, eləcə də müəyyən zədələr görmüş avtomobillər və s. Xüsusilə qəzaya düşmüş maşınların təmir olunaraq yenidən satışa çıxarılması avtomobil ticarətinin müəyyən bir hissəsini təşkil edir. Müasir təmir texnologiyaları sayəsində bəzən ciddi zədələr görmüş avtomobillər belə zahirən normal vəziyyətə gətirilə bilir və bu da onları ilk baxışdan digər işlənmiş avtomobillərdən fərqləndirməyi çətinləşdirir.

Avtomobil bazarında belə halların mövcudluğu alıcıların diqqətli olmasını tələb edən mövzulardan biridir. Çünki avtomobilin keçmişi, baş vermiş qəzalar, aparılmış təmir işlərinin keyfiyyəti və texniki vəziyyət kimi amillər nəqliyyat vasitəsinin təhlükəsizliyinə və uzunmüddətli istifadəsinə birbaşa təsir göstərə bilər. 

Məsələ ilə bağlı qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, ikinci əl maşın almaq ucuz başa gəlmir və bu işə çox ciddi yanaşmaq lazımdır:

“Qəzaya düşmüş maşınları elə düzəldirlər ki, səriştəsi olmayan alıcı 100% çaşa bilər. Ona görə mütləq maşını ustaya göstərmək lazımdır. Amma hansı ustaya? Satanın ustasına yox. Satanın ustasına getmək xətalıdır, çünki onlar öz aralarında danışa bilərlər. Mütləq alanın ustasına getmək lazımdır. Bəzən olur ki, insanlar qonşudan və ya tanışdan maşın alanda maşını yoxlatmağa utanırlar. Halbuki ola bilər ki, elə bir nasazlıq olsun ki, maşını satan adamın özü də bundan xəbərsiz olsun. Məsələn, maşının mühərrik blokunda çat ola bilər və ya başqa bir ciddi problem ola bilər. Amma maşının üçüncü və ya dördüncü sahibi olan adam bundan xəbərsiz ola bilər. Ona görə maşını mütləq yoxlatdırmaq lazımdır. Bundan başqa, bəzi insanlar maşını alarkən onu öz adlarına keçirmirlər. Elə bilirlər ki, maşını etibarnamə ilə alıblarsa, artıq həmin maşın onların mülkiyyətidir. Əslində isə belə deyil. İstənilən etibarnamə, o cümlədən etibarnamə yalnız sizə maşından istifadə etmək səlahiyyəti verir. O etibarnamə istənilən vaxt geri də çəkilə bilər”. 

Ekspertin sözlərinə görə, əgər etibarnamə verən adam vəfat edərsə, çox böyük problemlər yarana bilər:

“Onun övladları maşını sizin adınıza keçirməyə razı olmaya bilər. Yaxud əvvəlcə varislik məsələləri həll olunmalıdır ki, maşın sizin adınıza keçirilsin. Bu isə çox böyük başağrısı yaradır. Bundan başqa, əgər etibarnamə verən adamın banka borcu varsa, hesab edin ki, maşın əldən gedə bilər. Digər bir risk isə budur ki, əgər sizə etibarnamə verən adam boşanarsa və həmin avtomobil onların nikah dövründə alınmış olarsa, onun həyat yoldaşı məhkəməyə müraciət edib deyə bilər ki, maşının yarısı mənə məxsusdur. Bu halda da maşınla bağlı problem yarana və siz onu itirə bilərsiniz. Bu qədər riskdən qaçmaq üçün yol çox sadədir. Maşını yol polisində alqı-satqı yolu ilə rəsmiləşdirib öz adınıza keçirmək lazımdır. Hətta maşını satanda da diqqətli olmaq lazımdır. Əgər maşını etibarnamə ilə vermisinizsə, onun müddəti bitdikdən sonra həmin adamın etdiyi bütün qayda pozuntularına görə cərimələr sizin adınıza gələ bilər. Ona görə həm maşını alanda, həm də satanda ən düzgün yol onu rəsmi qaydada alqı-satqı edib yeni sahibin adına keçirməkdir”.
Nurcan Babək

Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh