Banner

Avropaya vizasız gedə biləcəyik? – Azərbaycan üçün yeni imkan

Xəbərlər 27 Noyabr 2026 13:30
Avropaya vizasız gedə biləcəyik? – Azərbaycan üçün yeni imkan
WhatsApp kanalımıza abunə olun

Məlum olduğu kimi, Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq niyyətindədir.
Avtosfer.az AzPolitika-ya istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir. O qeyd edib ki, müzakirələr hələ ilkin mərhələdə olsa da, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yaratmaq, insanlar arasında təmasları genişləndirmək və qarşılıqlı anlaşmanı gücləndirmək imkanlarını nəzərdən keçirə bilər.

Budris, həmçinin Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini xatırladaraq, Vilnüsün Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini də nəzərdən keçirə bilərlər.

Litvanın bu açıqlaması Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərləri ilə bağlı viza məsələsini yenidən gündəmə gətirib. Xüsusilə, viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfər edə bilməsi perspektivi də müzakirə mövzusu ola bilər.

Bəs Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri nə dərəcədə realdır?

İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, viza rejiminin sadələşdirilməsi qarşılıqlı xarakter daşımalıdır. Onun sözlərinə görə, Azərbaycan da Avropa İttifaqı vətəndaşları, o cümlədən Litva vətəndaşları üçün viza prosedurlarını asanlaşdıra bilər.

Ekspert xatırladıb ki, Azərbaycan xarici vətəndaşlar üçün elektron viza sistemini tətbiq etməklə bu istiqamətdə artıq müəyyən addımlar atıb: "Eyni yanaşmanın Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri zamanı da tətbiqi mümkündür. Litva ikitərəfli qaydada, öz səfirliyi vasitəsilə Şengen vizasının alınması prosedurunu sadələşdirə və asanlaşdıra bilər. Lakin daha geniş nəticə əldə etmək üçün Şengen zonasına daxil olan ölkələrlə ayrı-ayrılıqda və ya bütövlükdə Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinə dair razılaşmaların əldə olunması məqsədəuyğun olardı. Bu, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərlərini xeyli asanlaşdıra bilər".

Oxunub : 180
ŞƏRH YAZ
Ad

E-mail

Şərh