Şərqlə Qərbin QOVŞAĞINDA – Azərbaycan nəqliyyat habına çevrilir
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı”na əsasən, dəmiryolu xətti ilə daşınan tranzit yüklərin həcminin artırılmasının təmin olunması nəzərdə tutulub.
Belə ki, əvvəlcə Azərbaycanda magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmiri sahəsində bir sıra işlər həyata keçiriləcək və bu işlər 2024-2026-cı illəri əhatə edəcək.
Planda qeyd edilir ki, nəticədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi (7 ədəd magistral lokomotivin alınması, 10 ədəd magistral elektrovozun, 11 ədəd magistral və 32 ədəd manevr teplovozunun əsaslı təmirinin başa çatdırılması) nəzərdə tutulub.
“Azərbaycan nəqliyyat dəhlizinə çevrilə bilər”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərov, bu məsələnin uzun müddətdir ki, Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsi olduğunu qeyd edib:
“Belə ki, ölkəmiz yerləşdiyi coğrafi mövqeyinə görə nəqliyyat dəhlizi rolunu oynamaq iqtidarında olduğunu göstərdi. Bunun da tam gerçəkləşməsi üçün nəqliyyat sektoruna böyük diqqət yetirilməli və investisiyalar yatırılmalıdır.
Sözügedən istiqamətdə böyük fəaliyyət planları hazırlanacaq və icra olunacaq. Əsas məqsəd Azərbaycanın həm Şimal və Cənub, həm də Şərqlə Qərb arasında nəqliyyat dəhlizi rolunu oynaması üçün əlvelişli şərait yaratmaq və gəlir götürməkdir”.
Ekspert qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın inkişaf etməsi üçün nəqliyyat sahəsinin inkişafı mühümdür:
“Bir sözlə, ölkəmizin hava, quru və dəmir yollarından digər ölkələrin də yük daşımaları üçün geniş istifadə olunmalıdır. Bunun müqabilində də dövlətimiz tranzit gəlirləri əldə edəcək ki, bu da qeyri-neft sektorunun inkişafına töhfə verəcək”.
P.Heydərov bildirib ki, bu gün Rusiya İran və Yaxın Şərq ölkələri ilə yaxından əməkdaşlıq edir və müəyyən daşımalar həyata keçirir:
“Cənub ölkələri də öz növbəsində Rusiya ilə müəyyən yük daşımalarına malikdir. Hər iki tərəf də Azərbaycanın yaratdığı bu imkanlardan yararlanmağa və qarşılıqlı əməkdaşlıq etməyə çalışır. Azərbaycanın nəqliyyat dəhlizi bu gün Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki qarşılıqlı iqtisadi, ticari əlaqələrə malik ölkələrin hamısı üçün əlverişlidir və onların burada marağı var”.
Ekspert Ermənistanın bölgədə Azərbaycanın nəqliyyat dəhlizi rolunu maneçilik törədən yeganə dövlət olduğunu diqqətə çatdırıb:
“Amma dövlətimizin bu ölkə üzərində qalib olması və ermənilərin hazırki vəziyyəti rəsmi İrəvanı bəzi addımlar atmağa məcbur edəcək. Yəni, rəsmi İrəvan gec-tez bu nəqliyyat dəhlizindən istifadə etməli olacaq”.