Paytaxtda nəqliyyat planı açıqlandı
Bakı 2015 I Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfdaş şirkətləri, nazirlikləri və digər müvafiq hökumət qurumlarını iyunun 12-də başlayacaq Oyunlar zamanı tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə konfrans təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Əməliyyat Komitəsindən trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, Nəqliyyat Nazirliyi, NİİM və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə təşkil olunan konfrans BAOƏK-in Bakı şəhərinin nəqliyyat sisteminə məsul qurumlarla əməkdaşlığını inkişaf etdirmək və paytaxt əhalisinin, fəaliyyət göstərən şirkətlərin Oyunlar zamanı tətbiq ediləcək nəqliyyat planı haqqında məlumatlandırılmasını təmin etmək məqsədi daşıyırdı.
Nəqliyyat məsələləri üzrə konfransdan sonra açıqlama verən BAOƏK-in dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli bildirdi: “Bizim məqsədimiz Oyunlar zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat və səmərəli hərəkətini, eləcə də, Bakı sakinlərinin rahatlığına, təşkilatların normal fəaliyyətinə təsirin daha az olmasını təmin etmək üçün aidiyyəti nəqliyyat qurumları ilə birgə çalışmaqdır.
Bakının işgüzar dairələrindən aldığımız rəylər bizi məmnun edir və Oyunlar zamanı şəhərdə necə səyahət etmək barədə hər kəsin məlumatlı olduğunu təmin etmək məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Baş Dövlət Yol Polisi İdarəsi, NİİM, Bakı Metropoliteni və Nəqliyyat Nazirliyi ilə bundan sonra da əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik.
Nəqliyyat Nazirliyi Oyunlara qatılacaq tamaşaçılara müraciət edib ki, arenalara getmək üçün öz şəxsi avtomobilləri əvəzinə, Bakı şəhəri üzrə fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətindən istifadə etsinlər.
Bakı Metropoliteni artan tələbatı təmin etmək üçün hər gün 19 saat - səhər saat 06:00-dan gecə saat 01:00-a qədər xidmət göstərəcək. Onu da qeyd edək ki, yarışlarda iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya və oradan yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcəklər.
Bu ekspres avtobuslar Oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem şəhər boyunca bütün Bakı 2015 arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin idmançıların idman arenalarına tez və səmərəli şəkildə çatmasını təmin etmək üçün hazırlanıb.
Bakı 2015 I Avropa Oyunları zamanı ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə istinad etməyiniz xahiş olunur:
Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsini yığaraq əlaqə saxlamaq olar.
Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri. Radio, internet səhifəsi və rəsmi facebook səhifəsi də daxil olmaqla, NİİM-in əlaqə kanalları.