Azərbaycan Milli Mətbuatı - 151 ilin tarixi - FOTO

Gündəm 22 İyul 2026 08:30
Azərbaycan Milli Mətbuatı - 151 ilin tarixi - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Milli Mətbuatı - 151 ilin tarixi - FOTO
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat bu gün də ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynamağa davam edir.

151 illik tarix ərzində Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək milli şüurun formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və cəmiyyətin maariflənməsinə mühüm töhfələr verib. 

Mövzu ilə bağlı “Türküstan Media Qrupu”nun baş redoktoru Aqil Camal Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mətbuatın 150 ildən artıq tarixi bütövlükdə cəmiyyətin inkişaf tarixidir:

"Digər sahələrdən fərqli olaraq, mətbuatın ildönümləri yalnız media cameəsini deyil, bütün cəmiyyəti əhatə edir. Bu günü milli bayram kimi də dəyərləndirmək olar. Çünki mətbuat cəmiyyətin aynasıdır. Xüsusilə nəzərə alsaq ki, “Əkinçi” qəzeti fəaliyyətə başlayanda həmin dövrdə Azərbaycan cəmiyyətinin belə bir aynaya böyük ehtiyacı var idi. 151 il əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı tariximizin həm qürur səhifəsidir, həm də xalqımızın inkişafında, milli şüurun formalaşmasında əvəzsiz rol oynayan ən mühüm amillərdən biridir.

Azərbaycan mətbuatının 151 illik tarixini şərti olaraq üç mərhələyə bölmək olar. İlk mərhələ “Əkinçi” qəzeti ilə başlayır. Onun fəaliyyəti uzun sürməsə də, qoyduğu təməl sonrakı dövrlər üçün böyük əhəmiyyət daşıdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində nəşr olunan qəzetlər “Əkinçi”nin başladığı tarixi missiyanı davam etdirərək Azərbaycan xalqının milli mənliyi, milli kimliyi və hüquqları ilə bağlı məsələləri ön plana çıxardı. Dövrün ziyalıları, ədibləri, mütəfəkkirləri və aydınları məhz həmin qəzetlər vasitəsilə cəmiyyətə milli ideologiyanı aşıladılar, milli azadlıq ideyasını formalaşdırdılar".

Aqil Camal qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da həmin dövrdə mətbuatın apardığı ideoloji fəaliyyətin mühüm nəticələrindən biri idi:
"Çünki Cümhuriyyəti elan edən görkəmli şəxsiyyətlərin böyük əksəriyyəti o dövrdə fəaliyyət göstərən mətbuat orqanlarında çıxış edən ziyalılar idi. Sonrakı mərhələ Sovet dövrünü əhatə edir. Həmin dövrdə mətbuat ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, milli məzmun baxımından məhdud olsa da, forma və peşəkarlıq baxımından inkişaf edirdi. Eyni zamanda, texnologiyanın və qəzetçiliyin inkişafına uyğun şəkildə Azərbaycan mətbuatı da öz inkişafını davam etdirirdi. Üçüncü mərhələ isə 1980-ci illərin sonu, Sovet İttifaqının dağılması ərəfəsində başlayan milli azadlıq hərəkatı dövrüdür. Həmin illərdə çoxsaylı mətbuat orqanları yarandı və onlar XX əsrin əvvəllərində olduğu kimi, xalq hərəkatının ruporuna çevrildi, milli azadlıq ideyalarının yayılmasında mühüm rol oynadı. Nəticədə Azərbaycan xalqı 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etdi. Bugünkü Azərbaycan mediası isə artıq qloballaşan dünya mediasının ayrılmaz hissəsidir. İnformasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellektin yaratdığı imkanlardan Azərbaycan mediası da geniş şəkildə istifadə edir. Artıq ölkəmizdə hazırlanan xəbərlər dünyanın istənilən nöqtəsində oxunur və izlənilir. Azərbaycan mediası xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə aparılan informasiya mübarizəsində öz peşəkarlığını nümayiş etdirdi, bu sınaqdan ləyaqətlə və daha da güclənmiş şəkildə çıxdı".

“Teleqeaf” İnformasiya Agentliyinin rəhbəri Aynur Camalqızının fikrincə isə, 22 İyul - Milli Mətbuat Günü Azərbaycan jurnalistikası üçün təkcə tarixi bir gün deyil, həm də peşəmizin keçdiyi yolu dəyərləndirmək, gələcək hədəfləri müəyyənləşdirmək baxımından əlamətdar bir tarixdir:


"Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün ənənələrini qorumaqla yanaşı, rəqəmsal dövrün çağırışlarına uyğun şəkildə yenilənir və inkişaf edir. Müasir dövrdə informasiya müharibələrinin, dezinformasiyanın və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir şəraitdə medianın məsuliyyəti daha da artıb. Bu gün jurnalist yalnız xəbəri operativ çatdıran deyil, həm də informasiyanın doğruluğunu yoxlayan, cəmiyyəti manipulyasiyalardan qoruyan və ictimai etimadı təmin edən əsas fiqurlardan biridir.


Son illər Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar peşəkar jurnalistikanın inkişafı, media institutlarının gücləndirilməsi və informasiya mühitinin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, milli maraqların obyektiv və peşəkar şəkildə dünya ictimaiyyətinə çatdırılması medianın qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan mediasının gələcəyi keyfiyyətli jurnalistika, rəqəmsal transformasiya və yeni texnologiyalara uğurlu inteqrasiya ilə bağlıdır. Süni intellekt və rəqəmsal alətlər jurnalistin yerini tutmayacaq, əksinə, onun peşə imkanlarını daha da genişləndirəcək. Lakin istənilən texnologiyanın fövqündə peşəkarlıq, obyektivlik, məsuliyyət və milli maraqlara sadiqlik dayanmalıdır".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Fatimə Dadaşova

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh