Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR

Gündəm 14 İyul 2026 15:30
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
WhatsApp kanalımıza abunə olun

Bu ilin 6 ayı ərzində Bakıda baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, cari ilin yanvar–iyun ayları ərzində paytaxt ərazisində ümumilikdə 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qeyd olunan qəzalar nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib, bəzi hallarda isə sürücülər, sərnişinlər və piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bəs bu qədər qəzanın baş verməsinin əsas səbəbləri hansılardır? 

Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, 6 ay ərzində 1543 yol-nəqliyyat hadisəsinin baş verməsi ürəkaçan hal deyil:


“Bu, avtomobillərin zədələnməsi, insanların xəsarət alması, hətta həyatını itirməsi deməkdir. Qəzaların səbəbləri həm yol infrastrukturundakı çatışmazlıqlarla, həm də insan amili ilə bağlıdır. Lakin əsas səbəb məhz insan faktorudur. İnfrastruktur baxımından bəzi küçələr kifayət qədər işıqlandırılmayıb. Təmir işləri aparılan ərazilərdə isə bəzən xəbərdaredici nişanlar və qoruyucu vasitələr vaxtında quraşdırılmır. Xüsusilə gecə saatlarında bu cür nəzarətsiz təmir sahələri yol qəzalarına səbəb ola bilər. Son dövrlərdə aidiyyəti qurumlar tərəfindən yol nişanlanması və xətlənməsi istiqamətində xeyli iş görülüb. Bununla belə, bəzi ərazilərdə həddindən artıq mürəkkəb yol nişanlanması sürücüləri çaşdırır. Sürücülər diqqətlərini yola yönəltmək əvəzinə, yerdəki xətlənməni anlamağa çalışırlar ki, bu da qəza riskini artırır".

Aqil Rəhimov qeyd edib ki, digər təhlükəli məqamlardan biri də düz yollarda əyri zolaqların çəkilməsidir:
"Yağışlı, qarlı və ya qaranlıq havalarda bu xətlər aydın görünmür. Nəticədə sürücü əyri zolağa uyğun hərəkət etdikdə, arxadan düz istiqamətdə gələn avtomobillə toqquşma riski artır. Məsələn, zolağın daraldığı hissələrdə sürücü zolağının bitdiyini gördükdə güzgülərə baxaraq hərəkətini tənzimləyir. Lakin əyri nişanlanma olduqda sürücü elə hesab edir ki, öz zolağı ilə davam edir və zolaq dəyişdirdiyini hiss etmədiyi üçün güzgülərə baxmır. Bu isə arxadan gələn nəqliyyat vasitəsi ilə toqquşma ehtimalını artırır. Yol qəzalarının əsas səbəbi insan amilidir. Yol polisi profilaktik tədbirlər görsə də, sürücülərin həddindən artıq özünəinamı, qaydaları bilməməsi və ya onlara əməl etməməsi, təhlükəsiz idarəetmə vərdişlərinin zəif olması qəzaların başlıca səbəbləri olaraq qalır".

Fatimə Dadaşova

Oxunub : 202
ŞƏRH YAZ
Ad

E-mail

Şərh