Qısnama, narkotik, spirtli içki... - Azyaşlı qızlar evdən niyə qaçırlar?

Gündəm 15 Aprel 2024 21:33 Oxunub 266
Qısnama, narkotik, spirtli içki... - Azyaşlı qızlar evdən niyə qaçırlar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər demək olar ki, hər həftə yeniyetmə və gənclərin, xüsusən də qızların evdən qaçdığının şahidi oluruq. Bəzi hallarda qaçan yeniyetmələrin başına gəlməyən qalmır, onların bəzisi təcavüzün, bəzisi narkomaniyanın qurbanı olur. 

Bəs yeniyetmələr evdən niyə qaçır? Onların evdən çıxıb getməsinə gətirib çıxaran səbəblər nədir? 

Məsələ ilə bağlı Yenisabah.az-a  sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva danışıb.

Mütəxəssiz bu halın qarşısının alınması üçün ciddi maariflənməyə ehtiyac olduğunu bildirib:

“Yeniyetmə qızlarla bağlı problemlər günü-gündən artmağa davam edir. Buna ciddi nəzarət etmək lazımdır. Bəzən yeniyetmələr evdə ailələri ilə problem yaşayırlar və bu zaman kənar şəxslərə yönəlirlər, onları “qəhrəman” kimi görürlər. Bu yaşda yeniyetmələr həyatı gəzməkdə, “TikTok”dakı video-roliklər, kinolardakı kimi yaşamaqdan ibarət görürlər. Onlar üçün həyat bir illüziyadan ibarətdir. Uşaqlar buna görə aldana bilirlər, düşünürlər ki, qarşımdakı şəxslə möhtəşəm eşq yaşayacağam, istədiyimi onda tapacağam və s. Yeniyetmələr bəzən valideynlərinin sözünə baxmırlar və məsuliyyətlə azadlığı qarışdırırlar. Deyirlər ki, istədiyim yerə gedə bilərəm, istədiyim insanla tanış ola bilərəm, siz mənə heç nə edə bilməzsiniz, etsəniz, sizə cəza verəcəklər, mənə şiddət göstərirsiniz. Onlar bu kimi sözlərlə valideynlərdən sui-istifadə edə bilirlər. Ona görə də bu mövzuda maariflənməyə həddən çox ehtiyacımız var. Son vaxtlar baş verən hadisələri müşahidə etdikdə həm qız, həm də oğlan tərəfdə ciddi problemlərin olduğu aşkar görünür”. 

Psixoloq yeniyetmələrin evdən qaçmasının iki əsas səbəbini açıqlayıb və valideynləri diqqətli olmağa səsləyib:

“Bəzən yeniyetmə qızlar evdən qaçır, onlara zərər verə biləcək şəxslərlə tanış olur və başına pis hadisə gəlir. Bunun iki səbəbi var. Birincisi valideynin evdə yeniyetməyə şiddət göstərməsidir, ola bilər ki, uşağın evdə dözülməz həyatı var. İkinci səbəb isə uşaqların hər şeyinin olmasıdır, mən buna qudurğanlıq sendromu deyirəm. Bu halda uşaqlara hər şey verilir, onlar isə heç nə etmək istəmirlər, “TikTok”da gördükləri həyatı valideynlərindən tələb edirlər. Məsələn, valideyn fəhlədir, amma yeniyetmə iki ayağını bir başmağa dirəyir ki, mən də filan dostum kimi geyinmək istəyirəm, filan rəfiqəmin aldıqlarından mənə də alın və s”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh