Bank kartlarından pulları belə oğurlayırlar - Kütləvi dələduzluq

Hadisə 31 May 2024 22:30 Oxunub 416
Bank kartlarından pulları belə oğurlayırlar - Kütləvi dələduzluq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara virtual nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. Bununla bağlı vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə tez-tez  müraciətlər edilir.

Lakin yeganə dələduzluq növü bu deyil, kibercinayətkarlar hər qurbana görə müxtəlif üsullar seçirlər. Dələduzlar bəzən pulları oğurlamamışdan öncə insanları şirnikləndirir, onlara cüzi məbləğdə pul yollayıb daha sonra böyük məbləğlər tələb edərək, bunun ikiqatını qaytaracaqlarını vəd edirlər.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenisabah.az-a açıqlamasında bildirib ki, dələduzlar müxtəlif həvəsləndirici təkliflər vasitəsilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D Secure”) əldə etməyə çalışırlar:

“Dələduzlar müxtəlif sosial mühəndislik texnikaları ilə insanları manipulyasiya edir, aldadır və onlardan kart məlumatlarını götürüb külli miqdarda vəsaitlərini mənimsəyirlər. Bunun qarşısını almaq üçün insanların informasiya təhlükəsizliyi barədə məlumatlı olması lazımdır. Bank tərəfində zəng gəldikdə həqiqətən bank əməkdaşı olub-olmadığını öyrənmək lazımdır, naməlum mənbələrdən proqram təminatını yükləməmək tövsiyə olunmur, çünki həmin təminat proqramları bizim telefonumuzda yüklü olanda bütün məlumatlar ələ keçirilə bilər. Sosial şəbəkə hesablarına, e-mail adresinə müxtəlif keçidlər (linklər) göndərildikdə onlara daxil olmaq olmaz. Daxil olduqda telefona virus düşə bilər və bu virus bütün məlumatlarımızı ələ keçirə bilər. Bundan əlavə naməlum ticarət saytından alış-veriş etdikdə ora kart məlumatlarını yazdıqdan sonra bank hesabınızdan külli miqdarda vəsait oğurlana bilər. İlk növbədə bank tətbiqində “3D Secure” xidmətini aktivləşdirmək, əməkhaqqı kartındakı istifadə limitini aşağı salmaq lazımdır. Məsələn, əməkhaqqımız 2000 manat təşkil edirsə, aylıq limiti 200-300 manata salmaq yaxşıdır.

Ümumiyyətlə internetdə alış-veriş edərkən çox diqqətli olmaq lazımdır. Həmçinin, müxtəlif sosial mühəndislik texnikaları – fişinq, smişinq, vişinq var. Zəng vasitəsilə bizdən bank məlumatlarımızı ala bilərlər, SMS vasitəsilə müxtəlif linklər göndərərək vəsaitləri mənimsəyə bilərlər”.

DİN-in Mətbuat xidmətinin sözçüsü Nurlan Əliyev  bildirib ki, vətəndaşlar heç kimlə, hətta ən yaxın tanışları, qohumları ilə  belə kart məlumatlarını paylaşmamalıdır. Pul göndərən şəxsə kartın 16 rəqəmli PAN nömrəsini yazmaq kifayət edir:

“Vətəndaşları aldatmaq üçün üsullar müxtəlifdir, hər dəfə müxtəlif  “yeniliklər” tətbiq olunur. Dələduzlar hər dəfə müxtəlif üsullarla vətəndaşların şəxsi məlumatlarını əldə edirlər. Vətəndaşlar bilməlidir ki, özlərinə aid olan bank kartı məlumatlarını ikinci bir şəxsə ötürmək olmaz. Hətta bu bank əməkdaşı olsa belə, məlumatları demək olmaz. Çünki özlərini bank əməkdaşı kimi qeyd edənlər var. Bundan başqa vətəndaşlara şirnikləndirici vədlər verənlər var. Onlar daha çox pul verəcəkləri, müxtəlif üstünlüklər verəcəklərini iddia edirlər. Vətəndaşlar sosial şəbəkələrdən göndərilən mesajlardan, xarici nömrələrdən gələn zənglərdən, “WhatsApp” mesajlarından ehtiyyatlı olmalıdırlar, tanımadıqları şəxslərə, etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməməlidirlər. Bilmək lazımdır ki, dələduzlar hər dəfə bir addım öndə olurlar. Vətəndaş buna hazır olmur, amma ona zəng edən dələduz hazırlaşıb zəng vurur.  Onlar sosial şəbəkələr üzərindən vətəndaşı öyrənirlər, onun şəxsi məlumatlarını əldə edirlər və zəng vuranda elə danışırlar ki, sanki illərdir onu tanıyırlar. Çünki bu komanda işidir, bir dələduzluq üzərində kompleks şəkildə işlənilir. Belə olan halda, vətəndaş onlara inanır və etibar edib məlumatlarının digərini də verir. Heç bir halda birmənalı olaraq bank kartı məlumatını ikinci şəxsə vermək olmaz. Kartın 16 rəqəmli şifrəsi kifayət edir ki, sizə vəsait göndərilsin, bundan əlavə kimsə sizdən məlumat istəyirsə, bilin ki, dələduzluğa tam şəkildə zəmin yaradılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh