Xocalıdakı kütləvi məzarlıqda Natiq Qasımovun qalıqları aşkarlanıb? - Dövlət Komitəsindən cavab

Dövlət Komissiyası Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində tapılan kütləvi məzarlıqdan Natiq Qasımovun meyitinin aşkar edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov APA-ya açıqlamasında deyib ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışları davam etdirilir.
“Bu, çox mürəkkəb prosesdir. Bu il 9 fevralda qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib. Bu mövzuda daha təmkinli olmalıyıq. Qalığın məzardan tapılması hələ ilkin mərhələdir. Qalığın kimə aid olması isə araşdırmadan sonra məlum olur. Bu araşdırmalar da gedir. Bu istiqamətdə iki laboratoriyada işlər davam etdirilir. Məsələn, 2021-ci ilin fevralın 17-də Daşaltıda aparılan qazıntı zamanı orada iki kütləvi məzarlıq aşkar edilib. Orada müəyyən edilmiş meyit qalıqlarının bir hissəsini yalnız 2023-cü ildə eyniləşdirmək mümkün olub. Bu iş davam etdirilir. Bir daha vurğulayıram ki, kütləvi məzarlıqdan tapılan meyit qalığının kimə aid olmasını yalnız aparılan molekulyar-genetik araşdırmadan sonra demək mümkündür. Bu iş ciddi vaxt, insan və maliyyə resursu tələb edir", - Eldar Səmədov deyib.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












