Neft sisternlərindən transkontinental qatarlara: ADY-nın inkişaf yolu və nailiyyətləri
Azərbaycanda hər il oktyabrın 13-də dəmir yolu işçilərinin peşə bayramı qeyd olunur. 2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu bayram ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafında dəmir yolu nəqliyyatının əhəmiyyətli rolunu simvolizə edir. Zaqafqaziyanın ən böyük dəmir yolu şəbəkələrindən biri olan Azərbaycan dəmir yolu şəbəkəsi yük və sərnişin daşımalarında əsas rol oynayaraq regionun iqtisadi inkişafına töhfə verir.
Dəmir yollarının tarixi və rolu
Azərbaycanda dəmir yollarının yaradılma tarixi 1880-ci ilin yanvar ayında uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə başlayır. Əvvəlcə dəmir yolu infrastrukturu neftin Abşerondan Bakı limanına daşınmasına xidmət edirdi. O vaxtdan bəri ölkənin dəmir yolları təkmilləşdirmə və genişlənmə dövrlərindən keçib.
SSRİ-nin dağılmasından sonra Azərbaycan dəmir yolları yenidən təşkil olunaraq yeni iqtisadi sistemin vacib elementi olub. 2009-cu ildə Azərbaycan Dövlət Dəmir Yolu bazasında bu gün ölkənin nəqliyyat sənayesində aparıcı mövqe tutan "Azərbaycan Dəmir Yolları" QSC yaradılıb.
Yeni geosiyasətin mühərriki
"Azərbaycan Dəmir Yolları" QSC yarandığı andan beynəlxalq dəhlizlərin mühüm elementi olaraq fəaliyyətini bu istiqamətdə qurub, mühüm irəliləyişlər əldə edib. Bir çox ölkələrlə səmərəli əməkdaşlıq, yüklərin cəlb edilməsi ilə bağlı atılan addımlar ölkənin tranzit və logistika potensialına vacib töhfələr verib.
Son illərdə geosiyasi vəziyyət Azərbaycan dəmir yollarının əhəmiyyətini artıraraq onları beynəlxalq səviyyəyə çıxarıb. Xüsusilə Orta Dəhliz çərçivəsində Azərbaycan Avropanı və Asiyanı birləşdirən mühüm qovşağa çevrilib. Orta Dəhliz, Rusiyadan yan keçərək Çini Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən strateji marşrutdur.
Ölkənin dəmir yolu şəbəkəsi bu gün qitələrarası yüklərin sürətli və səmərəli daşınmasında əsas rol oynayır. Açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini artırır.
Son illərdə Orta Dəhlizə maraq kəskin artıb, bu da yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması ilə təsdiqlənir. Belə ki, 2024-cü ilin ilk 9 ayında Orta Dəhlizlə daşınan yüklərin həcmi 70 % artaraq 3,4 milyon tona çatıb və bu göstərici artıq 2023-cü ilin illik nəticələrini üstələyib. İlin sonuna qədər bu rəqəmin 4,2 milyon tona çatacağı gözlənilir.
Məlumdur ki, qlobal geosiyasi dəyişikliklər Çin və Avropanı birləşdirən marşrutlara tələbatın artmasına səbəb olub. Bunun nəticəsində, Orta dəhlizin infrastrukturunun şaxələndirilməsinə və genişləndirilməsinə ehtiyac var. Artıq əldə olunmuş razılaşmalar da təsdiq edir ki, Azərbaycan Asiyadan, o cümlədən Yaponiya və Cənubi Koreyadan yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasını təmin edə bilər. Bu da dəhlizin cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.
Marşrutun genişləndirilməsi Xəzər dənizinin həm qərb, həm də şərq tərəfində həyata keçirilir. Qərbdə, Bakı-Tbilisi-Qars xəttindən əlavə, Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin inşası planlaşdırılır. Bu isə Orta Dəhlizin əlavə bir qolunu yaradacaq. Orta Dəhlizin Şimal-Cənub marşrutu ilə də inteqrasiyası gözlənilir. Beləliklə, Azərbaycanın və onun tərəfdaşlarının tranzit potensialı gücləndiriləcək.
Şərqdə yüklər Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçərək Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulur. Çin-Qırğızıstan- Özbəkistan yeni dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılıq regionda Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar yaradacaq. Eyni zamanda, bu xətt Orta Dəhlizlə Trans-Əfqan dəhlizinin birləşməsinə şərait yarada bilər.
Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan yüklərin Orta Dəhlizin davamı kimi Transxəzər Beynəlxalq Şərq-Qərb nəqliyyat dəhlizinin cənub qanadı vasitəsilə daşınmasına artıq ehtiyac duyulur. Avropa ölkələri Mərkəzi Asiya bazarlarına çıxış əldə etməyə maraq göstərirlər. Buna cavab olaraq, “Azərbaycan Dəmir Yolları” nəqliyyat xidmətlərinin koordinasiyasını yaxşılaşdırmaq və tariflərin əlçatanlığını artırmaq üçün "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Avrasiya nəqliyyat marşrutunun inkişafı və əsas dəmir yolu xətlərinin modernləşdirilməsi Azərbaycanı əhəmiyyətli tranzit qovşağına çevirir. Azərbaycanın Bakı-Tbilisi-Qars və Xəzər dənizi limanlarına gedən xətlərin modernləşdirilməsi kimi layihələr ölkəni əhəmiyyətli tranzit qovşağına çevirir və yeni infrastrukturun beynəlxalq logistika zəncirlərinə inteqrasiyası ölkənin iqtisadi təsirini artırır.
Qlobal dəyişikliklər fonunda Azərbaycan dəmir yolları yalnız iqtisadiyyatın mühüm elementi deyil, həm də Şərqlə Qərb arasında nəqliyyat axınlarının sabitliyini təmin edən strateji geosiyasi alətə çevrilir.
Nailiyyətlər və göstəricilər
Azərbaycanın dəmir yolu nəqliyyatında aparılan islahatlar nəzərəçarpan nəticələr verir və bunu statistik göstəricilər də təsdiqləyir. Ölkə 2020-ci ildən 2023-cü ilə qədər daşımaların həcmini əhəmiyyətli dərəcədə artıraraq, infrastrukturun və dəmir yolu şəbəkəsinin idarə edilməsində səmərəliliyin yüksəldiyini göstərir.
Bu dövrdə dəmir yolu ilə yük daşımalarının həcmi 3,65 milyon ton və ya 25 % artaraq 18,276 milyon tona çatıb. Xüsusilə tranzit daşımalarında nəzərəçarpacaq artım müşahidə olunub: 2020-2023-cü illər ərzində tranzit daşımalar 66,2 % və ya 2,74 milyon ton artaraq 6,87 milyon tonu keçib. Bu göstəricilər Azərbaycanın tranzit dəhlizi kimi artan rolunu və “Şimal-Cənub” və “Şərq-Qərb” kimi mühüm layihələrin inkişafı çərçivəsində ölkənin strateji əhəmiyyətini vurğulayır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dəmir yollarında rəqəmsal texnologiyaların tətbiqi daşıma proseslərini sadələşdirir. Bu yeniliklər sayəsində sərhədlərdə yüklərin emalı vaxtı azalıb və yük göndərənlər öz yüklərini real vaxt rejimində izləyə bilirlər. Elektron xidmətlərə keçid sürətlə davam edir, hazırda “Azərbaycan Dəmir Yolları”nın veb-saytında kart balansının onlayn doldurulması imkanı mövcuddur, bu da sərnişinlərin vaxtına qənaət edir. Bundan əlavə, şəhərlərarası reyslərdə dinamik qiymətqoyma sistemi tətbiq edilib, burada biletlərin qiyməti həftənin günü, istiqamət, bayram günləri və tələbatdan asılı olaraq dəyişir. Bu yanaşma sərnişinlərə erkən rezervasiya zamanı daha sərfəli tariflərdən yararlanmağa və səyahətləri daha rahat planlaşdırmağa imkan verir.
Loyallıq proqramı şəhərətrafı qatarlarla səyahət edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları təqdim edir. Proqram çərçivəsində hər gediş üçün 3 % “cashback” və qeydiyyat, dostların dəvəti, sorğularda iştirak və qiymətləndirmələr üçün əlavə bonuslar təklif olunur. Bu təşəbbüs sərnişinlərin dəmir yolu nəqliyyatı və rəqəmsal xidmətlərdən istifadəsini daha da təşviq edir.
2020-2023-cü illər arasında dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı 3,4 dəfə artaraq 7,19 milyon nəfərə çatıb ki, bu da 1995-ci ildən bəri ən yüksək göstəricidir. Səyahət şəraitinin yaxşılaşdırılması, hərəkət tərkibinin modernləşdirilməsi və marşrutların genişləndirilməsi sərnişinlərin etimadının artmasına əhəmiyyətli təsir göstərib.
Eyni dövrdə dəmir yolu daşımalarına çəkilən xərclər 25,6 % artaraq 501,159 milyon manata çatıb. Xüsusilə sərnişin daşımalarına xərclər 2,6 dəfə artaraq 326,202 milyon manat olub ki, bu da hərəkət tərkibinin yenilənməsi, vağzalların modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlıdır.
Dəmir yolu işçilərinin orta aylıq əməkhaqqısı isə 2,2 dəfə artaraq 1 200,3 manat təşkil edib, bu da əmək şəraitinin yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi üzrə səyləri əks etdirir.
2024-cü ildə də müsbət dinamika davam edib. İlk altı ayda yük daşımalarının həcmi 9,32 milyon ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur. Eyni müddətdə sərnişin axını 19,2 % artaraq 3,85 milyon nəfərə çatıb, doqquz ayın yekunlarına görə isə bu rəqəm 6 milyon nəfərə yaxınlaşıb. Bu göstəricilər dəmir yolu nəqliyyatına olan tələbatın sabit artımını əks etdirir.
Əmək şəraitinin yaxşılaşdırılması istiqamətində səylər 2024-cü ilin ilk yarısında da davam edib. Yanvar-iyun aylarında işçilərin orta aylıq əməkhaqqısı 1 402,4 manata çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,3 % artım deməkdir.
Tanınma və mükafatlar
“Azərbaycan Dəmir Yolları” işçilərinin xidmətlərinin tanınması böyük əhəmiyyət daşıyır və onların peşə bayramı əməkdaşların ölkənin inkişafına verdiyi töhfəni vurğulayan mühüm hadisə kimi qeyd olunur. Hər il sahənin ən yaxşı işçiləri dövlət mükafatları və xatirə hədiyyələri ilə təltif edilir ki, bu da onların əməyinin və milli iqtisadiyyatın gücləndirilməsindəki rolunun yüksək qiymətləndirildiyini göstərir.
Bu gün Azərbaycan dəmir yolu müasir və dinamik inkişaf edən bir sənayedir. O, yalnız daxili iqtisadiyyatı dəstəkləməklə kifayətlənmir, həm də ölkənii qlobal nəqliyyat layihələrinin əsas iştirakçısına çevrilməsini təmin edir. Beynəlxalq nəqliyyat marşrutlarının genişləndirilməsi və infrastrukturun inkişafı nəzərə alınaraq, Azərbaycan dəmir yollarının rolu getdikcə daha da güclənəcək və respublikanın qlobal ticarət və logistika sahəsində əsas iştirakçı mövqeyini möhkəmləndirəcək.