Xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib

Hadisə 19 Mart 2025 23:55 Oxunub 282
Xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
|

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin bundan öncəki iclaslarda verdikləri vəsatət təmin edildiyi elan olunub və təqsirləndirilən şəxslərin telefon əhatə dairəsi ilə bağlı məlumatlar götürülüb.

Şahid qismində ifadə verən Füzuli Rəhimov bildirib ki, o, Nuridə Seyidovanın sürücüsü olaraq çalışıb və təqsirləndirilən şəxsləri tanıyır. Füzuli Rəhimov ona verilən pulları çatdırdığını, valyuta dəyişməsi ilə məşğul olmadığını deyib: “Bir dəfə Aysel xanımdan 7500, bir dəfə də 23 min dollar alıb Nuridə xanıma çatdırmışam”.

Aysel Məmmədova şahidin ifadəsini təsdiqləyərək bildirib ki, 7500 dollar zərərçəkən Lamiyənin, 23 min isə digər zərərçəkən Kamilin pulu olub.

Zərərçəkən Kamil bildirib ki, ona 23 min dolları Aysel Məmmədovaya verməsi göstərişini Gömrük Xəstəxanasında olarkən Mircəlal doktor verib. Aysel Məmmədova həmin pulu şahid F. Rəhimova verib ki, Nuridə Seyidova çatdırsın.

Nuridə Seyidova pulu aldığını təsdiq edib: "Həmin pulu alıb şirkətin siyahısında növbədə olan digər xəstənin adına Türkiyəyə çatdırmışam. Məndə çekləri də var".

Digər şahid, fiziki qüsurlu şəxs olan Toğrul Kərimov ifadəsində qeyd edib ki, iş axtararkən təqsirləndirilənlərlə tanış olub: "İş elanı vermişdim. Nuridə Seyidova zəng edib iş təklif etdi. Rəsmi olmayan işdə 400 manata çalışırdım. İşim telefonlara cavab vermək olub. Mən xəstəxanalarla danışır, onların adını sayta saldırmağa çalışırdım. Mənə verilən və göndərilən pulları isə kartımdan çıxarıb, Nuridə Seyidovaya vermişəm. Bəzən ölkə xaricinə də pul göndərmişəm”.

Hakim Azad Məcidov bildirib ki, şahid pullara görə məsuliyyətə cəlb oluna bilərdi: "Çünki pulları sən almısan, həm də dollar şəklində almısan. Bu özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır. Nuridə də deyir ki, pulu ona verməmisən, kassaya da daxil etməmisən. Ümumiyyətlə, dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı məsuliyyət təşkil edir".

Şahid bildirib ki, pulları ona verilən tapşırıq əsasında dollar şəklində alıb, Nuridə Seyidovaya çatdırıb. Onun vəzifə səlahiyyətlərində pullarla bağlı işlərə qarışmaq olmayıb.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh