Azərbaycan səfirinin xanımı yol polisinə rüşvət təklif etdi, cinayət işi açdılar - YENİLƏNİB

Gündəm 14 Yanvar 2016 23:04 Oxunub 2089
Azərbaycan səfirinin xanımı yol polisinə rüşvət təklif etdi, cinayət işi açdılar - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəzirə Zeynalova avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib

Azərbaycanlı səfirin xanımına cinayət işi açılıb. Avtosfer.az haqqin.az-a istinadən xəbər verir ki, sözügedən cinayət işi Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovaya qarşı qaldırılıb. Səbəb isə N.Zeynalovanın ölkənin Yol Hərəkət Təhlükəsizliyi müfəttişlərinə rüşvət təklif etməsi olub. Belə ki, səfirin xanımı ölkədə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib. O, vəsiqəni imtahansız almaq üçün müfəttişlərə 500 avro təklif edib. Bu isə, qanunsevər latviyalıları şoka salıb. Məmura rüşvət təklif etdiyi üçün N.Zeynalovaya cinayət işi açılıb. İşə Antikorrupsiya Bürosunda baxılır.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfir olduğu ölkədə həyat yoldaşı Nəzirə Zeynalovaya cinayət işi açılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib. E.Zeynalov APA-ya açıqlamasında bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır,qorxuya düşüb nədirsə götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildirdilər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bilinir". 

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: "Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi,  onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə  şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.

E.Zeynalov qeyd edib ki, o, səfir kimi fəaliyyətində həmişə diqqətli və həssas olub: “Mən indi buranın da qanunlarını bildiyim halda heç belə addıma yol verə bilərəmmi? Ona görə də məlumatları yazarkən mənimlə əlaqə saxlamaq daha yaxşı olardı. Mən vətənimin və dövlətimin keşiyində, onun adı ilə həmişə şərəflə, qürurla xidmət etmişəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh