Anasının telefonunda dostundan gələn mesajı gördü onu bıçaqladı

Samux rayonunda 21 yaşlı oğlan dostundan borca pul istəyən anasını bıçaqlayıb.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 2005-ci il təvəllüdlü Rasim birgə yaşadıqları evdə doğma anası Nazilənin onun həmkəndlisi və dostu olan Şakirdən (adlar şərtidir – red.) 300 manat məbləğində borca pul almaq istədiyini bilib.
Daha sonra 21 yaşlı oğlan yaşadığı evin mətbəx otağında anasına bu barədə bildirməklə, bu səbəbdən aralarında ailə-məişət münasibətləri zəminində sözlə mübahisə yaranıb. Bu mübahisə qarşılıqlı dartışma nəticəsində evin həyətində yerləşən çınqıl örtüklü məhəlləyə keçid hissəsində davam edib. Orada Rasim əvvəlcədən mətbəxdən götürmüş olduğu bıçaqla anasına zərbə yetirib.
Rasimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2026-cı il tarixdə, günorta saat 15 radələrində yuxudan durduqdan sonra anasına məxsus mobil telefonu götürərək internetə baxıb:
"Baxdığım zaman anamın istifadəsində olan mobil nömrənin WhatsApp-ına kəndçim və dostum Şakirdən mesaj gəldiyini gördüm. Mesaj telefonun yuxarı hissəsinə bildiriş formasında gəldikdə baxdım və orada "narahat olma deməyəcəm" sözlərinin yazıldığını gördüm. Bu barədə anama və ya başqa şəxslərə heç nə demədim. Şakirlə görüşərək söhbət etməyi və məsələni aydınlaşdırmağı qərara aldım. Əynimi geyinərək evdən çıxdım, Dörd yol adlanan ərazidə yerləşən çayxanaya getdim. Bir qədər oturduqdan sonra oradan çıxdım. Dostum Əlinin yanında olarkən Şakirə zəng etdim və harada olduğunu soruşdum. O, Xəyyam ilə birlikdə "Şahzadə" şadlıq sarayının yanında olduğunu bildirdi. Mən ona "dur orada, gəlirəm" dedim. Əli ilə birlikdə həmin yerə getsəm də, Şakir orada olmadı. Mən yenidən Şakirə zəng etdim. O, şəhərdə olduğunu bildirdi".
Rasimin sözlərinə görə, daha sonra Əli ilə birlikdə Gəncə şəhərinə gedib:
"Yenidən zəng etdikdə Şakir yanında adam olduğundan danışa bilmədiyini dedi. Sonra Şakirin yanında olan dostum Xəyyama zəng etdim. Xəyyam isə Şakirin kəndə, evə qayıtdığını bildirdi. Bundan sonra Əli ilə birlikdə kəndə qayıtdım. Kəndə qayıdan zaman artıq axşam saat 21 radələri idi. Kəndə qayıtdıqdan sonra əvvəlcə Mahirin işlətdiyi çayxanaya getdim. Orada yenidən Şakirə zəng etsəm də, o, telefonu götürmədi. Bir qədər orada oturduqdan sonra yenidən aşağı çayxanaya qayıtdım. Çayxanada Şakirin qardaşı Elmarı gördüm. Ondan qardaşının harada olduğunu soruşdum. O, qardaşının ora gəldiyini bildirdi. Mən də Şakiri gözlədim. Bir qədər sonra Şakir kənd uşaqları ilə birlikdə gəldi. Həmin vaxt artıq gecə saat 01 radələri olardı və çayxana bağlanmaq üzrə idi. Mən Şakirlə görüşsəm də, ona sözümü deməyə imkan tapmadım. Şakir evə gedərkən təklif etdi ki, məni də evə aparsın. Lakin mən özüm gedəcəyimi bildirdim. Fikirləşdim ki, Şakir uşaqları evlərinə çatdırdıqdan sonra ona zəng edərəm, görüşərik. Küçə ilə kəndin başına doğru gedərək yenidən Şakirə zəng etdim. Lakin o, telefonu açmadı. Buna görə də Xəyyama zəng etdim və onunla görüşdüm. Xəyyama dedim ki, Şakirə zəng etsin, onunla danışım. Xəyyam zəng etdikdə isə Şakir telefonu götürdü. Mən Şakirlə telefon vasitəsilə danışdım. Şakirlə telefon danışığım zamanı ona "bizdən sənə bu gün SMS gəlibmi?" sualını verdim. Şakir isə "nə mesaj?" deyə cavab verdi. Mən də "WhatsApp-da sənə mesaj yazılıbmı?" deyə soruşdum. O, anamın ondan 300 manat pul istədiyini bildirdi. Mən də Şakirə nə üçün bunu mənə demədiyini soruşdum. Şakir isə bu barədə Xəyyama dediyini və onunla danışmağımı bildirdi".
Rasim qeyd edib ki, daha sonra Şakirlə telefon danışığını bitirib və Şakirin yanına qayıdıb: "Xəyyama bu barədə danışdıqda, sonuncu həmin məsələdən məlumatlı olduğunu bildirdi. Mən isə nə üçün bu barədə məlumat verilmədiyini soruşdum. Xəyyam cavabında ailəmin dağılmasını istəmədiklərini bildirdi. Bu barədə Xəyyamla ümumi söhbətlər etdikdən sonra oradan uzaqlaşaraq evə gəldim. Yolda olarkən qərara gəldim ki, evə gedərək anamı bıçaqla vurum. Həmin vaxt artıq səhərə yaxın idi, təxminən saat 05 radələri olub. Evə daxil olaraq birbaşa mətbəxə keçdim. Mətbəxdə istifadə etdiyimiz bıçağı götürdüm. Məqsədim yataq otağına keçərək anamı bıçaqla vurmaq olub. Mətbəxdən bıçağı götürərək evin içərisinə keçmək istədikdə gördüm ki, anam mənim arxa tərəfində dayanıb. Həmin vaxt bıçağı əynimdə olan şalvarımın sağ arxa cibinə qoydum. Mətbəxdə anam ilə üzbəüz dayanaraq ona "sən mənim dostum Şakirdən pul istəmisən" dedim. Anam isə cavabında "sakit dur, atan duracaq" dedi. Bundan sonra anam evin dəhlizinə, pilləkənə çıxdı. Mən də anamın arxasınca getdim. Pilləkəndə olarkən çox əsəbi olduğumdan özümü saxlaya bilmədim, anamın üz nahiyəsinə bir neçə dəfə şillə vuraraq "olub, ya yox?" sualını verdim. Anam isə cavabında "sakit dur, qışqırma" dedi. Sualıma cavab ala bilmədikcə daha da əsəbiləşdim. Buna görə də anamın saçından tutaraq onu evin həyətinə apardım. Anam səs-küy getməsin və atam eşitməsin deyə həyətdə olan məhəlləyə doğru çəkildik. Biz hər ikimiz dartışa-dartışa məhəllənin giriş qapısından məhəlləyə keçdik. Həmin yerdə anama yumruq vurdum. Anam da yerə yıxıldı. Anam yerdə uzanılı vəziyyətdə olarkən cibimdə olan bıçağı çıxardım və bir neçə dəfə ona bıçaqla zərbələr endirdim. Bıçaqla vurduğum zaman anam mənə "eləmə" dedi. Anamın səsini eşidən atam hadisə yerinə gəldi. Atam həyətə çıxaraq anamı görərək ona tərəf gəldi. Mən də anamı buraxdım, bıçağı məhəlləyə ataraq evin çöl darvazasından çıxdım".
İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, ehtiyac olduğu üçün oğlu Rasimin dostu Şakirdən "WhatsApp" tətbiqi vasitəsilə borca pul istəyib: "Həmin borcu istəyərkən Şakir oğlumun dostu olduğu üçün öz ehtiyacımı ödədikdən sonra pulu hissə-hissə qaytaracağımı düşündüm. Mən borca pul götürərkən Şakirə bu barədə ərimə və oğluma deməməsini xahiş etdim. Ancaq Şakir bu barədə mənə "WhatsApp" tətbiqində "narahat olma deməyəcəm" məzmununda mesaj yazarkən telefonum oğlumda olub və oğlum mesajı görüb".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim 1 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO












